"Beş il ərzində klub daha çox şey qazandırıb"
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi "Avro-2016"nın seçmə mərhələsində evdə Ermənistanı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, həmin görüşdə 90 dəqiqə meydanda olan Aqolli "azerisport.az"a müsahibəsində qələbəni "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və xocalılara həsr etdiyini bildirib.
- "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Ermənistan üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Bu, çox vacib oyun idi. Əsas rəqiblərimizdən biri ilə qarşılaşırdıq. Matça elə də yaxşı başlamadıq. Amma tədricən oyuna nəzarəti ələ keçirdik. İkinci hissədə isə əsl xarakter nümayiş etdirdik. Fikrimcə, qələbəni ürəyimizlə qazandıq.
- Ermənilər necə təsir bağışladılar?
- Ermənistan yığması çox təhlükəli rəqibdir. Xüsusilə də əks-hücumlarda. Amma biz bundan xəbərdar idik. Oyunlarını izləmişdik. Bizə doğrudan da çətin oldu. Artıq üçüncü dəqiqədə qol buraxmağımız işimizi daha da çətinləşdirmişdi. Buna baxmayaraq, biz sonadək qələbə qazanacağımıza inanırdıq. Əvvəldən axıradək oyuna nəzarət əlimizdə idi. Bunu matçın statistikası da təsdiqləyir.
- Sizi Azərbaycandan təbrik edənlər oldu?
- Azərbaycanlılardan həddən artıq təbrik məktubları aldım. Onlara bu cür dəstəyə görə təşəkkürümü bildirirəm.
- Klubunuzdan buna görə mükafat almamısınız?
- Mən bu qələbəni ilk növbədə Qurban Qurbanova həsr etmək istərdim. Çünki o, məni "Qarabağ"da görmək istədi və artıq beş ildir ki, bu klubda çıxış edirəm. Elə təkcə onun sözləri ermənilərlə oyunda mənim üçün çox böyük motivasiya oldu. Mən bu sevincimi eyni zamanda Qarabağdan olan hər kəslə bölüşmək istərdim. Xüsusilə də xocalılarla. Ümid edirəm ki, bu qələbə onlara az da olsa, sevinc gətirdi. Bunu pulla ölçmək mümkün deyil. Beş il ərzində klub daha çox şey qazandırıb, nəinki pul. Amma yenə də mənə mükafat ayırsalar, imtina etmərəm (gülür).
- "Qarabağ"ın sizə qələbə müqabilində mükafat ayıracağı barədə Albaniyada dedikləriniz klubda necə qarşılandı?
- Normal və sakit. Albaniyada Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən yaxşı xəbərdardırlar. Mənim oynadığım klub barədə də demək olar ki, hər şeyi bilirlər.
- Komandanız qrup lideri Portuqaliyadan cəmi iki xal geri qalır. Gələcək perspektivi necə qiymətləndirə bilərsiniz?
- Hələ nəsə nəticə çıxarmaq üçün çox tezdir. Qarşıda daha çətin oyunlar olacaq. Əlbəttə, qələbə qazanmağımız gözəldir. Amma bu görüşü unudub, növbəti matçlara köklənməliyik.
saytlarin hazirlanmasi