"Norveçlə oyunda sürpriz edə bilərik"
Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- Azərbaycanda olmaqdan məmnunsunuz?
- Əlbətdə, çox məmnunam. Belə olmasaydı, burda olmazdım.
- Malta üzərində qələbə haqda nə deyə bilərsiniz?
- İlk hissədə çox yaxşı oynadıq. Azərbaycan millisi seçmə mərhələnin ardıcıl dörd oyununda məğlub olmuşdu. Bu durumda qələbə qazanmaq asan deyil. Bu qələbə komandada özünəinamı qaytarmaq baxımından çox əhəmiyyətlidir. Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. İkinci hissədə qələbəni əldən verməkdən qorxduq. Bu da normal haldır. Malta zəif komanda deyil. Xorvatların onlara qarşı necə çətinlik çəkdiklərini hamı gördü. Yaxşı müdafiə olunurlar. Hücum xəttində isə Nigeriya əsilli Alfred Effionq rəqibə çətin anlar yaşada bilir.
- Azərbaycan millisində debüt edən futbolçular ümidlərinizi doğrultdular?
- Bəzi futbolçular məndən öncə yığmada olmayıblar. Onlara şans vermək qərarına gəldim. Həmin oyunçular milliyə dəvət edilməyə layiqdilər. Bu tempdə davam etsək, Norveçlə oyuna hazır olacağıq. İnanıram ki, həmin görüşdə sürpriz edə bilərik.
- Xorvatiya millisi Norveçi asanlıqla məğlub etdi. Bu hesab sizin üçün gözlənilməz olmadı ki?
- Etiraf edirəm ki, Xorvatiyanın belə böyük fərqlə qələbə qazanacağına biraz təəccübləndim. Fikrimcə, bu, obyektiv göstərici deyil. Ancaq Xorvatiya ən güclü komandalardan biridir və onların qələbəsi gözlənilən idi. Xorvatiya millisi favoritlər arasında yer alan komandalardandır.
- "Avro-2016"nın seçmə mərhələsində sentyabrda Xorvatiya yığmasını qəbul edəcəksiniz. İlk oyunda Azərbaycan millisi Xorvatiyaya 0:6 hesabı ilə uduzmuşdu. Yəqin ki, budəfəki matç fərqli olacaq.
- Şübhəsiz ki, Xorvatiya həmin qarşılaşmanın favoritidir. Bu məlumdur. Ancaq əminəm ki, biz rəqibə qarşı bütün gücümüzlə layiqli mübarizə aparacağıq. Onlara Bakıda asan olmayacaq.
saytlarin hazirlanmasi