AFFA-dan ona hansı dəyəri verdilər?
Aslan Kərimovla münasibətimiz pis deyil, normal salam-sağolumuz var. Futbolçu kimi güclü biri olub. Ən azı Azərbaycan səviyyəsində. Yığmanın kapitan sarğısını da daşıyıb. Məşqçi kimi isə hələlik bacarığını görməmişəm. Çünki daha çox köməkçi-məşqçi kimi çalışıb. Köməkçi-məşqçi kimi isə hansısa uğurda pay sahibi olmaq qəliz məsələdir. Kərimovu ötən ilin sonlarından U-15 millisinə baş məşqçi təyin etmişdilər. Baş məşqçi kimi bacarığını ilk dəfə görəcəkdik ki...
Ötən həftə mətbuatdan oxudum ki, istefaya göndəriblər. Düzü, çox təəcübləndim. Birincisi, U-15 Aslanın təyinatından sonra səhv etmirəmsə, heç bir rəsmi oyuna çıxmayıb, heç bir turnirdə iştirak etməyib. Deməli, hər hansı bir nəticəsi də yoxdur. Belə olan halda nə ad qoyub baş məşqçini istefaya göndərirlər? Təyin etmişdilərsə, bir müddət də işləməsi üçün şərait yaradıb vaxt verməliydilər.
İkincisi və ən əsası, Kərimov AFFA-ya çox sadiq insan idi. Elxan Məmmədov bu cür “kadr”ı çətin ki, nə vaxtsa tapa. Hətta millinin ən biabırçı məğlubiyyətləri olanda belə, Kərimov sinəsini qabağa verirdi. Mətbuatda, televiziya verilişlərində hər vəchlə haqlı tənqidlərə sinə gəlməyə çalışırdı. Bu cür kadrı əldən vermək ən azı ağılsızlıqdır. Amma görünən budur ki, AFFA-da yaxşılıq başa düşmürlər.
Kərimovla bir verilişdə ekspert qismində də uzun müddət çıxış etmişik. “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişini nəzərdə tuturam. Yadımdadır, bir dəfə U-21 millimiz 3 gün ərzində keçirdiyi iki oyunda ümumilikdə 1:10 hesabı ilə məğlub olmuşdu. 0:6 ingilislərə, 1:4-də belçikalılara. Özü də biabırçı oyunla. Verilişdə mövzu U-21-ə gəlincə birmənalı şəkildə komandanı sərt tənqid edib, Lippertin qovulmalı olduğunun vacibliyini bildirdim. Aparıcı Emin Abbasov və digər ekspert qonaq da tənqidi fikirlər səsləndirdilər və Lippertli U-21-in biabırçı çıxış etdiyini söylədilər. Ancaq qəribədir ki, Aslan heç kimin edə bilməyəcəyi bir hərəkəti edərək, Lipperti, millini və AFFA-nı müdafiə etdi. Quruyub qalmışdım. Veriliş yayımlanandan sonra nə qədər dost-tanış, futbol mütəxəssisi zəng edərək “o Aslan niyə elə danışırdı, görmür ortadakı biabırçılığı” deyərək narazılığını çatdırmışdı. Başa düşürəm, adam işlədiyi yerin mənafeyini qorumalıdır. Amma qaraya ağ deyəcək səviyyədə də yox. Aslan bir çox halda məhz qaraya ağ deyirdi.
Axırı nə oldu? AFFA-dan ona hansı dəyəri verdilər? İstefasını verib qoydular qapının ağzına. Halbuki, ən biabırçı məqamlarda belə, milli komandanı, onun məşqçilərini, ən əsası federasiya rəbərliyini müdafiə edən birinə daha yaxşı iş verilməli idi.
Bu olay bir daha sübut etdi ki, kimlərəsə görə qaraya ağ demək lazım deyil. Sabah onsuz da qədrin bilinməyəcək. Əksinə, AFFA-ya xoş gəlmək üçün qaraya ağ deyəndə özünü camaatın gözündən salacaqsan. Bunu birdəfəlik dərk etmək lazımdır ki, bu gün futbol mütəxəssislərinin hamısı federasiyaya öz maraqları üçün lazımdır. Başda Məşqçilər Komitəsində yer alanlar olmaqla. Sabah kimin “limit”i bitdi, Aslanla olduğu kimi “yaxşı yol” deyəcəklər.
Anar XANLAROV (“Het-trik news”)
saytlarin hazirlanmasi