Futzal – futbolun kiçik forması. Hamımızın mini-futbol kimi tanıdığımız idman növü. Futzalın yaranma tarixi ötən əsrin 20-ci illərinə təsadüf edir. İlk dəfə braziliyalılar futzalabənzər oyunu icad ediblər. 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatı zamanı Braziliya yığmasının zalda məşqi Avstriya yığmasının rəhbəri Yozef Arqauerin o qədər xoşuna gəlib ki, mundialdan sonra ölkəsində ilk futzal turnirini təşkil edib. Ardınca bu idman növü Avropanın digər ölkələrinə ayaq açıb. Futzal üzrə il çempionat 1968-ci ildə Hollandiyada təşkil edilib. İlk dünya çempionatı isə 1986-cı ildə keçirilib.
Futbol qədər olmasa da, bu gün Azərbaycanda futzala maraq az deyil. Böyük futboldan fərqli olaraq həm klub, həm də yığma səviyyəsində futzalda azacıq uğurlarımız var. Tanınmış futzalçılarımız da az deyil. Yaxın keçmişdə Mahir Eyniyev, Nurəddin Eyniyev, Hacı Abdullazadə, Ağatahir Əzimov və digərləri futzalda ad-san qazananlardandır. Bu gün isə üzdə olanlardan Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimovun adlarını çəkmək olar. Novruz bayramı ərəfəsində Avropa çempionatına vəsiqə verən qrup mərhələsinin oyunlarında komandamızın 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmasında adıçəkilən yerli futbolçuların əməyi az olmadı. Rubrikamızın bu dəfəki qonağı onlardan ən təcrübəlisi, yığmamızın və “Araz Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyevdir. Əvvəl Rizvan haqqında bəzi məlumatlar verim. Daha sonra “Əlifba dərsi”nə başlayarıq.
Fərzəliyev Rizvan Fərrux oğlu 1979-cu il sentyabrın 1-də Bakıda, Biləcəri qəsəbəsində dünyaya gəlib. 1986-96-cı illərdə Biləcəridə yerləşən 2 saylı orta məktəbdə orta təhsil alıb. Rizvan bir çox futbolçulardan fərqli olaraq oxuyan uşaq olub. 9-cu sinifə kimi demək olar ki, bütün fənlərdən “əla” qiymət alıb. Hətta davranışına və qiymətlərinə görə nümunəvi təsir bağışlayan Rizvan sinif nümayəndəsi olub. Düzdür, 10-11-ci siniflərdə futbola görə təhsil bir qədər arxa plana atıb. Amma bu, onun 1997-ci ildə İnşaat-Mühəndisləri Universitetinə daxil olmasına mane çilik törətməyib. 1998-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. 11 ay Lerikdə və 1 il isə Lənkəranda sərhəd qoşunlarında xidmət çəkib. 1999-cu ilin noyabrında vətənə “borcu”nu qaytaran Fərzəliyev bu günə kimi peşəkar futzalla məşğuldur.
Rizvan böyük idmana futbolçu kimi gəlib. Bu gün isə hamımız onu futzalçı kimi tanıyırıq. 1996-cı ildə “Naxçıvan”dan ayrıldıqdan sonra futzala üz tutan Fərzəliyevin ilk klubu “Star LTD” olub. Ardınca NAB-da çıxış edib. Hərbi xidmətdən sonra isə ilk komandası VAT olub. Şirkət komandasında az müddət çıxış edən Rizvan 2000-ci ildə “Azərneftyanacağ”ın baş məşqçisi Hacı Abdulladazədən dəvət alıb. “Azərneftyanacaq” əvvəlki komandalardan fərqlənirdi. Heyətində futzalımızda ad qoymuş Mahir və Nurəddin Eyniyev qardaşları ilə yanaşı bir çox tanınmış futzalçıların yer aldığı komanda Rizvan Fərzəliyev üçün əsl məktəb idi. Bu komanda ilə 2 dəfə çempionluğun bir addımlığında qalıb. İlk mövsümdə “Turan Eyr”lə həlledici oyunda məğlub olan “Azərneytyanacaq” “acığını” kuboku götürməklə çıxıb.
Rizvan “Azərneftyanacaq”dan sonra sıra ilə “Viləş”, “Gömrükçü” və “Terminal” komandalarının şərəfini qoruyub. 2004-cü ildən indiyə kimi yaranmasında Rizvanın da əməyi olan “Araz Naxçıvan”da çıxış edir. “Araz Naxçıvan”da 10 il ardıcıl çempionluq sevinci yaşayıb, 2010-cu ildə Çempionlar Liqasının üçüncüsü olub. Düzdür, arada bir mövsüm “Ekol”da oynayıb. Nə olsun, yenə də “Araz Naxçıvan”a qayıdıb.
Rizvan 2000-ci ildən futzal üzrə yığma komandamızın üzvüdür. On ilə yaxındır ki, yığmanın kapitanıdır. Bundan başqa yığmada ən çox oyun keçirən futzalçıdır. Yığmamızın qazandığı uğurların hər birində, o cümlədən 2010-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında 4-cü yeri tutmasında Rizvanın böyük payı var. Həmsöhbətim 2000-ci ildə 1 mövsüm həm futzalçı, həm də futbolçu olub. “Azərneftyanacaq”da oynadığı vaxt Zaur Ramazanovla birlikdə futbol üzrə milli çempionatın 1-ci dəstəsində çıxış edən OİK-də oynayıb. Həmin vaxt Zaur böyük futbolda qalıb. Rizvan isə...
Heç, həmsöhbətimin futbola gəlişindən danışmadım. Rizvan futbolda ilk addımlarını 2-ci sinifdə oxuyarkən atıb. Böyük qardaşı Fuadın köməkliyi ilə əvvəlcə Biləcəridəki futbol məktəblərinin birində məşqlərə başlayıb. Daha sonra “Spartak” stadionunda məşq keçən Fazil Abbasovun qrupuna yazılıb. Peşəkar futbolçu olan Fuad 1993-cü ildə qardaşını rəhmətlik Hüseyn İsmayılovun yanına gətirib. İstedadı və bacarığı sayəsində ilk gündən əsas heyətə düşən Rizvan komandanın kapitanı seçilib.
A – “Araz Naxçıvan”. Özündən demək olmasın, “Araz Naxçıvan”ın yaranmasının təşəbbüskarı mən olmuşam. 2004-cü il idi, “Terminal”da oynayırdım. Komandada maliyyə baxımından problemlər var idi. Məcbur olub Zaur Axundova müraciət etdim. Hazır komandanın, idman ləvazimatlarının olduğunu və maliiyə yardımına ehtiyac duyduğumuzu söylədim. Sağ olsun, sözümü yerə salmadı. Beləcə, “Araz Naxçıvan” yarandı. İlk mövsümdəcə çempion olduq və həmin çempionluğu 10 ildi əldən vermirik. Avropa səhnəsində də bir çox uğurlar qazandıq. “Araz Naxçıvan”ın yaranması ilə futzalımıza yeni bir nəfəs gəldi.
B – Biləcəri. Doğulub, boya-başa çatdığım, indi də yaşadığım doğma yerdir. Biləcəridə hamı məni tanıyır, mən də hamını tanıyıram. Dünyanın hansı yerinə getsəm, Biləcərinin əvəzini verə bilməz. Uşaqlıq xatirələrim, pis-yaxşı günlərim, dostlarım, qohumlarım... hamısı Biləcəri ilə bağlıdır.
C – Cəza. 2012-ci ildə Serbiya ilə qarşılaşırdıq. Gərgin oyun keçdi. 8:9 hesabı ilə məğlub olduq. Oyunboyu bir neçə dəfə hakim qərəzliyi ilə üzləşdik. Matçdan sonra Zaur Axundov hakimlərə iradını bildirirdi. Mən də kapitan kimi onlarla görüşüb zalı tərk etmək istəyirdim. Birdən gördüm ki, UEFA-nın əməkdaşı olan bir nəfər Zaur müəllimin şəklini çəkir. Guya o, hakimlərə təzyiq göstərir. Mənə pis təsir elədi, istəmədim Zaur müəllim haqqında pis fikir formalaşsın. UEFA nümayəndəsinin qarşısını kəsib şəkil çəkməyinə imkan vermədim. Sonradan matçın protokolunda ona fiziki təsir göstərdiyim barədə qeyd etmişdi. Mənə 10 oyunluq cəza verəcəkdilər. AFFA-nın baş katibi Elxan Məmmədovun işə qarışmasından və videogörüntülər izləndikdən sonra UEFA nümayəndəsinin işinə müdaxilə etdiyimə görə 3 oyunluq cəza aldım. Rusiya ilə dünya çempionatına vəsiqə verən pley-off oyunlarını və Slovakiyada Avropa çempionatının qrup mərhələsinin Norveçə qarşı ilk matçı buraxmalı oldum.
Karyeram ərzində cəmi 1 dəfə qırmızı vərəqə almışam. “Neftçi” ilə oyunun gedişində qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalanmışdım. Bir qədər sonra qol vurdum və istəmədən reklam lövhəsinin üstünə çıxdım. Hərəkətim hakimin xoşuna gəlmədi, 2-ci “sarı” ilə meydanda qovdu.
Ç – Çempionluq. “Araz Naxçıvan”a kimi 2 dəfə çempionluğa yaxın olmuşam. Hər 2 halda “qızıl” son anda əldən çıxıb. Amma 2 dəfə kuboku götürmüşük. “Araz Naxçıvan” yaranandan bu yana hər il birinci oluruq. İstər birinci olsun, istərsə də sonuncu, çempionluqların hamısı mənə əzizdir. Medalları da saxlayıram. Yox, qızıldan deyil. Amma qızıldan qat-qat qiymətlidir. Mükafata gəlincə, ilk dəfə çempion olanda 300 dollar mükafat almışdıq. Gülməlidi? (gülür).
Bu il birinci yeri tutmaq çətin olacaq. Biz cavanlara üstünlük verdik, əsas rəqiblərimiz “Xəzər adaları” və “Fənərbaxça” isə legionerlərlə gücləndilər. Yenə də onlarla başabaş mübarizə aparırıq. Tələsməyək, mövsümün sonunu gözləyək.
D – Dünya çempionatı. 2006-cı ildə Almaniyadakı dünya çempionatını izləmək qimətim olub. Həmin il “Hyundai” şirkəti Azərbaycanda birincilik keçirdi və 1-ci yeri tutduq. Moskvada keçirilən turnirə yollandıq. Orada da turniri qalib kimi başa vurduq və mundial keçirilən vaxt Almaniyada təşkil olunan “Hyundai”ın dünya çempionatına qatıldıq. Almaniyada 3-cü yeri tutduğumuza görə təşkilatçılar mundialın oyunlarından birini izləmək üçün bizə pulsuz bilet verdilər. Bəxtimizdən həmin oyun Fransa – Braziliya (1:0) qarşılaşması oldu. Ronaldinyonun, Zidanın, Anrinin oyununu canlı izlədiyimizə görə sevinməyə dəyərdi. Anrinin vurduğu qol indiyə kimi yadımdadır. Əla atmosfer var idi. İndiyə kimi müxtəlif turnirlər çərçivəsində keçirilən çox oyunları canlı izləmişəm. Dünya çempionatının oyunlarının dadı başqadı.
E – Evlilik. Həyat yoldaşımı özüm seçmişəm. 2008-ci il noyabrın 5-də “Üzeyir” şadlıq evində toyum olub. 2009-cu il avqustan 30-da isə oğlum dünyaya gəlib. Ayxan, 2 gün sonra 30 yaşını qeyd edəcək Rizvan üçün o vaxt əsl yubiley hədiyyəsi oldu. Futbolçu ya futzalçı olacağını indidən demək çətindir. Əlbəttə, istərdim ki, yolumu davam etdirsin. Amma bir valideyn kimi övladımın yaxşı təhsil almasının tərəfdarıyam.
Ə – Əvəzlənmə. Futzalda 2-3 dəqiqə əvəzlənmədən oynamaq üçün fiziki hazırlığın elə səviyyədə olmalıdır ki, davam gətirə biləsən. 3-4 dəfə dalbadal sürət yığmaq hər adamın işi deyil. Dəfələrlə olub ki, oyunçu 1 dəqiqədən sonra tempə davam gətirməyərək əvəzlənməsini istəyib. Özümə gəlincə, hazırki fiziki durumumdan narazı deyiləm. 4-5 il əvvəl lap yaxşı formada idim. Elə oyun olub ki, 40 dəqiqənin 38-ni meydanda geçirmişəm. Yadıma düşdü, 2009-cu ildə Portuqaliya ilə 1:1 hesabı ilə başa çatan oyun idi. Cəmi 2 dəqiqə dincəlmişdim. Amma futzalda hər şeyi təkcə fiziki hazırlıq həll etmir. Gərək texniki və taktiki cəhətdən də hazırlıqlı olasan. Bir də futbolda olduğu kimi bəxt amili. Belçikada keçirilən son Avropa çempionatında İtaliyaya 0:7 hesablı məğlubiyyət zamanı bəxtimiz gətirmədi. Düzü, həmin məğlubiyyətə görə çox utandım. Yığmanın adına ləkə, karyeramda isə ən pis oyun idi...
F – Futzal. Futzal əsl kişi oyunudur? Müəyyən mənada bu fikirlə razıyam. Diqqət yetirin, qadınlar futzal oynamırlar. Məncə, həmin sözləri təkcə buna görə demirlər. Futzalda təmiz vaxt amili əsas rol oynayır. Bundan başqa simulyasiyaya, qayda pozuntularına, kobudluğa az rast gəlinir. Təəssüf ki, futzal olimpiya idman növü deyil. Əgər olimpiadının proqramına salınsaydı, daha da populyar olardı. Futbolda olduğu kimi bu gün dünyada ən güclü futzalçılar Braziliyada yetişir. Dünyanın ən güclü millisi də məhz Braziliyadadır. Avropada isə ispanları ən güclü hesab edirəm.
“Barselona” qalib gələr, ya bizim futzal millisi? Əlbəttə, “Barselona”. Messi, İnyesta, Xavi... əksəriyyəti futzalla məşğul olub. Texnikalarına, fiziki durumlarına da söz ola bilməz.
G – Gömrükçü. 2002-ci ildə “Viləş” dağıldı və komandasız qaldım. Həmin vaxt “Gömrükçü” yeni yaranmışdı. Komandanı Şamil Hüseynov və İlqar Aslanov çalışdırırdı. Dəvət elədilər. Şərtlər məni qane etdi və “gömrükçü” oldum. Komanda çempionluğa oynayırdı. Heyətimizdə də xeyli təcrübəli futzalçılar var idi. Natiq Məmmədkərimov, Allahverdi Babayev. Həmin vaxt futbolda durğunluq dövrü olduğundan bəzi təcrübəli futbolçular futzala üz tutmuşdular. Bizdə də elə futbolçular var idi. Məsələn, Mirbağır İsayevin adını çəkə bilərəm. Təəssüf ki, həmin mövsüm çempion ola bilmədik. “Tribut” bizi qabaqladı. Çempionatın “heyf”ini kubokla çıxdıq. Bəlkə də çempion ola bilməməsi üzündən “Gömrükçü” mövsüm başa çatandan sonra dağıldı. Yerinə “Terminal” yaradılsa da, “Gömrükçü”nün əvəzini verə bilmədi.
H – Hüseyn İsmayılov. Hüseyn müəllim həm qonşumuz, həm də uzaq qohumumuz idi. Uşaq futbolundan peşəkar futbola onun sayəsinə keçmişəm. Üstümdə haqqı çoxdu. Onun barədə pis fikirdə olanlar, “xəstə” adlandıranlar çox idi. Doğrudan da, “xəstə” idi. Amma “futbol xəstə”si. Güclü seleksiya qabiliyyəti var idi. Məktəbləri gəzir, qapı-qapı düşüb istedadlı uşaqları axtarırdı. “Naxçıvan”da oynayanda komandanın maliyyə vəziyyəti pis idi. Uşaqlar səfər oyunlarına “pirojki” yeyib çıxırdılar. Forma, top qıtlığı var idi. Çətinliklərə baxmayaraq, komandanın hansısa üzvünün hansısa oyuna həvəssiz çıxdığının şahidi olmamışam. Məşqçilikdən əlavə, həm də güclü psixoloq idi. Onun rəhbərliyi altında bir neçə il oynadım. Hüseyn müəllimdən çox şey öyrəndim. Heyf ki, dünyasını tez dəyişdi. Yaşasaydı, futbolumuza daha çox xeyir verərdi.
X – Xatirə. Uşaqlığımla bağlı bir xatirə danışım. Haradasa 10-11 yaşım olardı. Kəndimizdə mal otarırdıq. Heyvanın biri sürüdən ayrılıb qaçdı. Mən də bibimoğlu ilə inəyi qaytarmaq üçün xeyli yol getməli oldum. Geri dönəndə aclıqdan və yorğunluqdan halım qalmamışdı. Bir yandan da isti hava. Ağlamağa başladım. Bibimoğlu məndən 5 yaş böyük idi. Sakitləşmədiyimi görüb qonşunun eşşəyini gətirdi. Kəndə mən eşşəyin belində, bibioğlu isə piyada qayıtdıq.
İ – İbadət. 2002-ci “Gömrükçü”nün heyətində Nabrana təlim-məşq toplanışına getmişdik. Komandamızda ibadət edən uşaqlar çox idi. Nabran toplanışı həyatımda dönüş nöqtəsi oldu. Ona kimi bir neçə dəfə namaza gəlmək istəmişdim, ancaq özümdə cürət tapa bilməmşdim. Məşqçimiz İlqar Aslanovun köməkliyi ilə Nabranda ilk dəfə namaz qıldım. O vaxtdan namazdan qalmamışam. Dinimizin vacib buyurduğu digər əməllərə də riayət edirəm. Bircə Həcc ziyarətinə getmək qalıb. İnşaallah, tezliklə Həccə də gedəcəm.
J – Joze Alesio. Alesio ilə təxminən 6 il birgə çalışmışam. Əvvəl “Araz”da, daha sonra isə paralel olaraq yığmada bir yerdə olmuşuq. İnsani keyfiyyətlərinə görə çoxlarının ondan xoşu gəlmirdi. Amma məşqçi kimi çox bacarıqlı, çox güclü idi. Düzünü deyim, istər taktiki, istərsə də fiziki hazırlıq baxımından həmişə onun işindən heyrətlənmişəm. Hər iki komandanın uğur qazanmasında Alesionun böyük əməyi var idi. Məhz onun rəhbərliyi altında “Araz Naxçıvan” Çempionlar Liqasında 3-cü, yığmamız isə Avropa çempionatında 4-cü yerə çıxdı.
Bayaq qeyd etdim ki, onu xoşlamayanlar çox idi. Səbəb kimi onun çılğınlığını və səbirsizliyini göstərə bilərəm. Adi bir səhvə görə futzalçıya sərt formada irad bildirirdi. Kimin xoşuna gələr ki, məşqçi boş yerə üstünə qışqırsın? Bu, onun tələbkarlığından və məsuliyyətdən irəli gəlirdi, amma bəzilərinin ruhdan düşməsinə gətirib çıxarırdı, uşaqlarda “mandraj” yaradırdı. Arada mənə görə də hirslənirdi. Həmişə iradlarını təbii qəbul edirdim. Çalışırdım heç vaxt sözünün qarşısında söz deməyim. Alesionun dövründə həm komandada, həm də yığmada əsas heyətdə oynamışam, kapitan olmuşam. Deməli, etimadını doğrultmuşdum.
Meydanda onun üzünü görməyəydin. Meydandan kənarda isə... Uşaqlarla rus dilində ünsiyyət qurmağa çalışırdı. Fikrini izah edə bilməyəndə dili topuq vururdu, ümidini müxtəlif jestlərə, əl-qol hərəkətlərinə bağlayırdı. Bu da onda çox pis alınırdı, ətrafdakıların gülüşünə səbəb olurdu.
K – Kapitanlıq. Böyük məsuliyyət tələb edir. Hər futzalçıya kapitanlıq həvalə olunmur. Gərək nümunəvi olasan. Oyunçu kimi də kapitanlığa layiq olmalısan. Ehtiyatda oturub sarğını qoluna taxmağın nə mənası var?
İlk dəfə “Naxçıvan”da oynayanda kapitan sarğısını taxmışam. Futzalda 2004-cü ildə “Araz Naxçıvan”ın kapitanı olmuşam. Yığmada isə haradasa 2006-2007-ci illər olardı. Mənə kimi yaşca böyük futzalçılar yığmanın kapitanı idi. Onlar dura-dura mənim kapitan seçilməyim düzgün olmazdı. Söhbət Mahir Eyniyevdən, Ağatahir Əzimovdan gedir. Yəni, komandada “böyük-kiçik” söhbəti var idi. Məhz onların gedişindən sonra kapitanlıq mənə həvalə olundu.
Q – Qardaş. Böyük qardaşım Fuad 1974-cü ildə anadan olub. Rüfət isə məndən 1 yaş böyükdü. Fuadla aramızda pərdə var. Rüfətlə isə dost, yoldaş kimiyik. Həyatda Fuaddan çox nümunə götürmüşəm. Futbola və futzala gəlməyimdə hamıdan çox o əziyyət çəkib. Fuad da futbolçu olub. Həm futbolda, həm də futzalda bir neçə komandada oynayıb. Rüfətin isə karyerası o qədər də uğurlu alınmayıb. Qardaşlarımdan həmişə razı olmuşam. İndiki səviyyəyə çatmağımda onların rolu böyükdür və həmişə göstərdikləri dəstəyə görə onlara ömrümün sonuna kimi borclu olacam.
L – Legioner. Serjio və Biro Jadenin adlarını birinci çəkməliyəm. İndiyə kimi Azərbaycanda oynayan ən güclü legioner futzalçılar olub. Biro kimi texnikalı futzalçıya rast gəlməmişəm. Təkbətək mübarizədə rəqibi keçmək onun üçün su içmək kimi bir şey idi. Serjio isə fiziki cəhətdən çox güclüydü. 110 kilo çəkisi var idi. Buna baxmayaraq, fantastik oyun nümayiş etdirirdi. 8 il Rusiya çempionatında çıxış etmişdi, 2 il bombardir olmuşdu. Özü də 110 kilo çəki ilə (gülür).
Serjio il həmyaşıd olduğumdan zarafatımız tuturdu. Cüssəsinə, tüklü bədəninə və üz ifadələrinə görə “Kinq-konq”a bənzəyirdi. Uşaqlar da zarafatla onu “Kinq-konq” deyə çağırırdılar. “Araz Naxçıvan”da və yığmada qazandığımız uğurları Serjio və Biro ilə bir yerdə qazanmışdıq. Gərək Tyaqo və Felipeni də yaddan çıxarmayım. Onlar da yaxşı futzalçılar idi.
M – Müəllim. Həyat müəllimimim qardaşım Fuaddı. Orta məktəbdə ilk müəllimin Səmayə xanım və Şəfayət xanım, futbolda Fazil Abbasov. Hüseyn İsmayılov haqqında da fikirlərimi bildirdim. Futzalda Hacı Abdullazadəni ilk müəllimim hesab edirəm. Futboldan futzala gələndə ilk vaxtlar nəyi necə etməyi o mənə öyrədib. Bir də Alesionu yaddan çıxarmayım. Ondan da çox şey öyrənmişəm.
N – “Naxçıvan”. Futbolda ilk komandam olub. Hüseyn müəllimin 15-16 yaşlı futbolçulardan yaratdığı “Naxçıvan” 1-ci dəstədə mübarizə aparırdı. Pis də çıxış etmirdik. Hətta 1995-ci ildə kubok oyununda güclü “Bakı fəhləsi”ni məğlub etmişdik. Yalnız səfər qolu sayəsində “Bakı fəhləsi” növbəti mərhələyə keçdi... “Naxçıvan” futbolumuza Samir Əliyev, Samir Musayev, Fərrux İsmayılov və başqalarını bəxş etdi.
O – Ordubad. Əslimiz Ordubadın Tivi kəndindəndir. Atam Ordubadda böyüyüb, boya-başa çatıb. Əsgərlikdən qayıtdıqdan sonra Bakıda qalıb. Tividə qohum-əqrabamız çoxdu. Doğrudur, dolanışıqla bağlı əksəriyyət şəhərə axışıb. Amma orada qalanlar da az deyil.
Sonuncu dəfə Ordubadda böyük qardaşım Fuadın toyunda olmuşam. O vaxtdan rayonumuza getmək imkanı olmayıb. Futzal imkan verir ki... Uşaq vaxtı hər il kəndə gedərdik. Çox vaxt qatarla. Dəmiryolu Mehridən keçirdi. Ermənilərin vaqonlara daş atdığı indiyə kimi yadımdadı. Uzun tunel var idi, qatar oradan çıxanda “daşlama” başlayırdı. Həyəcanlanırdım, bilmirdim nəyə görə daş atırlar. Tivi ucqar dağ kəndidi. Yolları da çox təhlükəlidi. Ağsu “perevalı” o yolların yanında toya getməlidi. Kəndimizin camaatı əkinçilik və maldarlıqla məşğul olur. Biz də babamgilə kömək edirdik, əsasən mal otarırdıq.
Ö – Ölkə. Getmədiyim ölkələrin adlarını daha rayat saya bilərəm, nəinki, getdiklərimi. Ən yaddaqalan ölkə Macarıstandı. Axı, Avropa çempionatında 4-cü yeri Macarıstanda tutmuşduq. Çox istərdim ki, İngiltərədə olum. Maraqlıdır ki, İngiltərəni təmsil edən “Baku Yunayted”in heyətinə icarə əsasında oynamışam. Amma İngiltərəni görməmişəm. Çempionlar Liqasına İspaniyada hazırlaşdıq, oyunlar isə Kiprdə keçirildi. Gördüyüm ölkələrdən ən çox xoşuma gələni Latviyadı. Hər yer yaşıllıqdı, insanları gülərüzdü, dolanışıq və rahat yaşayış üçün elə də böyük pul tələb olunmur...
P – Prezident. Zaur müəllimlə ilk tanışlığım 2000-01-ci illərə təsadüf edir. Tez-tez futzal oyunlarına baxmağa gəlirdi. 2004-cü ildə “Araz Naxçıvan”ı yaratmasından sonra futzala yeni bir nəfəs gəldi. Komandaya legioner axını başladı, maliyyə ayrıldı. Bu da futzalımızın inkişafı üçün atılan vacib addımlardan biri idi. Onun Futzal Federasiyasına prezident seçilməsindən sonra isə yığmanın oyununda da irəliləyişlər hiss olundu. Respublikada futzalın inkişafında Zaur müəllimin rolu danılmazdı. İşində çox tələbkardı. Adi həyatda dost, qardaş, səfərlərdə isə əsl yol yoldaşıdı. Yəni, 2 fərqli Zaur Axundov tanıyıram. Biri rəhbər Zaur Axundovdu, digəri isə böyük qardaş.
R – Rizvan. Adımı atam qoyub. Ərəb mənşəlidi. Mələklərdən birinin adıdır. Adımdan xoşum gəlir. Heç vaxt ağlımdan keçməyib ki, kaş mənə başqa ad qoyardılar.
S – Sentyabr. “Bilik günü”ndə anadan olmuşam. SSRİ dövründə dərslər sentyabrın 1-i başlayırdı. Sonradan ayın 15-ə keçirdilər. Ailəmizdə ad günləri xüsusi təmtəraqla keçirilirdi. 2-3 gün əvvəl bilirdik ki, kimlər qonaq gələcək. Hədiyyələr də az olmurdu. Ad günümdə ilk dəfə məktəbə getdiyimi də yaxşı xatırlayıram. Düşünürdüm ki, hədiyyə verəcəklər (gülür). Uşaq vaxtı sentyabrı səbirsizliklə gözləyirdim. Əsas da hədiyyələrə görə. Ən yaddaqalan hədiyyəm bibimin bağışladığı maşın və dayımın verdiyi velosipeddi. Bir dəfə də başısınıq ayı bağışlamışdılar. Yaşa dolduqca sentyabr gələndə təsirlənirəm. Çünki yaşın üstünə yaş gəlir. Deməli, ömür də, futbol həyatı da qısalır.
Ş – Şıltaqlıq. Şıltaq yox, dəcəl uşaq olmuşam. O qədər dalaşmışam ki. Bütün günümüz dava-dalaşla keçirdi. Nə vaxt baxsan üst-başım çırılmış, üz-gözüm şişmiş vəziyyətdə olurdu. Yaşlaşdıqca xasiyyətim dəyişdi. İndi hamı məni sakit təbiətli biri kimi tanıyır. Həqiqətən belədi. Həmişə mübahisədən, dava-dalaşdan uzaq olmağa çalışmışam. Heç kimə kin saxlamıram, düşmənçilikdən uzağam. Amma meydanda tamam fərqli Rizvan oluram. Elə bil uşaqlığım geri qayıdır. Emosiyamı gizlədə bilmirəm... ...Hərdən televiziyada bir kadr göstərirlər, orada qol sevincimi bölüşürəm. Bu, 2010-cu ildə keçirilən Avropa çempionatında baş vermişdi. Ukrayna ilə 1/4 finalda oynayırdıq. Əsas və əlavə vaxt heç-heç başa çatmışdı. Penaltilər seriyasında sonuncu zərbəni mən vurdum və komandamız yarımfinala yüksəldi. Təəssüf ki, yarımfinalda Portuqaliyaya penaltilər seriyasından sonra məğlub olduq. 3-cü yer uğrunda isə qrupda 6:1 hesabı ilə məğlub etdiyimiz Çexiyaya 1 top fərqi ilə uduzub 4-cü yeri tutduq. Bir balaca bəxtimiz gətirmədi.
T – Təhsil. Orta məktəbi bitirdikdən sonra sənədlərimi Bədən Tərbiyəsi İnstitutuna vermişdim. Bildiyiniz kimi ora daxil olmaq üçün test imtahanlarından əvvəl bacarıq imtiahanı da vermək lazımdır. İmtahan günü məktəbi qurtarmağımız münasibətilə sinif uşaqları banket təşkil etmişdilər. Başım yeyib-içməyə qarışdığından imtahan günü olduğunu unutmuşdum, imtahanda iştirak edə bilməmişdim. Səhlənkarlıq etmişdim. Əlacsız qalıb sənədləri 1-ci qrupa verdim. Hazırlıqsız-filansız xeyli bal yığdım. Bir sözlə, universitetə öz biliyimlə daxil olmuşdum. Özü də ən prestijli fakultələrdən hesab olunan “Yol inşaat”a. Təəssüf ki, axıra kimi oxumadım. 1998-ci ilin yanvarında könüllü olaraq hərbi xidmətə yollandım. Halbuki, 4 il vaxtım var idi. Təhsilimi davam etdirsəydim, hərbi xidmətə universiteti bitirdikdən sonra yollanmalı idim. Bu da haradasa 22 yaşıma təsadüf edəcəkdi. Məcburən futboldan ayrılmalı və karyeramı korlamış olacaqdım. Məhz karyeramı fikirləşərək 18 yaşımda universiteti atıb əsgərliyə getmək qərarına gəldim. Bir ara tələbə olmaq imkanı yaranmışdı, köməklik göstərilməli idi. Nəsə, sonradan səs-soraq çıxmadı. Bu gün ali təhsilimin olmamağına çox təəssüflənirəm. İndən belə tələbə olmaq adama bir az qəribə gəlir. Amma oxumaq heç vaxt gec deyil.
U – Uşaqlıq. Ailədə 4 uşaq olmuşuq – 3 qardaş və 1 bacı. Sonbeşiyəm. Ailəmizdə tək atam işləyirdi. Bununla belə 6 nəfərin dolanışığını təmin edə bilib. Demirəm, bəy balası kimi yaşayırdıq. Amma nədənsə korluq çəkməyə qoymurdu. 9 yaşıma kimi kirayədə yaşamışıq. Sonradan hökumət atama Biləcəridə 5 otaqlı ev verdi. İndiyə kimi həmin evdə qalırıq.
Uşaqlıqda cılız, arıq birisi olmuşam. Özü də çox dəcəl idim. Günümüz futbol oynamaqla, dava-dalaşla keçirdi. Parkda balaca bir stadion var. Biz balaca olanda örtüyü asfaltdan idi. Bütün günü həmin stadionda top qovardıq. Yasamaldan, Binəqədidən komandalar gəlirdi, yarış keçirirdik. Həmişə də 1-ci yeri tuturduq. Komandamız çox güclü idi. Biz – 3 qardaş, Aslan Kərimov, Bəxtiyar Musayev... Həmin stadion indi də qalır, süni örtüklüdü. Hərdən yığışıb uşaqlığımızı yada salırıq.
Hə, bir dəfə də uşaq vaxtı ağır zədə almışdım. Uşaqlarla oynayarkən yıxılıb özümü pis günə qoymuşdum. Diz qapağı 4-5 yerdən sınmışdı. Bir neçə ay gipsdə qaldım. Hətta məni müayinə edən həkim bir daha futbolla məşğul ola bilməmək ehtimalının olduğunu da demişdi. Şükür Allaha, hər şey yaxşı qurtardı.
Ü – Üstünlük. Təbii ki, cavanlardan təcrübə baxımından üstünəm. Ötürmə vermək, oyunu oxumaq, topla rəftar, texnikalı oyun qazanılan təcrübə ilə tədricən daha da mükəmməlləşir. Başqaları yaxşı örütmə verdiyimi deyirlər. Özümə gəlincə, məndən top almaq hələm-hələm iş deyil.
V – Valideyn. Atam Fərrux kişi sürücü olub. Müxtəlif yerlərdə işləyib. Təcili tibbi yardım maşını sürüb, sonra “alabaş” avtobusla pioner lagerinə ərzaq daşıyıb... Bir ara atam ağır əməliyyat keçirmişdi. Onda Fuad əsgərlikdə idi. Bizim də elə bir qazancımız yox idi. Çətinlik çəkdik. Fuad əsgərlikdən qayıdandan sonra vəziyyətimiz düzəldi. Biz də böyümüşdük, evə pul gətirə bilirdik. Həmin əməliyyatdan sonra atamı işləməyə qoymadıq. O vaxtdan həyətyanı sahədə başını bağbanlıqla qatır. Bir də 6 nəvəsi ilə.
Anam Şövkət xanım evdar qadındı. Atam işlədiyindən bizim təlim-tərbiyəmizlə əsasən anam məşğul olub.
Y – Yadigar Rəhimov. Dünyasını dəyişdiini eşidəndə çox təsirləndim. Yadigar müəllimin futbolçu kimi yetişməyimdə əməyi çox olub. Hələ “Naxçıvan”da oynayanda Hüseyn müəllim onu komandaya məşqçi gətirmişdi. Futbolçu kimi çox istedadlı olmuşdu. Əla texnikası var idi. Məşqlərdə heç vaxt uşaqların üstünə qışqırmazdı. Nəyisə səhv edəndə sakitcə başa salırdı. Nadir hallarda hirslənirdi. Onda da gərək gözünə görünməyəydin...
2000-ci ildə OİK-də baş məşqçi işləyəndə Yadigar müəllim məni və Zaur Ramazanovu komandaya çağırmışdı. Futzalda oynamağımıza baxmayaraq, OİK-də də çıxış edirdik. Komanda 1-ci dəstədə 1-ci yeri tutaraq yüksək dəstəyə vəsiqə qazandı. Qısası, yaxşı insan idi. Allah rəhmət eləsin!
Z – Zədə. Böyük futbolda olduğu kimi futzalda da hər dəqiqə zədə ala bilərsən. İlk dəfə əsgərlikdən qayıdandan sonra ağır zədə almışdım. Topuğum sınmışdı. Bir neçə ay müalicə olundum. “Azərneftyanacaq”dakı ilk ilimdə çempion olmağa çox yaxın idik. Zədədən yeni dönmüşdüm deyə, “Turan Eyr”lə həlledici oyuna topuğumu elastik bintlə bağlayıb çıxmışdım. Əsas vaxt 3:3 hesabı ilə başa çatdı. Həmin oyunu yüksək səviyyədə keçirdim. Bir qol vurmuşdum, 2 qolun isə ötürməsini etmişdim. Əlavə vaxtda ayağımı hiss etmədim. Bintlə topuğumu o qədər möhkəm sarımışdım ki, qan işləməmişdi, ayağım keyimişdi. Düzü, çox qorxmuşdum. Bir neçə gündən sonra normal gəzə bildim. Oyuna gəlincə, əlavə vaxtda “Turan Eyr” 1 qol vurub çempion oldu. Heyf! Oynasaydım, bəlkə başqa cür olardı.
“Əlifba dərsi”ni
İlqar TAĞIYEV keçdi “Het-trik news”
saytlarin hazirlanmasi