50 ilin Romanı MÜSAHİBƏ

17:00 - 2 Aprel 2015

"Orda həyatın sabit olmaması ürəyimi ağrıdır"

 

"Qəbələ"nin tarixində 7-ci baş məşqçisi olan Roman Qriqorçuk 50 illik yubileyini Azərbaycanda qeyd etdi. Ukraynalı mütəxəssis həyatı ilə bağlı klubun rəsmi saytına müsahibəsində danışıb.

 

Sportal.az sizi həmin müsahibə ilə tanış edir:

 

 

- 50 yaşda özünüzü necə hiss edirsiniz?

- Allaha şükür, sağlamlığım tam qaydasındadı. Özümü gümrah hiss edirəm. Əsas odu qəlbən cavanam, enerjim böyükdü. Başqa cür ola bilməz və olmasını da istəmirəm. Ona görə də mənə çalışmaq rahatdı və böyük məmnuniyyətlə öz işimlə məşğulam.

 

- Doğum gününü qeyd etməyə xüsusi önəm verirsiniz? 

- Deməzdim ad günlərimə xüsusi önəm verirəm. Amma hesab edirəm ki, martın 22-si mənim üçün əlamətdar günlərdəndi və bunu qeyd etmək lazımdı. Həmin günü ailəmlə, yaxınlarımla birgə olmağa çalışıram.

 

"Ad günümdə özümə həm 3 qol, həm də zədə hədiyyə etdim"

 

- Ad günü hədiyyələrindən hansı daha çox yaddaşınızda iz buraxıb?

- Martın 22-si çox zaman futbol matçları keçirilən günlərə təsadüf edir. Xatirimdə qalan bir hadisəni danışa bilərəm. Ukraynada, “Prikarpatye”də çıxış etdiyim dövrdə, oyunun ilk hissəsində het-trik etdim və komandamı 3:0 hesabla irəli çıxardım. Vəziyyəti belə görən baş məşqçim mənə istirahət vermək istədi. Ancaq əvəzlənməyə razı olmadım və... ikinci hissədə arxa ayaq əzələm dartıldı. Nəticədə, 3-4 həftə meydançadan kənarda qalmalı oldum. Yəni ad günümdə özümə həm 3 qol hədiyyə etdim, həm də zədə. Amma bu dəfə komandam “İnter”ə qalib gəlməklə, yubileyimə gözəl hədiyyə etdi.

 

- Ad gününüz bizim milli bayramımız olan Novruza təsadüf edir...

- Doğrudan da, maraqlı təsadüfdü. Açığı, Novruz bayramı haqqında Azərbaycana gəldikdən sonra öyrəndim. Mənə dedilər ki, bütün ölkə böyük önəm verdiyi bu milli bayramda yazın gəlişini qarşılayır və uzun müddətə istirahətə çıxır. Deməli, Novruzda hamı eyni zamanda mənim dünyaya gəldiyim günü qeyd edir (gülür).

 

"Oğlum Timerlan Qəbələdə həm futbola, həm də məkəbə gedir"

 

- Doğum gününüz fasilə dövrünə düşsə də, yubileyinizi vətəndə yox, Azərbaycanda keçirməyi üstün tutdunuz.

- Qızım, ad günümə görə bizimlə idi. Latviyada işləsə də, imkan tapıb Azərbaycana gəlmişdi. O, heç vaxt ölkənizdə olmamışdı. Bunu nəzərə alaraq, yubileyimi ailəmlə birgə Azərbaycanda keçirməyi qərara aldıq.

 

- Yeri gəlmişkən, ailəniz haqda məlumat verərdiniz.

- Ailədə 2 uşaq olmuşuq. Məndən 6 aş böyük olan bacım anadan olduğum İvano-Frankovskda həkim işləyir. Atam çoxdan dünyasını dəyişib, cəmi 50 il yaşayıb. Astma xəstəliyindən əziyyət çəkirdi. Anamın yaşı çox olsa da, enerjilidi və ondan öyrəniləsi çox şey var. Özümün də 2 övladım - 1 qızım, 1 oğlum var. Futbol həyatım uzun illər Latviya ilə bağlı olub. Qızım Yevgeniya ali məktəbi bitirdikdən sonra orada qalıb işləyir. Bank sistemində çalışır. İldə 2-3 dəfə yanımıza gəlir. Qızımla oğlum arasında yaş fərqi böyükdü. Oğlumun bu yaxınlarda 7 yaşı tamam oldu. O, Qəbələdə həm futbolla məşğul olmağa başlayıb, həm də rus bölməsi olan məktəbə gedir. Birinci sinfə sentyabr ayında Ukraynada gedib. Adı Timerlandı.

 

- Tamerlan müsəlman, türk adıdı...

- Bilirəm. Sadəcə, Ukraynada bu adın bir hərfni dəyişirlər olur Timerlan. Yeri gəlmişkən, vaxtilə “Çernomorets”də və Ukrayna yığmasında oynamış tanınmış hücumçu Tamerlan Hüseynovun da adı, əslində, Timerlandı. Bu ad çox xoşuma gəldi və uzun müddət qəlbimdə qaldı. Əhd eləmişdim ki, oğluma bu adı qoyacağam. Oğul övladımızın dünyaya gəlməsini uzun müddət gözləmişik. Yəni Timerlan adı çoxdan müəyyənləşmişdi və sahibini gözləyirdi.

 

- Oğlunuzda futbolçu istedadı görürsünüz?

- Onu 5 yaşından Ukraynada müxtəlif idman bölmələrinə vermişdik. Mənim üçün oğlumu daha sağlam və yaxşı insan olması vacibdi. Hələ ki onda parlaq futbolçu istedadı görmürəm. Sadəcə, futbol oynamaq xoşuna gəlir deyə buna əngəl olmuram. İstedadlı olub-olmaması isə sonra görünəcək.

 

- Həyat yoldaşınız da idmançıdı?

- Bəli, özü də yetərincə titulludu. Alina Qriqorçuk ftnes üzrə Avropanın vitse-çempionudu. Oğlumuz dünyaya gələndən sonra uzunmüddətli idmançı karyerasını bitirməli oldu.

 

"Qəbələ mənə Prikarpatyeni xatırladır"

 

- Qəbələ sizə Ukraynanın hansı şəhərini, yaxud bölgəsini xatırladır?

- Doğulduğum və uzun illər yaşadığım məkan Karpat dağlarına yaxındı. Buna görə həmin rayon Prikarpatye adlanır. Qəbələ də dağ ətəyində yerləşdiyindən hansısa oxşarlıq var. Ailəmlə Qəbələdə yaşamaqdan məmnunuq. Bizə çox yaxşı şərait yaradılıb. Paytaxtda yaşamamağımız bizi darıxdırmır. Əslində, işlərim çox olduğundan gəzməyə, əylənməyə vaxtım da olmur. Əsas odu ki, ailəm yanımdadı. Buna görə də, istənilən vəziyyətə uyğunlaşmaq asandı. Təbii ki, bəzən məkanı dəyişmək istəyi yaranır və imkan düşən kimi Bakıya gedirik.

 

- Azərbaycan mətbəxi ilə tanışsınız? 

- Dadlı milli yeməkləriniz var. Əsas odu ki, burada qoyun ətindən müxtəlif yeməklər hazırlanır. Bunlar insan orqanizminə xeyirlidi və çox xoşuma gəlir.

 

- Azərbaycanda rusca başa düşüldüyündən, dil probleminiz yoxdu. Bəs bizim dilimizlə necə, tanışsınız? Azərbaycan dilini öyrənmək fkriniz var?

- Əlbəttə. Axı insanlarına böyük hörmət etdiyim ölkəyə gəlmişəm və onları öz dillərində başa düşmək üçün səy göstərməliyəm. Buna artıq başlamışam, əsasən, işlək sözləri, futbolla bağlı ifadələri öyrənirəm. Düşünürəm ki, tezliklə Azərbaycan dilində çox söz biləcəyəm.

 

"Oyunçularıma deyirəm ki, məndən qat-qat yaxşı futbolçu olun"

 

- Məşqçilikdən fərqli olaraq, futbolçu kimi heç bir titula, mükafata sahib deyilsiniz. Bu mənada, futbolçu karyeranızdan razısınızmı?

- Açığı, futbolçu həyatımı çoxdan unutmuşam. Yaxşı bilirəm ki, artıq məşqçiyəm və işimə diqqət yetirməliyəm. Həmişə oyunçularıma deyirəm ki, məndən qat-qat yaxşı futbolçu olun. İstənilən halda, karyeramla bağlı heç nəyə görə üzülmürəm. Məncə, hər şey normal olub. Bəli, bu faktdır ki, futbolçu dövründən fərqli olaraq, məşqçilik etdiyim 17 ildə yetərincə mükafata və titula sahib çıxmışam.

 

- “Qəbələ”də işlədiyiniz bu 3 ayda nəyə nail ola bilmisiniz?

- Əvvəla, oyunçularla bizim futbola olan baxışımız eynidi. Bu, çox vacib şərtdi. Futbolçularımız oyun fəlsəfəmi qəbul ediblər və bu futbolu həvəslə oynayırlar. Dediyim oyun tərzini əvvəllər daha çox epizodik şəkildə göstərə bilirdik. Amma son turda, “İnter”lə səfər matçında bunu bütün oyun ərzində nümayiş etdirdik. Bu, çətin oyun tərzi olduğundan öyrəşmək üçün daha çox çalışmaq lazımdı. Əsas odu ki, nəyin üzərində çalışmalı olduğumuzu yaxşı bilirik.

 

- Azərbaycan futbolunun, yerli futbolçuların, milli çempionatımızın hansı spesifk cəhətlərini özünüz üçün müəyyənləşdirmisiniz?

- Hər yerin, o cümlədən, buranın da spesifk cəhətləri var. Ümumilikdə, Azərbaycan futbolunun səviyyəsi yetərincə yaxşıdı. Burada gördüklərim dediyimi təsdiqləyir. Futbolda, ümumiyyətlə, idmanda yüksək nəticə qazanmaq istəyirsənsə, ilk növbədə, psixoloji baxımdan çox güclü olmalısan. Mənə elə gəlir ki, biz bu yöndə hələ çox iş görməliyik.

 

- Ukraynada baş verən məlum hadisələr həyatınıza, futbol fəaliyyətinizə təsir göstərirmi?

- Aydın məsələdi ki, vətənim Ukraynanı çox sevirəm. Ölkəmdə siyasi həyatın sabit olmaması ürəyimi ağrıdır. Orada yaxınlarım, qohumlarım qalıb. Ukraynadakı vəziyyət bizim üçün xoşagəlməz mövzuya çevrilib. Ona görə də, bu barədə danışmaq istəmirəm. Yalnız onu demək istərdim ki, ölkəmdə neqativ hadisələrin tezliklə aradan qalxmasını arzu edirəm. Doğma Ukraynamız haqda indiki kimi pis deyil, yalnız yaxşı şeylərin danışılmasını istəyirəm.

 

"2010-cu ildə Azərbaycan klubu ilə danışıqlar üşün Bakıya gəlmişdim"

 

- 2010-cu ildə Azərbaycandan təklif aldığınız deyilir. Nə dərəcədə doğru məlumatdı? 

- Bəli, düz informasiyadı. Hətta ölkənizə danışıqlara gəlmişdim. Təbii ki, 5 il öncə təklif aldığım Azərbaycan klubunun adını deməyəcəyəm.

 

- Danışığınız niyə alınmadı?

- Sadəcə, həmin vaxt vətən məni özünə çəkirdi. Çünki uzun müddət idi Latviyada çalışırdım və mənim üçün prioritet Ukraynaya dönmək idi.

 

- Hər halda, Azərbaycanda olduğunuz qısa müddətdə futbolumuzla tanış ola bildiniz...

- Bəli. Həmin vaxt hətta Azərbaycan kubokunun final oyununu izləmişdim. Tamaşaçılarla dolu olan Respublika stadionundakı möhtəşəm atmosfer çox xoşuma gəlmişdi. Yadımdadı ki, həmin oyunda kuryoz qol da vurulmuşdu.

 

- Bu uğurları birgə yaşadığınız həmin köməkçilərinizlə, futbolçularla indi “Qəbələ”dəsiniz. Bəs bu heyətlə avrokuboklarda qrup mərhələsinə düşmək perspektivinə necə baxırsınız? 

- Həmin xoş anları “Qəbələ” ilə də yaşamağı çox istəyirəm. Düzünü bilmək istəyirsinizsə, məni buraya gəlməyə motivasiya edən səbəblərdən biri də həmişə avrokuboklarda oynamaq imkanımızın olmasıdı. Mən bu imkanın gerçəkləşəcəyinə əminəm. Bunu gerçəkləşdirsək, inanıram ki, avrokuboklarda böyük nəticələrə imza atacağıq. Bu, elə uğurdu ki, gələcəkdə onun bəhrəsini uzun müddət götürə bilərsən. Onda deyə bilərsən ki, həyatda boşuna yaşamamısan.

 

- Avropuboklara vəsiqə qazana biləcəyiniz yarışlardan birində - ölkə kubokunda mübarizəni dayandırdız. İndi ümid çempionatda 4-cü yeri tutmağa qalıb. Sizcə, “Qəbələ” bu il qitəmiqyaslı turnirə çıxa biləcək? 

- Hər bir məsələyə sakit, sağlam düşüncə ilə yanaşmalıyıq. İnsanlara çatmaq istədiyimiz məqsədi deyəndə, buna sabah nail olacağımızı söyləmirik ki. Məsələlərə real baxmalıyıq. Başa düşməliyik ki, komanda avrokuboklara çıxanda, həm də buna hazır olmalıdır. Əks təqdirdə “Qəbələ”nin ötən yay Avroliqanın ilk mərhələdə üzləşdiyi aqibəti təkrarlaya bilərik. Bunun mənfi tərəfəri müsbət tərəfərindən çoxdu. Çempionatın yekunlaşdığı tarixlə avrokubokların ilk mərhələsi arasında vaxt azlığı üzündən istirahətə, hazırlığa yetərincə zaman ayırmaq olmur. Komanda tam hazır olmayanda, ilk mərhələdəcə mübarizəni dayandırmaq təhlükəsi yaranır. Avrokuboklara çıxırsansa, buna mövsümün gedişində hazır olmalısan ki, nəticə də qazana biləsən. İstəyimizlə yanaşı, buna çatmaq üçün bütün istiqamətlərdə həddən çox çalışmalı olduğumuzu da yaxşı bilirik.

 

- Son olaraq özünüzə nə arzuladığınızı, məşqçilikdə qarşıya qoyduğunuz ən böyük məqsədi bilmək istərdik. 

- Təbii ki, özümə və hamıya, ilk növbədə, möhkəm can sağlığı arzulayıram. Çünki sağlam olmasan, həyatda heç nəyə nail ola bilməzsən. İkincisi, ailəndə hər şey qaydasında olmalıdı. Və əlbəttə, futbolda maksimum nailiyyətlər, titullar qazanmaq. Buna məhz “Qəbələ”ylə nail olmağı çox istərdim.

 

Xəbər xətti