"Neftçi"də maaş müzakirəsi: Çingiz Abdullayev aylıq nə qədər maaş istəyib?

10:00 - 3 Aprel 2015

Rövnəq Abdullayev bu rəqəmlə razılaşmır

 

Məşhur yazıçı Çingiz Abdullayevin "Neftçi"nin Müşahidə Şurasının sədri təyin edilməsi futbol ictimaiyyəti arasında geniş müzakirə olunur. Hər kəs "Çingiz Abdullayev futbol idarəçiliyində hansı yenilikləri edəcək, strategiyası necə olacaq" suallarına cavab axtarır. Ancaq deyəsən, yazıçını bunlar qətiyyən maraqlandırmır. Çingiz Abdullayev yeni vəzifəyə seçilər-seçilməz məvacib problemini həll etməyə çalışıb.

 

Sportal.azxəbər verir ki, Komanda.az-a SOCAR-ın mətbuat xidmətindəki mənbədən verilən məlumata görə, AFFA prezidenti Rövnəq Abdullayevlə Çingiz Abdullayev arasında məvacib məsələsiylə bağlı maraqlı dialoq yaşanıb.

 

Mənbənin verdiyi məlumata görə, Rövnəq Abdullayev yazıçıya yarı-zarafat, yarı-ciddi "Çingiz müəllim, bizdən nə qədər məvacib tələb edəcəksiz" sualını verib. Cavabında Çingiz Abdullayev "hesab edirəm ki, ayda 25 min dollar sizin üçün böyük məbləğ sayılmaz, Rövnəq müəllim. Amma azdısa, bu rəqəmi artırmağınıza etiraz etmərəm" deyib.

 

Rövnəq Abdullayev isə "bu rəqəm çox böyükdü, Çingiz müəllim" deyib. Yazıçı AFFA prezidentinə belə cavab verib: "Maraqlanmışam, baş katib Elxan Məmmədov mənə deyib ki, siz "Neftçi"də meydana çıxmayan legionerlərə ayda 30-35 min dollar ödəyirsiz. Klub rəhbəri o legionerlərdən niyə az məvacib almalıdı?".

 

Mənbə bildirir ki, yazıçının bu cavabından sonra pərt olan Rövnəq Abdullayev "maaş məsələsini sonra müzakirə edərik, ümid edirəm ki, razılığa gələcəyik" deyib. Yazıçı cavabında "məni dəvət etmisizsə, problem yaranmaz, razılaşarıq" deyib və hər ikisi gülərək söhbətə yekun vurublar.

Xəbər xətti