"Qriqorçuk oyunumdan çox da razı deyil" MÜSAHİBƏ

12:17 - 8 Aprel 2015

Cavid Hüseynov: "Bu oyunun nəticəsindən çox şey həll olunacaq"
 
"Qəbələ"nin futbolçusu Cavid Hüseynovun Sportal.az-a müsahibəsi:
 
- "Qəbələ" ilə müqavilənin müddəti mövsümün sonunda başa çatır...
- Artıq klub rəhbərliyi ilə razılaşmışıq, klubumla daha iki illik müqavilə imzalayacam. Məsələ yaxın günlərdə rəsmiləşəcək.
 
- Başqa təkliflər var idi?
- Bəli, bir neçə iddialı klublardan təkliflər var idi. Amma ad çəkməyim düzgün olmaz. Məncə, reklama ehtiyac yoxdu.
 
- Baş məşqçi Roman Qriqorçukun Cavid Hüseynovun oyunundan razı olduğu üçün, yəqin yeni müqavilə təklif edilib?
- Bu barədə baş məşqçinin özündən soruşsanız, daha yaxşı olar. Baş məşqçi ilə münasibətim normaldı. Düzü, oyunumdan çox da razı deyil Səbəb isə müdafiədə yaxşı oyun göstərməməyimdi, mən də bu tip futbolçuyam. Düzdü, əlimdən gələni edirəm ki, verdiyi tapşırığı yerinə yetirim. Bu suala özü daha aydın cavab verər.
 
- Son 5 oyunda qazanılan 5 qələbə...
- Bu qələbələrdən sonra komandada ab-hava çox gözəldi, bizim də motivasiyamız yaxşıdı. Bir müddət pis nəticələr qazanırdıq, şükürlər olsun həmin müddət geridə qaldı. Bu seriyanı davam etdirməliyik, bu yolda sona qədər getməliyik.
 
- Sabah "Simurq"la qarşılaşacaqsınız və həmin komanda sizi kubokdan uzaqlaşdırdı...
- Kubokda düşünmədiyimiz bir nəticə qeydə alındı. İlk oyundan sonra səfərdə 3:0 hesabı ilə qələbə qazanmaq çox çətin idi. Bizim üçün kubok xəyalları qurtarıb, bütün diqqətimizi çempionata yönəltmişik. 4-cü yer uğrunda yenə "Simurq"la bir yerdə mübarizə aparırıq, baxmayaraq ki, 2 xal onlardan irəlidəyik. Bu oyunun nəticəsindən çox şey həll olunacaq. Bu qarşılaşmada qələbəyə köklənmişik və qələbə qazanıb 4-cü pillədəki yerimizi möhkəmləndirmək istəyirik.
 
- Qeyd etdin ki, 4-cü pillədə möhkəmlənmək istəyirsiniz, bu o demək deyil ki, "Qəbələ" 3-cü pillədən əlini üzüb?
- 3-cülük şansımız da var, amma ilk növbədə 4-cülüyü siğortalmalıyıq. Bundan sonra bürünc medallar uğrunda mübarizə aparacağıq.

Xəbər xətti