Sehiç: "Bunun öhdəsindən də gəlməliyik" MÜSAHİBƏ

00:06 - 10 Aprel 2015

"Hesab fərqli olardı"
 
"Qarabağ"ın bosniyalı qolkiperi İbrahim Sehiçin Sportal.az-a müsahibəsi:
 
- İki oyundan sonra AZAL-ı məğlub edərək qələbə qazandınız. Oyun haqda fikirlərini bildirərdin...
- Hazırda çətin dönəm keçiririk, bu oyunda gərgin alındı. Artıq bu il əlliyə yaxın oyun keçirmişik. Ona görə komandada bir az yorğunluq var, son iki oyunda da xal itkilərinə yol verdiyimiz üçün bu oyunda ancaq qələbə qazanmalıydıq. Oyunun əvvəllərində kifayət qədər qol imkanlarımız olsa da, fərqlənə bilmədik. Rəqib birinci hücumunda qol vura bildi. Lakin daha sonra oyunda nəzarəti əldən vermədik və iki qol vura bildik. Yaratdığımız epizodları qolla nəticələndirə bilsəydik, hesab fərqli olardı.
 
- Ağır qrafiklə oynadığınızı bildirdin. Nəzər al ki, bir həftə ərzində "Simurq"la 3 dəfə qarşılaşacaqsınız. Eyni komanda ilə oynamaq daha çətin olmayacaq?
- Ardıcıl 3 oyunda eyni komanda ilə qarşılaşmaya motivasiya olmaq çox çətindi. Hələ ki, rəqibimiz "Simurq" kimi güclü komandadır. Ancaq çalışacağıq hər üç oyunda sərfəli nəticə qazanaraq çempionatda liderliyimizi qoruyaq, həm də kubokda finala yüksələk. 
 
- AZAL-la oyunda hakim idarəçiliyə ilə bağlı nə deyə bilərsən?
- Hakim də insandır, bizim kimi o da səhv edər. Məncə, normaldı.
 
- Ancaq yan xətt hakimi Reynaldoya qarşı qayda pozuntusu qeydə alsa da, baş hakim onu dinləmədi. Hətta Qurban Qurbanov da hakimə etirazını bildirdi, halbuki, onu etiraz etdiyini nadir hallarda görürük.
- Həmin epizoda uzaqda idim, görə bilmədim. Baş məşqçimiz epizoda daha yaxın idi. Ola bilər qayda pozuntusu olsun, həmin epizodda. Bu barədə çox danışmaq istəmirəm
 
- Respublika stadionu təmirə bağlandıqdan sonra "Bakcell Arena"da, kubokda da "İnter Arena"da oynayacaqsınız. Bu nə dərəcədə oyununuza təsir edir?
- Stadionu dəyişmək heç bir komanda üçün asan deyil. Biz Respublika stadionuna öyrəşmişdik, ora bizim doğma arenamız idi. Ancaq hər stadionda oynayıb qələbə qazanmaq bizim işimizdi, bunun öhdəsindən də gəlməliyik.

Xəbər xətti