"Oyun Respublika stadionunda olmayacaq"
Azərbaycan Kubokunun final oyunu Qəbələdə keçirilə bilər. Məkan hələ müəyyənləşməsə də, Peşəkar Futbol Liqası (PFL) Qəbələni variantlardan biri kimi nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, bu barədə "Qəbələ İK" qəzetinə qurumun prezidenti Ramin Musayev açıqlama verib.
Musayev final görüşünün Qəbələ şəhər stadionunda baş tutması ehtimalını istisna etməyib. Əslində, PFL cari mövsümdə Superkubokun finalının Qəbələdə təşkilini planlaşdırsa da, mümkün olmadı. Ancaq "Qəbələ"nin kubokda mübarizəni dayandırması həlledici görüşün Qəbələdə keçirilməsinə imkan verir.
Yarımfinal mərhələsinin başa çatmasını gözləməyi məsləhət görən Musayev finalın Qəbələdə keçirilməsi perspektivinə yaxşı baxır: "Finala hansı komandaların çıxacağını bilmək vacibdi. Çünki final matçının məkanı iştirakçılardan asılı olaraq seçiləcək. Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündü. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Sözsüz ki, finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, qızğın azarkeşlər də".
Təqvimə əsasən, final matçı iyunun 3-də olmalıdı. Ancaq məlumdu ki, iyunun 12-də Bakıda I Avropa Oyunları start götürəcək. PFL rəsmisindən tarixin bir qədər irəli çəkilməsinin nə dərəcədə mümkün olub-olmamasından danışıb: "Əgər həmin gün dövlət əhəmiyyətli tədbir olarsa, tarixin irəli çəkilməsi mümkündü. Final matçının iyunun 3-də keçirilməsi millimizin sabiq baş məşqçisi Berti Foqtsun təklifinə görə olmuşdu. Çünki çempionatımızın təqvimi millimizin hazırlıq planı və oyun günləri nəzərə alınmaqla tutulmuşdu”.
Xatırladaq ki, Azərbaycan Kubokunun bundan əvvəlki final oyunları, əsasən, mayın 28-də Respublika günündə, "Tofiq Bəhramov"da keçirilsə də, ötənilki finalçılar - “Qəbələ” ilə “Neftçi” həmin arenada mayın 22-də üz-üzə gəlmişdilər. 23-cü dəfə keçiriləcək həlledici matç Qəbələdə baş tutsa, bu, əyalətdə keçirilən ilk final kimi futbol tarixə düşəcək.
saytlarin hazirlanmasi