Aslan Şahgəldiyev: "Üzvlük haqqını verən var ki, aşağı da salınsın?!"
Peşəkar Futbol Liqası Klublar Komitəsinin Premyer Liqada çıxış edən legionerlərə görə ödənilən rüsumun azaldılması ilə bağlı təklifinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev təkliflə bağlı deyib:
“İlk növbədə onu deyim ki, legionerlərə görə PFL-ə ödənilən rüsumu İcraiyyə Komitəsi müəyyənləşdirir. Klublar Komitəsinin əvvəlki iclasında Ramin Musayev də iştirak edirdi. Həmin vaxt da bu məsələ iclasda müzakirə olundu. Ramin müəllim hətta klublara təklif etdi ki, istəyirsinizsə, müəyyən bir məbləğ müəyyənləşdirin və bütün klublar heyətə cəlb edəcəkləri legioner sayından asılı olmayaraq, eyni məbləği ödəsinlər. Klublar Komitəsi rüsumun azaldılmasını istəyir. Amma üzvlük haqqını verən var ki, aşağı da salınsın?! Bu gün əksər klubların PFL-ə borcu var. Elə klub var ki nəinki rüsumu, heç oynadığı topun pulunu belə verməyib. Hazırkı məbləğ müəyyənləşdirilərkən qeyd olundu ki, milli üzvlərinə görə rüsum ödənilməsin. Üstəlik qərara alındı ki, birinci il legionerə görə 20, ikinci il 10, üçüncü il isə 5 min ödənilsin. Bu, ona görədir ki klublar heyətlərinə səviyyəli legionerlər cəlb etsinlər və onlar uzun müddət həmin klubun formasını geysinlər. Elə klublar var ki, altı ay ərzində 17 legioneri heyətdən göndərib, əvəzində heyətə yeni 17 əcnəbi cəlb olunub. Üstəlik, hərdən elə ölkələrdən legionerlər gətirirlər ki...Məndən olsaydı, FİFA və UEFA reytinqində Azərbaycandan aşağı olan ölkələrdən gətirilən legionerlərə görə 20 yox, lap 50 min, 100 min rüsum ödənilməsi haqda qərar qəbul edərdim. Bu gün PFL-ə ən az rüsum ödəyən klub “Qarabağ”dır. Çünki bu klub heyətinə yalnız səviyyəli legionerlər cəlb edir. Klubun skaut sistemi çox gözəl çalışır. Komandada çıxış edən legionerlərin bəziləri millidə forma geyir. Bəziləri də artıq uzun müddətdir ölkəmizdə çıxış edirlər. Məhz bu səbəbdən də “Qarabağ” legionerlərə görə hamıdan az rüsum ödəyir”. (futbolxeber.az)
saytlarin hazirlanmasi