"Şərti cəzam olmasaydı, Mendini yıxardım" MÜSAHİBƏ

02:15 - 18 Aprel 2015

Karlos Kardozo: "Amma bəzi  şeylərin dəyişməli olduğu doğrudur"
 
"Neftçi"nin müdafiəçisi Karlos Kardozo Premyer Liqanın 30-cu turunda "Qəbələ"yə 3:1 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib.
 
Sportal.az xəbər verir ki, məğlubiyyəti şərh edən braziliyalı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb
 
- “Qəbələ”yə vacib oyunda məğlubiyyəti nə ilə izah edə bilərsiniz?
- “Qəbələ”dən belə oyun gözləmirdik. Təəssüf ki, oyuna psixoloji baxımdan tam şəkildə hazır deyildik. Nə qədər buna hazır olmaq istəsək də, alınmadı. 
 
- “Qəbələ”dən belə oyun gözləmədiyinizi qeyd elədin. Amma rəqib ardıcıl son altı matçda qələbə qazanıb...
- Rəqibin yaxşı oyun göstərəcəyini gözləyirdik. Bəlkə də, mən Azərbaycana gəldiyim gündən indiyə qədər “Qəbələ”  bizə qarşı ən yaxşı oyun nümayiş etdirən komanda oldu.  
 
- Bu məğlubiyyətə əsas səbəb olaraq nəyi göstərmək olar? Qapıçı Aqil Məmmədovun yerinə Saşa Stamenkoviçin meydana çıxması buna səbəb ola bilərmi?
- Bizim hər iki qapıçımız eyni səviyyəlidir. Əslində, diqqətimiz “İnter”lə kubok oyununda qalıb. Ona görə də “Qəbələ” ilə oyuna qədər toparlana bilmədik. Hardasa komandada yorğunluq hiss olunur. 
 
- “İnter”ə kubok oyununda məğlub olsanız,  bu, “Neftçi” üçün cari mövsüm hər şeyin bitdiyi deməkdir? 
-   Mən əminəm ki, ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da qələbə qazanacağıq .
 
-  “Neftçi”nin çempionatda əsas məqsədi gümüş medallar uğrunda mübarizə olduğunu düşünmək olar?
- Təbii ki, əsas məqsədimiz budur. Əgər başqa titul qazanmaq şansımız yoxdursa, yaxşı oynayıb ikinci yeri tutmalıyıq. Bu gün hələ “Qarabağ”ın çempion olacağını da demək olmaz.
 
- “Qəbələ” ikinci qolu vurduqdan sonra meydanda bir neçə epizodda gərgin anlar yaşandı. Bu münaqişələr nə ilə bağlı idi?
- Rəqibin ikinci qolunda qayda pozuntusu var idi. Lakin belə şeylər oyunda olur. Ümumiyyətlə, hakim oyunu pis idarə etmədi.
 
- Üçüncü qoldan sonra azərkeşlər baş məşqçini istefaya səslədilər. Nəyi dəyişmək lazımdır ki, komanda əvvəlki kimi güclü olsun?
- Mən öz işimi görməyə çalışıram. Bu suallara daha yaxşı rəhbərlik cavab verə bilər. Biz əlimizdən gələn hər şeyi edirik. Amma bəzi  şeylərin dəyişməli olduğu doğrudur.
 
- Etiraf eləyə bilərsən ki, üçüncü qolda səhvin var idi?
- Demək olar. Qaydanı pozmaq istəmədim. Bilirisiniz ki, mən artıq şərti olaraq cəzalıyam. Altı ay ərzində qırmızı vərəqə ala bilmərəm. Buna görə də rəqibi buraxmaq məcburiyyətində qaldım .
 
- Əgər şərti cəzan olmasaydı, Mendiyə qarşı qaydanı pozacaqdın?
- Sözsüz ki, qapıçıyla  üz-üzə qaldığına görə elə edərdim. Şərti cəzam olmasaydı, Mendini yıxardım.  

Xəbər xətti