"Xəzər Lənkəran"a transfer qadağası qoyulub?

10:15 - 20 Aprel 2015

Yay aylarında da heyətini gücləndirə bilməyəcək
 
"Xəzər Lənkəran"ın başı əcnəbi futbolçuların transfer qalmaqallarından ayılmır. İki il öncə Romulo Silvanoya görə FİFA-nın qəzəbinə tuş gələn cənublular məlum 6 xalın silinməsindən qurtulmağa nail oldu.
 
 Sportal.az xəbər verir ki, beynəlxalq qurum bu dəfə Veldin Muharemoviçə görə "gəmiçilər"i cəzalandırıb. Xatırlayırsızsa, 2011-ci ilin yayında transfer olunan futbolçu heç bir rəsmi oyunda forma geyinmədən komandanı tərk etmişdi. Sən demə, bosniyalı yarımmüdafiəçi 4 il öncə üzünü FİFA-ya tutub və nəticəsi ötən ilin son aylarında məlum olub.  Belə ki, ali qurum Veldinin vəkilinə ünvanladığı məktubda 2014/15 mövsümünü qış fasiləsi və 2015/16 mövsümünün yay transfer dönəminə təsadüf edən mərhələsində "Xəzər Lənkəran"ın heyətinə yeni oyunçu qatmasına qadağa qoyduğunu bildirib. Klubun yanvarda komandanın gəncləşdirmə siyasətinə üstünlük verdiyini bildirməsi ilə qurumun çıxardığı qərarın təxminən eyni vaxta təsadüf etməsi şübhələrə yol açır. Qeyri-adi heç nə baş verməsə, lənkəranlılar, çox güman, yay aylarında da heyətini gücləndirə bilməyəcək. Bunu Futbol+ qəzetinə açıqlamasında bosniyalı futbolçunun özü də rəsmən açıqlayıb.
 
 
Mənbə: "Futbol+ "

Xəbər xətti