"Simurq"un futbolçusu sayılmayan qoldan danışdı: "Zərbəni Çeran vursa da, hakim Samirin oyundan kənar vəziyyətdə olduğunu qeydə aldı" MÜSAHİBƏ

12:36 - 22 Aprel 2015

"Mənim nəsə deməyim heçnəyi dəyişməz"

 

"Simurq"un yarımmüdafiəçisi Vüqar Mustafayev Sportal.az-ın suallarını cavablandırıb:

 

- İlk olaraq, dünən keçirilən “Qarabağ”la oyun haqda fikirlərin?

- Həmin oyunun çətin keçəcəyini bilirdik. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Amma, alınmadı. Yəqin, belə qismət imiş.

 

- Premyer Liqanın son turunda keçirilən “Qarabağ”la matçda bəzi start heyət oyunçularının yer almaması “Simurq”un kuboka verdiyi önəmdən xəbər verirdi. Lakin, istədiyiniz nəticəni əldə edə bilmədiniz. Səncə, qələbə üçün nə çatmadı?

- Rəqib Azərbaycan çempionudu. Buna görə də, qələbə qazanmağımız asan bir iş deyildi. Bəzi epizodlarımız olsa da, istifadə edə bilmədik.

 

- Oyunun gedişatında Çeran topu qapıdan keçirsə də, qol hesaba alınmadı. Bu barədə nə deyə bilərsən?

- Qol epizodunda hakim oyundan kənar vəziyyət qeydə aldı. Həmin epizodda Çeran yox, Samir oyundan kənar vəziyyətdə idi. Lakin olan olub. Bundan sonra mənim nəsə deməyim heçnəyi dəyişməz.

 

- Kubokda mübarizəni dayandırmaqla avrokuboklara getmək şansınızı azaltsınız. Premyer Liqada “Qəbələ” ilə olan 8 xallıq fərq Avropayla sağollaşmanızdan xəbər verir?

- İrəlidə 5 oyun var. Biz çalışıb bu oyunlarda maksimum nəticə toplamalıyıq ki, avrokuboklara vəsiqə qazana bilək. Sonda kimin gedəcəyi bəlli olacaq. Biz ümidimizi itirməmişik.

 

- “Simurq”un maliyyə problemləri ilə üzləşməsi son oyunlardakı uğursuzluqlara təsir edə bilər?

- Məncə, yox. Çünki, hamı meydanda əlindən gələni edir ki, qələbəni əldə edək. Alınmayanda alınmır.

 

- “Simurq”un heyətində demək olar ki, daimi start heyət oyunçusuna çevrilmisən. İddialı komandalardan təklif olsa, komandadan ayrılmağı düşünərsən?

- Deməzdim ki, daimi start heyət oyunçusuyam. Amma, əlimdən gələni edirəm ki, start heyətdə meydana daxil olum. Təkliflər barədə isə onu deyə bilərəm ki, bunu zaman göstərəcək. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək.

 

- Ümumiyyətlə Premyer Liqada elə bir klub var ki, oradan gələn təklifi dəyərləndirmək belə istəmərsən? Və yaxud da əksinə,elə bir klub var ki, orada çıxış etməyin arzusundasan?

- Hər bir kluba hörmətlə yanaşıram. Heç bir klubu alçatmaq istəmərəm. Təkliflər olsa, bir klubu seçərsən. Amma bu o demək deyil ki, bu təklifi qəbul etməklədigər klubları alçatmış olursan.

 

- Son olaraq isə, növbəti turda “Sumqayıt”la oyun barədə fikirlərin? Nəzərə alsaq ki, “Sumqayıt” çempionatda son qələbəsini “Simurq” üzərində qazanıb...

- “Sumqayıt”la bizim oyunlarımız həmişə çətin keçib. Amma biz Sumqayıta qələbə üçün gedəcəyik.

 

Orxan Həsənquliyev

Xəbər xətti