Xaqani Məmmədov qalmaqallı epizod haqda danışdı: "UEFA bunu məsləhət görür"

19:07 - 22 Aprel 2015

"Orxan Məmmədov "Simurq" – "Qarabağ" görüşünü çox yaxşı idarə edib"
 
Dünən Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçirildi.
 
Sportal.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən, “Neftçi” və “Qarabağ” final görüşünə vəsiqə qazandılar.
 
Amma hələ ki, Zaqatalada keçirilən “Simurq” – “Qarabağ” görüşü ilə bağlı söz-söhbətlər səngimir. Referi Orxan Məmmədov qaydalara əsaslanıb, Samir Zərgərovun qapıdan keçirdiyi topu qol saymadığı epizod geniş müzakirəyə səbəb olub. Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytına danışan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, FİFA referisi Orxan Məmmədovun başçılıq etdiyi briqada vəziyyəti düzgün qiymətləndirib:
 
“Hər il UEFA Hakimlər Komitəsi tərəfindən yerli federasiyalara mübahisəli epizodların müzakirəsi ilə bağlı disklər göndərilir. Biz də həmin vəziyyətlərlə hakimləri tanış edirik. “Simurq” - “Qarabağ” oyununda qeydə alınan epizodla bağlı isə belə deyilir ki, əgər zərbə vurmağa cəhd edən oyunçu oyundankənar vəziyyətdədirsə və zərbəsi alınmadığı təqdirdə top başqa bir oyunçu tərəfindən qapıdan keçirilirsə belə, həmin an oyundankənar vəziyyət kimi dəyərləndirilir. Çünki qapı önündə olan oyunçu zərbə vurmasa belə, epizoda müdaxilə edib, üstünlük qazanır, qapıçının diqqətini özünə cəlb edir. Bu tip epizodlar UEFA tərəfindən oyundankənar epizod kimi qiymətləndirilir. Sual oluna bilər ki, bu epizodda niyə “bax və gözlə” metodundan istifadə olunmur? UEFA cinahlardan ötürmə zamanı bunu məsləhət görmür. Ona görə də bu, oyundankənar vəziyyətdir. Ümumilikdə götürsək, Orxan Məmmədov “Simurq” – “Qarabağ” görüşünü çox yaxşı idarə edib”.

Xəbər xətti