Sebahattin Tekin: "Yenidən Azərbaycanda işləməyi çox istəyirəm"
"Qarabağ" Futbol Akademiyasının sabiq koordinatoru Sebahattin Tekinin Sportal.az-a müsahibəsi:
- Hazırda Türkiyə 3-cü liqasında mübarizə aparan “Kayseri Şekerspor”un baş məşqçisiniz. İşləriniz necə gedir?
- Bəli, bu komandaya çempionatın fasiləsində gəldim. Bura gələndə komanda 13 xalla sonuncu pillədə idi. Burda çox uğurlu işlərə nail olduq, 21 xal qazandıq, mövsümün sonuna 3 tur qalıb. İnşallah, komandanı liqada saxlayacağıq.
- Bu uğurlu nəticələrdən sonra yəqin mövsümün sonunda daha yaxşı yerlərdən təkliflər alacaqsınız..
- Hazırda da bir neçə təkliflər var, çalışacam ən doğru seçimi edim. Yenidən Azərbaycanda işləməyi çox istəyirəm, bir gün yenidən qismət olar.
- Azərbaycandan təkliflər almısınız heç?
- Azərbaycandan ayrıldıqdan sonra “Tokatspor” və “Kayseri Erciyesspor”da çalışdım. Hansısa yerdə çalışarkən, başqa bir komanda ilə danışıqlar aparmaq mənim üçün düzgün deyil. Amma bu barədə söz-söhbətlər gəzsə də, heç kimlə danışığım olmayıb. Mayın 31-də müqaviləm başa çatır, ondan sonra Azərbaycana qayıda bilərəm. Orda məşqçilərin sayəsində gözəl işlər gördük. Özümdə I Divizion və Premyer Liqada çalışacaq gücü görürəm.
- Azərbaycan futbolu ilə yəqin indi də yaxından maraqlanırsınız?
- Bəli, yalnız futbolu ilə yox, hətta digər proqramları da izləyirəm (gülür). Azərbaycan manatını da yaxından izləyirəm. Azərbaycan futbolunun səviyyəsi daha da artır, təsadüfi deyil ki, avrokuboklarda komandalarınız uğurlu oyun göstərir. Çempionatda bu il də çempion “Qarabağ” olacaq. Qurban Qurbanov başda olmaqla komandanın futbolçu və məşqçilər heyətini təbrik edirəm.
- Azərbaycanlı futbolçuların Türkiyə PTT I Liqasında çıxışlarını necə dəyərləndirərdiniz?
- Azəri futbolçular haqda bizim klublar çox zaman mənim fikrimi soruşurlar, hər zaman çalışıram, müsbət fikirlər deyim. Kamran Ağayev və Mahir Şükürov burda özlərini yaxşı tərəfdən göstərə bildilər, növbəti mövsümdə daha çox azəri futbolçular burda forma geyinəcək. Mənim də bəzi PTT I Liqa və Superliqa komandalarına tövsiyyə etdiyim futbolçular var.
- Məsələn kimləri məsləhət görmüsünüz?
- “Qarabağ”dan Tural (Rzayev). Mənim oyunçum idi, o da “Qarabağ”da ən yaxşı gənclərdən biridi, öz üzərində çalışsa, daha yaxşı yerlərə gedə bilər. Hələlik bir ad kifayət edir, zamanı gəlincə digərlərini də deyəcəm. Köməkçi məşqçim Ferhat Timuçin, qapıçılarla işləyən məşqçi Murat Kesmez və analiz edən məşqçi Yüksel Yılmaz Azərbaycandan futbolçularla maraqlanırlar.
- Milli komandamızın baş məşqçi postuna Robert Prosineçki gətirildi. Bu təyinatı necə dəyərləndirərdiniz?
- Prosineçki yaxşı keyfiyyətlərə malik bir baş məşqçidi. Ancaq fikrimcə, millinizin başında yerli bir baş məşqçi olmalıdı.
saytlarin hazirlanmasi