"Kəpəz"in baş məşqçisi baş verən qalmaqala münasibət bildirdi: "Hakim oyunun ipini əlindən buraxdı"

19:50 - 24 Aprel 2015

"Mən hələ də əsəbimdən baxa bilmirəm"
 
Az öncə xəbər verdiyimiz kimi, "Kəpəz" - "Ağsu" matçında qalmaqal yaşanıb. Belə ki, matçın son dəqiqəsində "Ağsu" penaltidən fərqlənərək matçda 3:2 hesabı ilə qalib gəlib. Gəncəli futbolçular penaltinin düzgün qərar vermədiyini zənn edərək hakimə fiziki təzyiq göstəriblər və bunun nəticəsində "Kəpəz"in 4 müdafiəçisi qırmızı vərəqə ilə cəzalanıb.
 
Baş verənlərlə bağlı "Kəpəz"in baş məşqçisi Vidadi Rzayev ətraflı məlumatı Sportal.az-a açıqlamasında dilə gətirib:

"Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə rəqibin müdafiəçisi bizim hücumçunu hakimin gözünün qarşısında yıxdı. Baş hakim Etibar Həsənov bu epizodda qayda pozuntusu qeydə almadı və həmin hücumun sonluğunda qapımıza penalti təyin etdi. Deyilənə görə, həmin epizodda penalti yox idi. Epizoddan uzaq məsafədə olduğum üçün, nə baş verdiyini görə bilmədim. Oyunun sonlarında hakim oyunun "ipini" əlindən buraxdı. Penalti epizoduna kimi iki futbolçumuz qırmızı vərəqə almışdı, epizoddan sonra isə etirazlara görə  daha 2 futbolçumuza qırmızı vərəqə göstərdi. Qarşıda "Şəmkir"lə ağır oyunumuz var və 4 əsas müdafiəçimiz oynamayacaq. Penaltidən sonra əlavə etdiyi vaxt başa çatmasına baxmayaraq, oyunu qurtarmadı. 
 
Bizim iki oyunçumuza qırmızı vərəqə verəndə azarkeşlərimiz coşdu. Oyundan sonra da penalti epizodunun təkrarına baxıblar və penalti olmadığı bildirilir. Mən hələ də əsəbimdən baxa bilmirəm.  Əsas iradımız bizim leyhimizə olan qayda pozuntusunu vermir, həmin hücumun sonunda penalti verir və komandamız bu penala görə məğlub olur".

Xəbər xətti