"Ən çətin oyunumuz elə səfərdə məhz "Xəzər Lənkəran"la olacaq" MÜSAHİBƏ

11:42 - 25 Aprel 2015

"Ona görə də buraya qısa müddətdə uyğunlaşdım"
 
“Neftçi”ni səfərdə 3:1 hesabı ilə məğlub edən “Qəbələ” Azərbaycan Premyer Liqasında ardıcıl 7-ci qələbəsini qazanıb. Uğurlu seriyanı davam etdirən əyalət təmsilçisi avrokuboklara vəsiqəni böyük ölçüdə təmin edərək hətta mükafatçılar sırasında yer ala bilər. Qış fasiləsində “Qəbələ”nin heyətinə qatdığı Ruslan Fomin stabil olaraq əsas heyətdə yerini tutub.
 
Ruslan Fominin Sportal.az-a müsahibəsini təqdim edirik:
 
- “Qəbələ”nin ardıcıl 7 qələbə qazanmasının sirri nədir?
- Burada elə də bir sirr yoxdur. Mənə elə gəlir ki, rəqibləri də yaxşı təhlil edirik.  Digər yandan qələbə qazandıqca komandada özünəinam artır.  Əslində ölkə kubokunda finala yüksələ bilərdik.  Sadəcə “Simurq”la oyunda  bəxtimiz gətirmədi. Həmin oyunda üstün tərəf biz idik. Rəqib qapısı qarşısında  yüz faizlik qol epizodları yaratsaq da, yararlana bilmədik. Onlar əllərinə düşən imkanları qola çevirdi və qələbə qazandı. Bəzən futbolda belə şeylər olur. Bəxt gətirməyəndə oyun da istənilən kimi getmir. Ancaq  çempionatda oyunumuz yaxşı alınır.  Düzdü, ardıcıl  yeddinci qələbəni qazansaq da,  bunu uğur saymamalıyıq. Buna  önəm versək, onda bizdə arxayınçılıq yarana bilər. Əgər mükafatçılar sırasında yer almaq  istəyiriksə, meydanda sona qədər mübarizə aparmalıyıq. 
 
- Demək olar ki, “Qəbələ” artıq avrokuboklara vəsiqəni təmin edib?
- Xeyr. Hələ mövsümün başa çatmasına 5 tur qalıb. Qarşıda çətin oyunlarımız var. Ona görə də indidən avrokuboklara vəsiqə qazanmışıq deməyimiz düzgün deyil. Futbol elə bir oyundur ki,  nəticəni əvvəlcədən demək çətindir. Bu oyunun nəticəsi meydanda gedən 90 dəqiqə mübarizədə bilinir. Sözsüz ki, avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Əsas məqsədimiz də elə budur. 
 
- Yeri gəmişkən, “Neftçi”ylə aradakı xal fərqi 3-ə enərək “Qəbələ”nin 3-cü yeru tutmaq şansı da artdı. Necə düşünürsən, mövsümü   mükafatçılar sırasında başa vura bilərsiz?
- Hardasa şansımız var. Ancaq nəzərə alın ki, rəqib də xal itirməməyə çalışacaq. Hansı komandanın 3-cü yerdə olacağına mövsümün sonunda baxarıq. Hər şey komandanın oyunundan və göstərəcəyi nəticədən asılı olacaq. “Neftçi” də güclü komandadır və mövsümü titulla başa vurmaq istıəyir. Onlar həm kubokda həm də çempionatda mükafatlar uörunda mübarizə aparrılar. “Neftçi”yə evdə 3:1 hesabı ilə məğlub olmuşduq elə səfərə də revanş almağa gəlmişdik. Bu qarşlmada həm revanş aldıq, həm də qələbələr seriyasını 7-ə çatdırdıq. Əsas odur ki, ardını gətirək. 
 
- Bu gün “Qəbələ”ni “Xəzər Lənkəran” la səfər oyunu gözləyir. Necə düşünürsən qələbələr seriyasının ardını gətirə biləcəksiniz?
- “Xəzər Lənkəran”ın evdə daha yaxşı oynadığından xəbərim var. “Neftçi”ylə oyunda 10 nəfərlə həm də hesabda 2:0 geridə olmasına baxmayaraq sonda  heç-heçə etdi. Rəqibin heyəti gənc futbolçularla zəngin olsa da, onlar mübarizə aparmağı bacarırlar. Mənə elə gəlir ki, ən çətin oyunumuz elə səfərdə məhz “Xəzər Lənkəran”la olacaq.  Lakin uğurlu seriyanı davamını gətirmək üçün  qələbə qazanmağa çalışacağıq. 
 
- Ukraynadakı ailən və dostların üçün darıxırsan?
- Əvvəl darıxırdım, indi isə öyrəşmişəm. Hər bir  futbolçu başqa ölkəyə gedəndə oraya adaptasiya olması lazım gəlir. Mənim bura uyğunlaşmağım uzun çəkmədi. Yəni qısa müddətdə Azərbaycana alışdım. Qəbələ mənzərəsinə görə çox gəzəl bir yerdir. Xüsusən də, yaşıllıqları adamı valeh edir. Əslində futbol oynamaq üçün Qəbələdə hər çür şərait yaradılıb. Ona görə də buraya qısa müddətdə uyğunlaşdım.  Ailəm və dostlarımla da tez-tez əlaqə saxlayım. Bir yandan onlar da məni darıxmağa qoymurlar. 

Xəbər xətti