"Avropa" otelindəki ölüm işi: "Zala çatanda, o mənə tərəf qaçaraq yumruq atdı"

14:55 - 25 Aprel 2015

"Vurmasaydım, məni dəlik-deşik edəcəkdi"

 

“Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirildiyi hadisənin əsas iştirakçılarından biri, mərhumun müəllimi, qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyev ilk açıqlamasını verib. Sportal.az xəbər verir ki, döş qəfəsindən yaralanan Ruslan Əfəndiyev azxeber.com-a müsahibəsində cinayəti törədən şəxsin vəkilinin hadisəni tamamilə təhrif etdiyini bildirib. 

 

- Ruslan bəy, həbs edilən Mövludun vəkili iddia edir ki, onlar tatami üzərinə ikinci dəfə çıxdıqları zaman “bir də belə qanacaqsızlıq eləməyin” demisiniz. Hadisənin əsas iştirakçısınız. Bu haqda nə deyə bilərsiniz?
- Vəkilin hadisə ilə bağlı dediklərinin çoxu təhrif edilmiş məlumatlardı. Mən tələbələrimlə birlikdə (red: qətlə yetirilən Azər Məmmədovda onlardan biridi) zala daxil olduğumda, onlar artıq tataminin üstünə çıxmışdılar. Onlardan birinin ayağında “borisovka” ayaqabbısı, digərində isə “şəpit” var idi. Mən bunu görəndə, bir müəllim kimi onlara dedim ki, bu formada tatimi üzərinə çıxmaq olmaz. Çünki orda məşq edilir və tatimi çirklənir. Onlar mənə “yaxşı“ deyib getdilər. İkinci dəfə balacaboy saqqallı oğlan (red: Mövlud Səfərov) yenidən əşyalarını götürmək üçün tataminin üstündən keçərək əlcəklərini götürdü. Mən buna ikinci dəfə başa saldım ki, bunun üzərinə ayaqqabı ilə çıxmaq olmaz. Bəyaq da bu sözü ona dediyimi xatırlatdım. O da “sənin mənim “ponyatka“ma şübhən var?” deyə cavab verdi. Mən də dedim ki, uzatmayın, məşqimiz var, çıxın gedin. Onlar da çıxıb getdilər.

 

- Məşqə başladıqdan sonra siz onları bir də gördüzmü?
- Biz 40 dəqiqə məşq etdik. Bu müddətdə Mövlud Səfərov zalın ətrafında gəzir, bizə baxıb gedirdi. Məşqi qutardıqdan sonra məni kənara çağırıb nəsə deyəcəyini söylədi. Mən də yaxınlaşdım. Yaxınlaşan kimi mənə sual verdi ki, bəs sən polis əməkdaşısanmı? Mən də cavabında polis işçisi olmadığımı və ümumiyyətlə bunun nə əhəmiyyət daşıdığını ondan soruşdum. Sonra yenidən söhbəti başladı. Mən də yenidən başa saldım ki, sənin ora çıxmağın düz deyil, həm də mən sənə iki dəfə xəbərdarlıq etdim. Yenə mənə qayıtdı ki, “sənin mənim “ponyatka“ma şübhən var?”. Mən yenə təmkinlə onu başa salmağa çalışdım. Bu zaman mənim ünvanıma təhqiramiz ifadə işlətdi (red: etik ifadə olmadığı üçün qeyd etmirik). Gördüm ki, bu sözü dediyi vaxt dodaqları titrəyir. Bildim ki, mənə yumruq atacaq. O yumruğu atdığı zaman aşağı əyildim və zərbə məndən yan keçdi. Yanındakı da (red: Mövlud) bu zaman mən əyiləndən sonra yumruq atdı. Onu da dəf etdim. Bu zaman ikisi də qaçmağa başladı.

 

- Azər Məmmədov sizin yanınızda idi?
- Azər duş kabinindən çıxandan sonra hadisəni gördü. İkisinin də mənim üstümə gəldiyini görən kimi mənə köməyə gəldi. Və Sənanı itələməyə başladı. Emin də qaçaraq yanımıza gəldi və Azərlə bir yerdə onları məndən uzaqlaşdırmağa çalışdılar. Sənan məni söyə-söyə qaçmağa başladı. Bizim uşaqlar da arxalarınca qaçdılar. Zala çatanda o mənə tərəf qaçaraq yumruq atdı. Və hər şey bir anın içində oldu. Azərin qışqırtısını eşitdim. O, mənə Sənanın əlində bıçaq olduğunu qışqıraraq dedi. Bıçaqla döş qəfəsimə vurdu. Mən də ona yumruq vurdum, zərbədən yerə yıxıldı. Digəri isə qolumdan tutmuşdu. Əgər onu vurmasaydım, məni dəlik-deşik edəcəkdi. Bu zaman mən tək idim. Çünki Emin bizi qorumaq üçün dəmir gətirməyə getmişdi. Azər isə orda yox idi. Divara tərəf çəkildim. Bu zaman Emin dəmirlə gəldi və onlar bunu görən kimi zaldan qaçdılar.

 

- Bəz Azərin vurulmasından nə zaman xəbər tutduz?
- Biz artıq içəri girdik və bu zaman Azəri gördüm. Azər mənə yaxınlaşıb, “deyəsən, məni ürəyimdən vurdular” dedi. Maykasını qaldırıb baxdıq. Gördüm ki, iki zərbə qoltuğunun altına dəyib. Elə bu zaman huşunu itirib yerə yıxıldı. Biz naşatr turşusu ilə onu ayıltmağa çalışdıq. Ayıltdıq da. Özünə gəlib bizə baxdı, sonra yenə huşunu itirdi. Bir də oyada bilmədik.

 

- Təcili tibbi yardıma zəng vurmuşduz?
- Bəli, artıq zəng vurulmuşdu. Onlar da gəlib bir xeyli Azəri oyatmaq üçün cəhd göstərdilər. Amma, alınmadı.

 

- Bəs son söz olaraq nə demək istərdiz?
- Son olaraq onu deyə bilərəm ki, mən bu hadisənin baş verməməsi üçün çalışdım. Mən müəlliməm və hər zaman danışıq yolu ilə insanları başa salmağa çalışıram. Onların ikisinin də idmançı olmadıqları, təsadüfən zala gəldikləri ilk görünüşdən bəlli idi. Amma o da aydın idi ki, onlar dalaşmaq istəyirdilər. Məqsədləri ora gəlib bu cinayəti törətmək idi.

Xəbər xətti