"Simurq"un prezidenti: "Yuxarılardan cavab gözləyirik" MÜSAHİBƏ

21:45 - 26 Aprel 2015

Anar Bəkirov: "Mən Zaqatalada işə başlayanda heç infrastruktur da yox idi"
 
Son turda "Sumqayıt"a səfərdə minimal (1:0) hesabla məğlub olan "Simurq" avrokuboklardan əlini üzüb.
 
Sportal.az xəbər verir ki, klubun prezidenti Anar Bəkirov müsahibəsində komandanın uğursuz çıxışına səbəb nə olduğunu açıqlayıb
 
- Son ayadək hamı elə düşünürdü ki, "Simurq"un bir ayağı avrokuboklardadır. Amma nədənsə, komandanızda eniş yaşandı. Bu, nə ilə bağlıdır?
- Sponsorumuzla bağlı xəbərlər də məhz bu ərəfəyə təsadüf etdiyindən, komandamızın oyununa təsirini göstərdi. Bu da özünü nəticələrdə büruzə verdi. "Neftçi" bilir ki, komandanın sponsoru yerindədir. Amma "Simurq"un futbolçuları "Adam gedirsə, maliyyə də qurtaracaq" deyə fikirləşirlər. Təəssüflər olsun ki, belə hallar komandanı ruhdan salır. 
 
- Klubunuzda audit yoxlamasının aparıldığı bildirilir...
- Xeyr, belə şey olmayıb.
 
- Bəs indi durum nə yerdədir?
- Yuxarılardan cavab gözləyirik.
 
- Cavab nə vaxt olacaq?
- Yəqin ki, mayın əvvəlləri.
 
- Bəzi futbolçuların müqavilələri başa çatır. Lakin "Simurq"la sövdələşməsi davam edənlər də var. Onlarla münasibətləri necə tənzimləyəcəksiniz?
- Hər şey cavabdan asılıdır. Mən əminəm ki, "Simurq"dakı inkişaf, infrastruktur boş yerə getməyəcək.
 
- Əvəzedicilərdən ibarət komandanız birinci pillədə gedir. Öz stadionunuz, infrastrukturunuz var. Doğrudanmı sponsor neçə illik zəhmətin hədər getməsi ilə barışacaq?
-Mən Zaqatalada işə başlayanda heç infrastruktur da yox idi, aşağı yaş qrupları fəaliyyət göstərmirdi. Amma indi baxsaq, yaş qruplarının 4-ü də final mərhələsinə yüksəlib. Yəni, inkişaf var. Baxaq, görək sonrası nə olur.
 
- "Qarabağ"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə qolunuzun sayılmamasına münasibətiniz necədir?
- Münasibət artıq bildirilib. Mütəxəssislər tərəfindən də obyektiv fikirlər səsləndirilib. Düzdür, Hakimlər Komitəsi həmin epizodda oyundankənar vəziyyətdə olan futbolçunun topa doğru hərəkət etdiyini deyir. Amma biz "Sumqayıt"la matçda da gördük ki, komanda yoldaşı hərəkətdə olduqda da qol vurulur və bu, ofsayd sayılmır.
 
- Sizə elə gəlmirmi ki, "Qarabağ"la ilk oyunda qapınıza vurulan qol epizoduna etiraz bildirməli idiniz?
- Düzdür, "Qarabağ"ın qol epozodunda da kobud oyun var idi. İlqar Qurbanov həm əllə oynamış, həm də bizim oyunçunu vurmuşdu. Nə edək? Nə deyə bilərəm? "Simurq"u, bu boyda klubu belə üsulla yıxırlarsa, nə deyək?
 
- Digər klublar bəyanatlar yayır, saytlarında mübahisəli epizodlardan videolar yerləşdirirlər...
- Video da qoymuşuq, bəyanat da vermişik, etiraz da yazmışıq. Amma xeyri nədir? 
 
 
Mənbə: sportnet.az

Xəbər xətti