Qurban Qurbanov: "Bizim üçün ən əsas olanı göstərdiyimiz oyunun keyfiyyətidir, bu olanda, nəticə də olur"

23:05 - 29 Aprel 2015

"Qarabağ"ın baş məşqçisi kubokun finalına hazırlıq planından danışdı

 

Bu mövsüm Avroliqadakı çıxışlarıyla azarkeşləri sevindirən “Qarabağ” daxili yarışlarda da inamlı çıxış edir. Çempionluğa çox yaxın olan Ağdam klubu kuboku da qazanmağa yaxındır.

 

Premyer Liqada son turun oyunları mayın 28-də, kubokun finalı isə iyunun 3-də olacaq. Lakin son turda “Araz Naxçıvan”la qarşılaşmalı olan “Qarabağ” məlum səbəblərdən bu oyunu buraxacaq. Bu isə o deməkdir ki, “Qarabağ”ın “Neftçi” ilə final matçına hazırlaşmaq üçün 10 gündən çox vaxtı olacaq. Sportal.az saytına açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov final oyununa hazırlıqla bağlı planlarını açıqlayıb:

 

“Biz çempionat çərçivəsində son oyunumuzu mayın 22-də “İnter”ə qarşı oynayacağıq. Bu oyundan sonra ola bilər ki, futbolçulara 3 günlük istirahət verək və daha sonra finala hazırlaşaq. Bu müddətdə öz aramızda iki tərəfli oyunun keçirilməsi də mümkündür”.    

 

“Qızıl dubl” etməyə yaxın olan “Qarabağ”da rəhbərlik bunu Qurban Qurbanovun qarşısına şərt kimi qoyubmu? Tanınmış mütəxəssis bu suala belə cavab verdi:

 

“Yox, ümumiyyətlə “Qarabağ”da məsələlərə yanaşma belə deyil. Bizim üçün ən əsas olanı göstərdiyimiz oyunun keyfiyyətidir, bu olanda, nəticə də olur. Məhz bu təfəkkürlə işimizə yanaşmışıq və nəticələr əldə etmişik”. 

Xəbər xətti