Valeriy Kutsenko uğursuzluqlarını komandanın enişdə olmasında görür
Azərbaycan Premyer Liqasında AZAL komandası 5 oyundur ki, qələbə üzünə həsrətdir. Ötən tur səfərdə “İnter”ə 2:0 hesabı ilə məğlub olan “təyyarəçilər” növbəti turda çempionatda mübarizəni dayandıran “Araz Naxçıvan“la oyunu olduğundan istirahət edəcək. Cari mövsüm AZAL-da stabil çıxış edən Valeriy Kutsenko qələbə qazana bilməmələrini komandanın enişdə olmasıyla bağlayıb.
Sportal.az-a açıqlama verən ukraynalı yarımmüdfiəçi uğursuz çıxışlarına belə münasibət bildirib:
“Son vaxtlar qələbə qazana bilmirik. Hər bir oyuna 3 xal qazanmaq üçün çıxırıq. Əslində son vaxtlar pis oynamırıq. “İnter”ə birinci hissədə yaxşı müqavimət göstərdik. Hətta hesabı da açmağa yaxın idik. Rəşad Abdullayevin zərbəsindən sonra top qapıdan keçsəydi, bəlkə də oyun bizim xeyrimizə nəticələnərdi. Açığı, həmin epizodda “İnter”in bəxti gətirdi ki, top dirəkdən qayıtdı. Ola bilsin ki, hardasa oyunumuzda eniş var. Belə bir eniş hər bir komanda da ola bilər. Axı bütün mövsümü də stabil keçirmək mümkün deyil. Hardasa yorğunluq da öz sözünü deyir. Lakin qısa müddətdə biz bu uğursuzluqdan çıxmaq istəyirik. Növbəti turu buraxırıq və qarşıda “Bakı” ilə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Həmin səfər oyununda qələbə qazanıb uğursuzluğa son qoymaq istəyirik”.
Ukraynalı futbolçu mövsümün sonunda AZAL-da qalıb-qalmayacağına da aydınlıq gətirib:
"AZAL-la qarşıda hələ bir illik müqaviləm var. Mövsüm başa çatmadığı üçün bir şey deyə bilmrəm. Mənə başqa klublardan elə bir təklif gəlməyib. Əgər təkilf gələrsə, klub rəhbərliyi ilə danışacağam. Onların razılığı olmadan başqa kluba keçməyim düzgün alınmaz. Yəqin ki, mövsüm başa çatandan sonra bütün məsələlərə aydınlıq gələcək”.
Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki bu futbolçunun oyununu bəyənib və onu maestro adlandırmışdı.
saytlarin hazirlanmasi