"Bakı" 189, "Qəbələ" 76 gündən sonra

16:59 - 4 May 2015

Ən uzun qələbə və qələbəsiz seriyalarının qırıldı
 
Azərbaycan Premyer Liqasının 32-ci turu mövsümün ən uzun qələbə və qələbəsiz seriyalarının qırılması ilə əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, “Qəbələ” ardıcıl 8 qələbədən sonra ilk xal itkisi ilə üzləşib, “Bakı” isə 19 matçlıq həsrətə son qoyub.
 
Çempionatın lideri “Qarabağ”la ev oyununda 1 xalla kifayətlənən (1:1) “Qəbələ” 76 gündən sonra xal itirib. Əyalət təmsilçisi sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə görüşdə (1:3) qalib gələ bilməmişdi. Bundan sonra Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran”ı 3:1 və 1:0, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub etmişdi. Bu da mövsümün rekord seriyasıdır. 2-ci nəticəyə malik  “Qarabağ”ın qələbə seriyası 6-ya bərabərdir.
 
“Xəzər Lənkəran” ilə qarşılaşan “Bakı” isə 2015-ci ildə ilk qələbəsini qazanıb – 2:1. Paytaxt təmsilçisi son qələbəsini oktyabrın 25-də AZAL-la səfər oyununda qazanmışdı – 1:0. 189 gündən sonra 3 xal əldə edən İbrahim Uzuncanın yetirmələri bu müddətdə 6 heç-heçə edib, 13 dəfə uduzmuşdu. Mövsümün antirekordçusu olan “Bakı” bu göstəricidə 2-ci olan “Sumqayıt”dan 6 matç uzun seriyaya imza atıb.
 
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdur – 20 oyunluq qələbə seriyası. Qələbəsiz oyunlarda antirekord isə “Şəfa”ya məxsusdur – 33 matç.

Xəbər xətti