Namiq Ələsgərov: "Onu sözlə başa salmaq çox çətindir"
Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Namik Ələsgərov AFFA-nın rəsmi "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasının qonağı olub.
Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi azarkeşlərin ünvanladığı 10 sualı cavablandırıb...
- "Qarabağ"a gəlişinizdən sonra karyeranızda nələr dəyişildi?
- Çox şey. Avropa Liqasının qrup mərhələsində oynadım. İtaliya "İnter"i, Fransa "Sent Etyen"i və Ukrayna "Dnepr"inə qarşı oynamaq, əlbəttə, bütün futbolçuların bəlkə də arzusudur. Karyeramda ən böyük dəyişiklik kimi məhz bunu deyə bilərəm.
- Futbola gəldiyin üçün kimə borclusan və ən çox sevdiyin baş məşqçi kim olub?
- İlk növbədə, uşaqlıqda Qusar "Şahdağ"ında məşqçilərim olan Salman müəllim və Şərafəddin müəllimə çox şey borcluyam. Onlar mənə çox şeyi öyrədiblər. Hazırda ən çox hörmət etdiyim məşqçi isə Qurban Qurbanovdur. Gələcəkdə nə zamansa məşqçi olsam, onun kimi olmaq istərdim.
- "Qarabağ"dan təklif gələndə hansı hissləri keçirdin?
- Əlbəttə, "Qarabağ"ın təklifi mənim üçün gözlənilməz oldu. Çox sevindim. Həmin vaxt 21 yaşadək futbolçulardan ibarət yığmamızla təlim-məşq toplanışında idim. Yatdığım vaxt zəng gəldi. Əvvəlcə çox həyəcanlandım. Fikirləşmədən təklifi qəbul etdim, razılıq verdim. Ondan sonra da hər şeyi daha ətraflı danışdıq və razılaşdıq.
- Uşaqlıqdan Azərbaycanda azarkeşlik etdiyin komanda hansıdır?
- Hazırda "Qarabağ"da çıxış etdiyimdən, ən çox bu kluba azarkeşlik edirəm. Amma uşaqlığım Qusarda keçdiyindən, "Şahdağ"a azarkeşlik edir, bu komandanın bütün oyunlarına gedirdim. Çox təəssüf ki, "Şahdağ" hazırda elə də iddialı deyil. Çox istərdim ki, əvvəlki kimi iddialı olsun.
- İnanırdınmı ki, Robert Prosineçki səni Malta ilə oyunda ilk "11-lik"də meydana buraxacaq?
- Fikirləşməzdim ki, ilk rəsmi oyunda məni start heyətində meydana buraxacaq. Amma o vaxtadək Antalyada təlim-məq toplanışında olmuşduq. Orada Ukrayna "Şaxtyor"u ilə qarşılaşmada mənə ilk "11-lik"də şans vermişdi. Bundan sonra özümə inamım daha da artmışdı. İnanırdım ki, Maltaya qarşı oyunda start heyətində yer ala bilərəm.
- Ən sevindiyin an hansı oyuna təsadüf edib?
- İtaliya "İnter"i ilə Bakıdakı qarşılaşmada 90+3-cü dəqiqədə qol vurduğumuz an çox sevindim. Çox vacib qol vurmuşduq. Amma çox təəssüf ki, ən çox sevindiyim an hakimin səhvi üzündən ən çox üzüldüyüm ana çevrildi.
- Zədə aldığın an hansı hissləri keçirdin?
- Onu sözlə başa salmaq çox çətindir. Dizimdə içəridən nəyinsə qopduğunu, zədəmin çox ciddi olduğunu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağımı hiss etdim.
- Xəyallarındakı klub hansıdır?
- Hər bir futbolçunun xəyalından Avropanın güclü komandalarında oynamaq keçir. Mən də belə bir klubda çıxış etməyi arzulayıram. Ad da çəkə bilərəm: "Real Madrid", "Çelsi"... Əlbəttə, bunun elə-belə, asan bir iş olmadığını bilirəm. Öz üzərimdə çox çalışmalıyam.
- Dünya futbol ulduzlarından ən çox kimi bəyənirsən?
- Hazırda "Çelsi"də çıxış edən Eden Azarın çıxışlarını daha çox bəyənirəm. Nə zamansa onun kimi oyunçu olmaq istərdim.
- Futbolçu olmasaydın, hansı peşəni seçərdin?
- Futbola gəlməmişdən öncə cüdo ilə məşğul olmuşam. Müəyyən uğurlar əldə etmişdim. Məşqçim mənə çox inanırdı. İstəmirdi ki, cüdonu tərk edim. Amma çox həvəsli olduğumdan, futbola gəldim. Futbolçu olmasaydım, yəqin ki, cüdoçu olardım.
saytlarin hazirlanmasi