Müşahidə Şurası və "Real" nümunəsi ilə bağlı Çingiz Abdullayev üçün QEYD

16:25 - 7 May 2015

Onu bilərəkdən səhv istiqamətləndirirlər?

 

“AFFA-nın qərarı var ki, bütün klublarda Müşahidə Şurası yaradılmalıdır. Bəzi klublar deyir eləməyəcəyik. Başa düşmürəm ki, bunlar niyə belə edir? "Real Madrid" kimi klubda Müşahidə Şurası var, ancaq bəziləri bunu istəmirlər. Bir nəfərin cibindən pul paylamaq vaxtı keçib. Rövnəq müəllim də deyib ki, klub bir nəfərdən asılıdırsa, bu, uğurlu olmur” – bu fikirlər “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə məxsusdur. O, bunları report.az saytına müsahibəsində deyib.

 

Futbolla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan Çingiz Abdullayev “Real”ı nümunə gətirirsə, bunu ona kimsə izah eləyib. Təəssüf ki, bunu ona izah eləyənin özü də futbola çox yad adamdır. Elə isə, bu məsuliyyəti üzərimizə götürüb, Çingiz Abdullayev üçün bu mövzuda bəzi qeydlər eləmək qərarına gəldik.

 

Bəli, futbolda bir nəfərin cibindən pul paylamaq, bir nəfərdən asılı olmaq dövrü keçib. Bu, Rövnəq Abdullayevin fikirləri deyil, bunu maliyyə “fair-play” qaydaları tələb edir. Həmin maliyyə ədaləti qaydalarının əsas tələbi odur ki, heç bir klub qazandığından artıq pul xərcləyə bilməz. Çox uzağa getmək lazım deyil, elə buradaca həmin maliyyə ədalətinin Azərbaycanda keçərli olmadığı açıq-aşkar ortaya çıxır. Bütün dünyada klubların əsas gəlir mənbəyini teleyayımdan və stadiondan (bilet və s. satışla) gələn gəlirlər təşkil edir. Bizdə isə bunların heç biri yoxdur. Faktiki olaraq, klublarımızın qazanc yeri yoxdur, hamı sponsorun (dolayısı ilə həmin sponsor şirkətin başında oturan şəxsin) əlinə baxır. Təəssüf ki, hələ xeyli müddət bu reallıqdan qurtulmaq mümkün olmayacaq. Sadəcə, görüntü xarakterli Müşahidə Şurası yaradılacaq ki, həmin şuralarda da futboldan uzaq,  AFFA rəhbərlərinin dost-tanışları yerləşdiriləcək.

 

Dünyanın ən bahalı klubu olan “Real”a gəlincə isə, birincisi, onlarda Müşahidə Şurası yox, Direktorlar Şurası fəaliyyət göstərir. İkincisi, “Real”da kluba prezident təyin olunmur, onu seçirlər. Seçkilərdə isə klubun 10 mindən çox səhmdarı iştirak eləyir. Mən biləni, sizi “Neftçi”yə seçməyiblər, təyin ediblər, Çingiz bəy. Yeri gəlmişkən, onlarda sizin kimi bir adam heç vaxt klub prezidenti ola bilməz. “Real”ın prezidenti olmaq üçün ən azı klub üzvü kimi 20 illik təcrübən olmalıdır. Bundan başqa, həmin şəxs klub büdcəsinin 15 faizi (2013-cü il seçkilərində bu rəqəm 75 milyon avro təşkil edib) miqdarında bank təminatı təqdim etməlidir. Bir sözlə, boş verin “Real”ı...

 

Sportal.az

Xəbər xətti