"Həmişə deyirdim ki, məğlubiyyətin günahı məndədir, heç bir futbolçunun boynuna atmırdım"
Dünən "İnter"ə 0:4 hesablı məğlubiyyətdən sonra "Neftçi"də Müşahidə Şurasının təcili toplantısı baş tutub. Bu toplantıdan sonra klubun 3 futbolçusu - Elvin Yunuszadə, Mirhüseyn Seyidov və Rauf Əliyev əsas komandadan uzaqlaşdırılaraq transferə çıxarılıb.
Bu məsələyə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Sportal.az-a açıqlamasında münasibət bildirib:
"Elvin, Mirhüseyn və Rauf, bu futbolçuların hər üçü ölkədə kifayət qədər tanınıb, ən əsası da azərbaycanlı balasıdırlar. Bir azdan belə futbolçuları günün günorta çağında şamla axtaracaqlar. Belələrinin qədrini bilmək lazımdır. Rauf bir ildə 3 komanda dəyişib, hər komandada bir-birindən fərqli fəlsəfələr görüb. Onun üçün bu dəqiqə "Neftçi"nin istədiyi futbolu oynamaq çox çətindir. Mirhüseyn "Neftçi" futbol məktəbinin yetirməsidir. Mirhüseyn zədəli olduğu üçün oynamırdı, dünən də 10 dəqiqə oynadı və qırmızı vərəqə aldı, buna görə komandadan uzaqlaşdırırlar, sonra da atırlar eşiyə. Bundan sonra bu futbolçuların yerinə kimləri tapacaqlar?
Hacıyev ötən dəfə mətbuata açıqlamasında "bizim dönəmimizdə məğlubiyyətlərdən sonra toplantı olurdu, lakin Müşahidə Şurası kluba gəldikdən sonra bunu görmürəm" ifadəsi işlətmişdi. Dünən "İnter"ə məğlubiyyətdən sonra ilk dəfə "Neftçi"də Müşahidə Şurası toplandı və qərarlara əsasən 3 futbolçu heyətdən kənarlaşdırıldı. Mütəxəssis Müşahidə Şurasının ilk təcili baş tutan iclası haqda da danışıb:
"İclas edirlər ki, hər insanın səhvini üzünə demək üçün, komandadan adam çıxarmaq üçün yox. Hər oyundan sonra 3 futbolçu komandadan gedəcəksə, axırda kim qalacaq? Mənim vaxtımda da , komanda uduzurdu, amma həmişə deyirdim ki, məğlubiyyətin günahı məndədir, heç bir futbolçunun boynuna atmırdım. Allah köməyləri olsun".
Hacıyev müdafiəçi Elvin Yunuszadənin Arif Əsədova cavab qaytarmasına da münasibət bildirib:
"İki il yarım "Neftçi"də işlədim. Bu müddətdə nə legioner, nə də yerli futbolçu cavab qaytarmadı. Məşqçinin "avtoritet"i, çəkisi olmalıdır. Məşqçi "avtoritet" deyilsə, istənilən futbolçu ona cavab qaytaracaq".
Sabiq baş məşqçi dünən "Neftçi"nin "İnter"ə 4:0 hesablı məğlub olmasına da şərh verib:
"Bir vaxtlar "İnter"i həm evdə, həm də səfərdə udurdum və belə açıqlama vermişdim ki, "İnter" mənim qapazaltımdır". İndi də onlar "Neftçi"dən qisas alırlar. Bizim 3 ildə yığdığımız nüfuzu, indi məşqçilər heyəti bir dəqiqədə xərcləmək istəyindədir"
saytlarin hazirlanmasi