Premyer Liqanın tapıntıları – Vüqar Bəybalayev LAYİHƏ

16:20 - 9 May 2015

22 yaşlı futbolçu artıq bir çox klublarının hədəfindədir

 

Sona yaxınlaşmaqda olan mövsüm bizə yeni-yeni simalar tanıtdırdı. Onların arasında “Bakı”nın müdafiəçisi Vüqar Bəybalayev də var. Sportal.az-ın “Premyer Liqanın tapıntıları” layihəsinin növbəti qəhrəmanı da Vüqardır.

 

Vüqar Bəybalayev 8 yaşından futbolla məşğul olmağa başlayıb. İlk vaxtlar Həsən müəllimin rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Təxminən il yarımdan sonra Tofiq Rzayev onu “Sumqayıt” Uşaq Gənclər Futbol Məktəbinə götürüb. Vüqar daha sonra “Gənclərbirliyi”ndə də futbolla məşğul olub. Onun karyerasında dönüş yaradan məqam isə telekanallarda gedən bir elan olub. Vüqar həmin hadisəni belə xatırlayır:

 

“Bakı” klubunda uşaqlar üçün yoxlanış təşkil edildiyi barədə xəbər gördüm. Bunu atama da dedim və o, məni yoxlanışa apardı. Orada yoxlanışa gələnlərə iki məşq edəndən sonra Məqsəd Yaqubəliyev məni əsas komandaya (öz yaş qrupunda)  keçirdi. Cəmi 1 həftə sonra sənədlərimi istədilər və məni komanda ilə birlikdə Batumiyə toplanışa apardılar”.

 

Özünü yaxşı tərəfdən göstərən Vüqar klubun 17 yaşlılarında, əvəzedici heyətdə, sonra isə birinci divizionda “Lokomotiv”də çıxış edir. Bir müddət yenidən “Bakı”nın əvəzedicilərində oynayan Bəybalayev üçün “Turan” variantı çıxır. O vaxtlar Tovuz klubu Premyer Liqada çıxış etdiyindən Vüqar çox düşünmədən bu təklifi qəbul eləyir.

 

Vüqar Bəybalayev “Bakı”ya Milinko Pantiçin dövründə qayıtsa da, o, bu mövsüm özünü geniş kütləyə tanıtdıra bilir. “Bakı”da müdafiənin mərkəzində peyda olan gənc oyunçu ağıllı oyunuyla qısa zamanda diqqətləri üzərinə çəkir. 22 yaşlı futbolçu artıq bir çox Premyer Liqa klublarının hədəfindədir.

 

Elvin Camalov və Seymur Əsədov kimi Vüqar Bəybalayev də bu mövsüm Premyer Liqanın tapıntılarındandır. Amma siyahımız bu oyunçularla yekunlaşmır. Bizi izləməkdə davam edin.

Xəbər xətti