Vəli Qasımov "Neftçi"nin futbolçularını qeyri-peşəkarlıqda günahlandırdı

11:28 - 12 May 2015

"Peşəkar futbolçuya yaraşmayan hallar baş verir"

 

"Xəzər Tv"də yayımlanan "Futbol Saatı" verilişinin növbəti buraxılışı efirə gedib.

 

Sportal.az xəbər verir ki, verilişin qonağı olan "Neftçi"nin idman direktoru Vəli Qasımov maraqlı fikirlər səsləndirib:

 

"Komandamızın bəzi oyunçuları özlərini nə məşqdə, nə də intizam sarıdan peşəkarlar kimi aparır. Yəni, peşəkar futbolçuya yaraşmayan hallar baş verir. Desən ki, maaş almırlar, düzgün olmazdı. "İnter"ə 3 aydır maaş verilmədiyi halda, "Neftçi"nin futbolçuları bu yaxınlarda həm maaş, həm də mükafat aldılar. Kənardan baxanda bilmirsən ki, niyə belədir? Amma məşqlərə diqqət yetirdikdə, bəzi futbolçuların tam qüvvə ilə çalışmadıqları görünür".

 

İdman direktoru "Neftçi"də ciddi dəyişikliklərin ediləcəyini də açıqlayıb: "Dəyişikliklər bütün mövqeləri və oyun üslubunu əhatə edəcək. Hamı bilir ki, "Neftçi" çempionluğa oynamalıdır. Bu səbəbdən, komandanı bəlkə də yenidən qurmaq, kimisə yola salmaq, kimisə gətirmək lazımdır. Bir sözlə, hər şeyi edəcəyik ki, "Neftçi" yüksək səviyyədə olsun".

Xəbər xətti