Portuqaliyalı məşqçi: "Rəşad Sadıqovu yaxşı xatırlayıram, o, doğrudan da güclü futbolçudur"

19:42 - 12 May 2015

Jorje Andrade: "Meydanda əsl döyüşçü kimi mübarizə aparırdı"
 
Portuqaliya yığmasının sabiq müdafiəçisi, Lissabon "Atletiko"sunun məşqçisi Jorje Andrade Azərbaycan millisinə qarşı keçirdikləri oyunları xatırlayıb.
 
Sportal.az xəbər verir ki, Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Həmin oyunları xatırlasam da, iştirakçısı olmamışam. Sadəcə, həmin görüşlərə canlı baxmışam. Portuqaliyada komandamız asanlıqla qalib gəldi. Amma Bakıdakı görüşdə çox çətinliklə qalib gəldik. Azərbaycan yığması oyuna çox yaxşı başladı. Bizə yalnız rəqib komandanın üzvü qırmızı vərəqə aldıqdan sonra rahat oynamaq mümkün oldu. Düzdür, ona qədər qol vurmağa nail olmuşduq. Lakin "qırmızı"dan sonra yenə fərqlənməyə nail olduq".
 
"Azərbaycan futbolu barədə kifayət qədər məlumatımın olduğunu deyə bilərəm. Dəqiq bilirəm ki, komandanızın kapitanı Rəşad Sadıqov hələ də oynayır. Onu yaxşı xatırlayıram. Çünki doğrudan da güclü futbolçudur. Meydanda əsl döyüşçü kimi mübarizə aparırdı. Berti Foqtsun istefa verdiyini, onu Robert Prosineçkinin əvəzlədiyini də bilirəm".
 
Andrade Azərbaycanda işləmək perspektivinə də toxunub: "Mən istənilən yerdə çalışmağa hazıram. Amma bunun üçün mənimlə maraqlanan komandanı tanımağım lazımdır. Hər şeyi dəqiqləşdirdikdən sonra qərar vermək olar. Azərbaycanda çalışmaq imkanı olsa, çox sevinərəm".

Xəbər xətti