Elxan Məmmədov çətin durumda
“Neftçi” dəyişir. Yaxşılığa, yoxsa pisə doğru dəyişdiyini zaman göstərəcək. Hərçənd, hadisələrin indiki gedişi yaxşı heç nə vəd eləmir. Düzdür, ən azı klub daxilində insanlarda davranış mədəniyyəti formalaşdırılacaq. Daha heç kimi təpik altına salmayacaqlar, heç kim heç kimə qolunun gücünü göstərməyəcək. Ancaq bunlar işin bir tərəfədir. Azarkeşlər isə yeni rəhbərlikdən nəticə gözləyir.
Lakin “Neftçi”nin de-fakto rəhbəri Elxan Məmmədov anlayır ki, “Qarabağ” və “Qəbələ” kimi klubları olan çempionatda nəticə qazanmaq elə də asan olmayacaq. Bu klubların qarşısını almaq üçün artıq iş gedir, 4-5 klubdan ibarət cəbhə formalaşdırılır. Ancaq Məmmədov anlayır ki, heç bu vasitə ilə də “Qarabağ” və “Qəbələ”ni dayandırmaq asan olmayacaq.
Buna görə də, “Neftçi”nin növbəti mövsüm üçün büdcəsi hələ də təsdiqlənməyib, rəhbərlik qərar verməkdə çətinlik çəkir. Bir tərəfdən böyük maliyyə ayırmaq istəyirlər, amma fikirləşirlər ki, nəticə verməsələr, bununla onları istəməyənlərin əlinə tutarlı arqumentlər vermiş olacaqlar. Digər tərəfdən fikirləşirlər ki, az pul ayrılsın və ad qoysunlar ki, futbolçu yetişdiririk və s. Ancaq bunu da azarkeşlərin rahatlıqla həzm edəcəyi inandırıcı deyil. Ona görə də, Elxan Məmmədov “iki daşın arasında qalıb”.
“Neftçi”nin baş məşqçisi Arif Əsədovun gələcəyi də, proseslərin gedişindən asılı olacaq. Büdcə böyük olsa, əcnəbi məşqçi və bahalı əcnəbi futbolçular gətiriləcək. Yox, kiçik büdcə ilə mübarizə aparmağa qərar verilsə, böyük ehtimalla, Əsədov postunda qalacaq və ya başqa bir yerli məşqçi gətiriləcək komandaya. Elxan Məmmədov olan yerdə azərbaycanlıların yaxşı şərtlər altında işləməsinə imkan verilməyəcəyinə dair milli komanda nümunəsi var...
Yaxın günlərdə büdcə ilə bağlı qərar verilməlidir. Bundan sonra hər şeyə aydınlıq gələcək.
Emin ABBASOV
saytlarin hazirlanmasi