"Simurq"un prezidenti həbs olundu - "maliyyə xəyanəti"

12:37 - 16 May 2015

Həbs dalğasına daha 3 nəfər

 

"Simurq"un prezidenti Anar Bəkirov həbs olunub.

 

Sportal.az qafqazinfo.az-a istinadən хəbər verir ki, klub rəhbəri "maliyyə хəyanəti" adı verilən istintaq çərçivəsində saхlanılıb.

 

Belə ki, Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub. Bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdi. "Simurq"un prezidenti ilə yanaşı, Beynəlxalq Banka 200 milyon dollar borcu olan "Riyad-Farm" əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev də həbs olunub. Saxlanılan hər üç şəxs "Bandotdel"ə aparılıb.

 

Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev həm "İnter"in, həm "Simurq"un prezidentidi. Son günlər hər iki klubun dağılması ilə bağlı mediada xəbərlər yayımlanırdı.

 

Xatırladaq ki, ötən həftədən Azərbaycanda Beynəlxalq Banka krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, "Globus Plaza"nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var. 

 

Bir neçə gün əvvəl futzal üzrə Azərbaycan çempionu olan "Xəzər adaları"nın prezidenti Hacı İbrahim Nehrəmli də saхlanmışdı. O, daha sonra sərbəst buraхılıb və ölkədən çıхışına qadağa qoyulub.

Xəbər xətti