Qurban Qurbanov: "Qəbələ" – "İnter" oyununa baxarkan düşünürdüm ki..."

23:00 - 16 May 2015

"Bütün bu çətinliklərdən sonra çempion olduq"
 
“Qarabağ” komandasına aidiyyatı olan hər kəsi çempionluq münasibəti ilə təbrik etmək istəyirəm. Son turlar bir qədər ağır, stressli alındı.  Ümumiyyətlə, ağır mövsüm keçirdik. Çətin mübarizədən sonra çempion olduq. Futbolçular layiqli mübarizə apardılar. Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik. Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"la matçdan sonra çempionluğu rəsmiləşdirdikdən sonra bildirib. O, "İnter"in komandanı sona qədər izləməsindən danışıb:
"Bizi “İnter” kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. “Qəbələ” – “İnter” oyununa baxarkan düşünürdüm ki, “İnter” son saniyələrdə də qol vurmağı bacaran komandadır.  İndi qarşıda bizi Azərbaycan Kubokunun finalı gözləyir.  Həmin matça qədər vaxtımız var. Belə bir şans futbolçunun, məşqçinin əlinə həmişə  düşmür. Vəziyyətdən düzgün istifadə etməyi bacarmalıyıq. Transfer məsəli daima problemli mövzudur. İndiki məqamda bu barədə danışmaq istəmirəm. Bir qədər istirahət edək, daha sonra bu barədə ümumi danışarıq. Sadəcə, deyim ki, çempionluqda hər bir futbolçunun əməyi var. Cari çempionluq mənim üçün daha çətin oldu. Hesab edirəm ki, adı qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir. Çempionluğu necə qeyd edəcəyimizi hələ müəyyənləşdirməmişik. Yəqin ki, belə bir tədbir keçirib, sizi də bu mərasimə dəvət edəcəyik”.  

Xəbər xətti