Emin Abbasov: "Azərbaycan futbolunda ilk növbədə baxışlar dəyişməlidir, yanaşma dəyişməlidir"

14:07 - 18 May 2015

"Müasir futbol çoxdan öz pəncərələrini yeniliklərin üzünə açıb"

 

Arxada qalan futbol mövsümünü ölkəmiz üçün ən bərbad dövr saymaq olar. Foqtslu milli 4 oyundan 0 xalla çıxdı. “Araz-Naxçıvan” çempionatı yarımçıq tərk elədi, “Bakı” kimi iddialı klub 1-ci diviziona yuvarlandı, Mübariz Mənsimovun “Xəzər Lənkəran”ı ağ bayraq qaldırdı, “İnter” və “Simurq” dağılmaq ərəfəsindədir.

 

Sportal.az xəbər verir ki, futbolumuzun indiki durumunu dəyərləndirən jurnalist Emin Abbasov "facebook" hesabında bunları yazıb:

 

“10 illik dövlət proqramının (2005-2015) son ili göstərdi ki, futbolun inkişaf etdirilməsi üçün nəzərdə tutulan vaxt xeyirimizə işləmədi, xərclənən pulların qarşılığı gəlmədi. Milli həmişəki kimi iddiasızdı, çempionatın səviyyəsi də çox aşağı. Bu durumu necə dəyişək?

 

Müasir futbol yeni yanaşma tələb eləyir. Futbolu köhnə, vərdiş etdiyimiz üsullarla idarə etməyin vaxtı keçib, müasir futbol çoxdan öz pəncərələrini yeniliklərin üzünə açıb. Futbol idarəetməsi artıq bir elm kimi qəbul olunmağa başlayıb. Təbii ki, dünya futbolunda tətbiq olunan yeniliklərin çoxu bizim futbola uyğun gəlməyə bilər. Ancaq ağıllı idarəçi odur ki, həmin yeniliklərdən hansının özlərinə uyğun gəldiyini düzgün müəyyənləşdirsin, mümkün yenilikləri özlərinə uyğunlaşdıra bilsin.

 

Azərbaycan futbolunda ilk növbədə baxışlar dəyişməlidir, yanaşma dəyişməlidir. Hər şeydən əvvəl bu oyunu bir sosial layihə kimi qəbul eləmək lazımdır. Məqsəd nəticə qazanmaq yox, azarkeş qazanmaqla nəticəyə doğru getmək olmalıdır. Məhz bu yolla futbol zamanla sosial layihədən biznes layihəsinə çevrilə bilər. Axı, ən ünlü klubların da pulu azarkeşlərdən gəlir. Arxada qalan illər göstərdi ki, futbolumuzda bir çox işlər düzgün aparılmayıb. Və bu yolla davam etmək daha 10 il geri düşməyimizə səbəb olacaq. İnkişaf etmək üçün dəyişmək lazımdır - dəyişək, inkişaf edək!”

Xəbər xətti