"Həmin borclar nə qədər tez qaytarılsa, vəziyyət də bir o qədər tez düzələcək"
Bu həftə də Azərbaycan futbolunda həmişə olduğu kimi maraqlı hadisələrlə yadda qaldı. Onlardan 2-i bir neçə aydır ki, ağır vəziyyətdə olan “Bakı” ilə bağlı idi. Birincisi kluba gələn mövsüm üçün lisenziya verilməməsi, ikincisi isə əvəzedici komandanın Zaqatala səfəri ətrafında yaranan söh-söhbətdir. Xatırladaq ki, cümə axşamı “Bakı”nın əvəzedici komandasını Zaqatalaya aparan avtobusun qəzaya uğraması ilə bağlı mətbuatda xəbər yayıldı. Az sonra isə xəbər təsdiqini tapmadı və məlum oldu ki, komanda ümumiyyətlə, yola çıxmayıb. “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxlayıb həm bu xəbər, həm komandaya lisenziya verilməməsi, həm də digər məsələlərlə bağlı fikirlərini öyrəndik. Yaşar müəllim söhbətə “qəza”dan başladı:
- Komanda səhər tezdən Zaqatalaya yollanmalı idi. Amma avtobusda olan nasazlıq üzündən oyuna gedə bilmədik. Avtobusun qəzaya düşməsi ilə bağlı yayılan xəbərlər şayiədir. Məcburiyyət qarşısında PFL-ə oyunun təxirə salınması ilə bağlı müraciət etdik. Lakin mənfi cavab aldıq.
- Bəs, qəza söhbəti haradan çıxdı?
- Görünür, bizi düzgün başa düşməyiblər. Qəza yox, avtobusda texniki nasazlıq baş verib. Oyuna çata bilməyəcəyimizi nəzərə alaraq yola çıxmamışıq. Fikrimcə, bunu o qədər də şişirtməyə ehtiyac yoxdur.
- Komandanın neçə avtobusu var?
- Uzaq yola çıxmaq üçün 2 avtobusumuz var. Bildim nəyə işarə vurursunuz. Məsələ burasındadır ki, həmin gün axşam əsas komanda da Zaqatalaya getməli idi. Əgər onların avtobusu əvəzediciləri aparsaydı, əsas komandanın gedişi üçün problem yaranacaqdı. Zaqatalaya 6-7 saatlıq yoldur. Əgər oyun Qəbələdə olsaydı, çatdıra bilərdik. Əsas komandanın problem yaşamaması üçün məcbur olub əvəzedici komandanı səfərə göndərmədik.
- “Bakı”ya gələn mövsüm Premyer Liqada iştirak üçün lisenziya verilmədi.
- Həftənin 1-ci günü Apelyasiya Komitəsinə müraciət edəcəyik. Lisenziya üçün hər bir klub 5 əsas kriteriyaya cavab verməlidir. Bütün meyarlarla bağlı sənədləri təqdim etmişik, hamısı qaydasındadır. Problem bank zəmanəti və maliyyə meyarları ilə bağlıdır. Sosial Müdafiə Fonduna və vergi orqanlarına borcumuzun olmaması ilə bağlı sənədlərin hazırlanmasında çətinliklərimiz var. Danışıqlar aparılır, ayın 18-ə kimi bu məsələləri yoluna qoya bilsək, lisenziya almaqda hansısa maneə görmürəm. Sosial müdafiə və vergi orqanlarından çox şey asılıdır. Əgər onlar klubun borclarının müəyyən müddətə bağlanmasına razı olsalar, düşünürəm ki, problem həllini tapacaq.
- Sadalananları həll edə bilsəniz, AFFA-nın “Bakı”ya lisenziya verəcəyinə inanırsınız?
- Sənədlər qaydasında olandan sonra AFFA-nın “Bakı”ya lisenziya verməyəcəyinə inanmıram. Qaydasında olmayacaqsa, o halda danışmağa dəyər.
- Klub lisenziya alsa belə, bu, o demək deyil ki, gələn mövsüm Premyer Liqada mütləq çıxış edəcək? Axı, reqlamentdə komanda sonuncu yeri tutduğuna görə aşağı dəstəyə göndərilir.
- Birincisi, gələn mövsümdə çempionatın reqlamentini İcraiyyə Komitəsi təsdiq etməlidir. İK təsdiqləməlidir ki, hansı komandalar Premyer Liqada iştirak edəcəklər. Lisenziya almaq heç də Premyer Liqada iştirak etmək demək deyil. Reqlamentə gəlincə, onsuz 1-ci dəstədədə reqlament pozulub. Qaydalara görə orada ilk 2 yerin sahibi yüksək dəstəyə vəsiqə qazanmalıdır. O biri komandalara göz yumulursa, “Bakı”ya da güzəştlər olmalıdır. Əgər hər şey qayda-qanun çərçivəsində olacaqsa, obyektivlik qorunacaqsa, o halda deyiləsi sözümüz yoxdur. Heç bir idman strukturu, bazası olmayan komandanın lisenziya alıb “Bakı”nın kənarda qalması nə dərəcədə doğrudur? Bu boyda bazası, idman infrastrukturu, uşaq futbol məktəbi olan klubun çempionatdan kənarda qalmasını heç idman ictimaiyyəti də yaxşı qarşılamaz.
- Söhbət “Kəpəz”dən gedir?
- Yox, bu sözləri ümumi işlətdim. Həmişə demişəm, mən futbol adamıyam, istənilən kəslə futbol dilində danışmağa hazıram və hamıya bildirirəm ki, Yaşar Seyidov kiminsə yox, özünün adamıdır. Sadəcə, qanun pozulursa və buna göz yumulursa, başqalarına qarşı da mövqe dəyişməlidir. Hələlik baş verən prosesləri izləyirik, əsas da sənədləri hazırlayıb lisenziya məsələsini həll etməyə çalışırıq. Əgər “Bakı” lisenziya alaraq Premyer Liqada iştirak edə bilməyəcəksə, o halda xüsusi bəyanatla çıxış edəcəyik, proseslərə münasibət bildirəcəyik.
- Yaşar müəllim, bir qədərdə klubdakı maliyyə problemləri ilə bağlı danışaq. Deyəsən, vəziyyət sabit ağır olaraq qalmaqdadır.
- Əvvəlcə bir məqam barədə fikrimi bildirim. Çoxları, hətta mətbuat da iddia edir ki, “Bakı”nın futbolçularının maaşlarını AFFA ödəyir. Bu, kökündən yanlış fikirdir. Məsələ burasındadır ki, klub bu mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya alanda AFFA-ya bank zəmanət məktubu təqdim edib və orada 500 min manat məbləğ göstərilib. Yəni, əgər maaşların verilməsində problem yaranarsa, bankda saxlanılan pulların hesabına borclar bağlanacaq. İndi klubda maliyyə problemləri yarandığından həmin bank zəmanət məktubu aktivləşib. Bu isə o deməkdir ki, özünün yox, məhz kluba məxsus pullarla AFFA futbolçuların və məşqçlərin maaşlarını verir. Hazırda “İnter” və “Simurq”da da maliyyə problemi olduğundan xəbərdarıq. Futbolçuların maaşlarının ödənilməsində gecikmələr var və əgər klub həmin borcları ödəyə bilməyəcəksə, o halda onların da bank zəmanət məktubları aktivləşəcək.
- Bir müddət əvvəl klubun digər borclarının AFFA tərəfindən ödənilməsi də həmin zəmanətə daxil idi?
- Bu tamam başqa məsələdir. Biz həmişə AFFA-nın klubumuza verdiyi dəstəyi qiymətləndirmişik. Federasiya ilə “Bakı” arasında yaxşı münasibətlər var və gələcəkdə tərəfimizdən bunun qorunmasına çalışacağıq. Doğrudur, bir müddət əvvəl AFFA Leviqa və Tomovskiyə olan borcumuzu ödədi. Həmin vaxt pul yox idi və AFFA-nın bu addımını yüksək qiymətləndiririk. Amma həmin pullar sonradan AFFA-ya qəpiyinə kimi qaytarılıb. Bundan başqa klubun kommunal borclarını ödəyə bilmədiyi vaxtlarda da AFFA işə qarışdı və bizə kömək etdi. Bu gün hamı təbii ot örtüklü meydanların azlığından şikayət edir. “Bakı”nın meydanı təbii öt örtüklüdür və “süni”dən fərqli olaraq onların saxlanması üçün böyük vəsait tələb olunur. Kommunal borclar ödənilməsəydi, həmin meydanlar indi pis günə düşəcəkdi. Düzdür, AFFA həmin vaxt bizə kömək elədi və borclarımızı ödədi. Biz həmin pulları federasiyaya qaytarmadıq. Əvəzində AFFA-nın yerli və beynəlxalq yarışlarında məhz bu meydanlardan və bazamızdan istifadə olundu. Ödəniş olmasa da, göstərdiyimiz xidmətlərlə həmin borcları bağlaya bilmişik. Uzağı az məbləğdə borcumuz qala bilər.
- Əgər çempionatın əvvəlində “Araz Naxçıvan” birincilikdə iştirakdən imtina etməsəydi, AFFA-nın “Bakı”ya qayğı göstərəcəyinə inanardınız? Fikrimcə, AFFA bunları “Bakı”nın da “Araz Naxçıvan”ın aqibətini yaşamaması üçün etdi. Əks halda avrokuboklardakı yerlərdən biri əlimizdən alınacaqdı…
- Bu gün nə biz AFFA-ya, nə də AFFA bizə qarşı hansısa iddia ilə çıxış eləmir. Bayaq da qeyd etdim ki, federasiya ilə isti münasibətlərimiz var və həmişə bu münasibətlərin qorunmasına çalışacağıq. Bizə edilmiş yaxşılıqları heç vaxt unutmarıq. Amma biz də lazım olanda etdiyimiz yaxşılıqları ortaya qoymalıyıq. Bəxtiyar Vahabzadənin bir sözü var – yol həm getmək, həm də qayıtmaq üçündür. AFFA bizə əl tutubsa, bunu nə iləsə bağlamaq düzgün çıxmaz. Çünki biz də lazım olanda kömək əlimzi uzatmışıq və onu şəxsi mənafeyimizlə əlaqələndirməmişik. “Bakı” futbol klubu sıradan klub deyil. “Bakı”nın etdiklərini “Qəbələ”ni çıxmaq şərtilə yaxın 5 ildə heç bir klub ortaya qoya bilməz. İndiki vəziyyətdə “Bakı”nı aşağılamıq, haqqında haqsız, həqiqətə uyğun olmayan fikirlər bildirmək olmaz. Uinston Çörçilin bir sözü var – Böyük İngiltərə naminə düşmənimlə də yola getməyə razıyam. Futbol naminə bu gün “Bakı” klubu və Yaşar Seyidov düşmənləri ilə yola getməy razıdır.
- Bizdə də belə bir məsəl var: “İşinin xatirinə ayıya dayı demək”…
- Mən heç kimə dayı demək fikirində deyiləm. Ancaq bizə edilən yaxşılıqları deməyə borcluyam. Bu gün “Bakı”nın çətin vaxtlarında dost və düşmənlərimizi tanıdıq.
- Hansı çoxdur?
- Əlbəttə dostlar.
- Yaşar müəllim, mətləbdən uzaq düşdük. “Araz Naxçıvan”la suala konkret cavab vermədiniz…
- “Araz Naxçıvan” çempionatda qalsaydı belə, AFFA-nın eyni hərəkət edəcəyini düşünürəm.
- Lisenziya məsələsinə qayıdaq. Yəqin ki, Hafiz Məmmədov vəziyyətdən xəbərdardır.
- Hafiz müəllimlə 3 saata yaxın görüşümüz oldu. Klub prezidenti kimi vəziyyətdən xəbərdardır. Müəyyən məsləhət və tövsiyyələrini verdi. Həftənin 1-ci günü lazım olan bütün işləri görüb, sənədləri hazırlayıb AFFA-ya təqdim edəcəyik. Lisenziya verib-verməyəcəklərini isə… Əgər güzəşt varsa, onda hamıya edilməlidir.
- Son sualım – vəziyyət nə vaxt düzələcək? Ümumiyyətlə, düzələcəkmi?
- Məsələ burasındadır ki, “Bakı”ya borcu olanlar var. Həmin borclar nə qədər tez qaytarılsa, vəziyyət də bir o qədər tez düzələcək. Borclularla danışıqlarımız olub, söz veriblər ki, borclarını tezliklə ödəyəcəklər. “Bakı”nın indiki vəziyyətində buna böyük ehtiyacımız var.
Söhbətləşdi: İlqar TAĞIYEV – “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi