Cahangir Hacıyevin klubu xeyli borclanıb
Uzun illərdir AFFA rəhbərliyi “İnter”in “Simurq”la heç bir bağlılığının olmadığını desə də, Cahangir Hacıyevin işdən çıxarılması hər şeyə aydınlıq gətirdi. Aydın oldu ki, AFFA rəhbərliyi neçə illərdir ki, ağ yalan danışırmış və hər iki klub eyni adamın cibinə baxırmış.
Sportal.az “İnter” klubu ilə bağlı maraqlı xəbər əldə edib. Belə ki, Avroliqaya vəsiqə qazanan “İnter” bu turnirdə çıxış etməyə bilər. Cahangir Hacıyevin istefasından sonra klub futbolçulara xeyli borclanıb. Yerliləri hansısa bir şəkildə razı salmaq olsa da, əcnəbilərin demək olar ki, hamısı FİFA-ya müraciət etməyə hazırlaşır. Borclar verilməsə, “İnter” Avroliqaya buraxılmayacaq. Kifayət qədər böyük məbləğ təşkil edilən borcların hansı maliyyə hesabına bağlanacağı isə böyük sual doğurur. Hər halda “maliyyə xəyanətində” suçlanan Cahangir Hacıyevə ümid etmək yersizdir. Çünki bankir indi elə bir durumdadır ki, onun özünə kömək edən lazımdır.
Digər tərəfdən isə hətta borclar qaytarılsa da, baş məşqçi və aparıcı futbolçuların komandanı tərk edəcəyi dəqiqdir. “İnter” isə heyəti gücləndirmək istiqamətində heç bir iş aparmır. Bu məqam da onu göstərir ki, “İnter” artıq ağ bayraq qaldırıb. Hal-hazırda turnir cədvəlində 5-ci olan “Simurq” da eyni vəziyyətdədir və bu komandaya Avroliqada çıxış etmək üçün lisenziya belə verilməyib. Növbəti pillələrdə AZAL və “Xəzər Lənkəran” qərarlaşıb və hər iki klubun lisenziyası var. Sona 2 tur qalmış rəqibini 4 xal qabaqlayan AZAL çətin ki, bu üstünlüyü əldən versin. Bu isə o deməkdir ki, böyük ehtimalla, “İnter”in əvəzinə Avroliqaya AZAL yollanacaq.
saytlarin hazirlanmasi