AFFA rəsmisi: "İnsafınız olsun, heç olmasa bir günlük reklamdan işə keçin"

11:37 - 19 May 2015

"Uzun illər sponsor üzünə həsrət qalanlar isə bir dəqiqə ərzində sponsor "tapdı"
 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Azərbaycan Premyer Liqasında oynamaq istəyən klubları tənqie edib.
 
Sportal.az xəbər verir ki, AFFA rəsmisi "Facebook"da klubların ucuz reklamla məşğul olduqlarını bildirib: 
 
"Məlumatınız olsun ki, bu gün lisenziya almaq üçün apellyasiyaya müraciət etməyinizin sonuncu günüdü. Ona görə yadınıza salıram ki, bəzi mətbuat səhifələrdə elə haray-həşir qoparır, özünüzü elə reklam edirsiniz ki, 19 mayın son gün olduğunu belə unutmusunuz. KİV-də səslənən fikirlərinizlə tanış olanda, mətbuat işçilərinin çoxsaylı suallarını cavablandıranda, qələm əhlindən olan həmkarlarımla söhbət edəndə daxilimdən gələn yumor hissini bəzən saxlaya bilmirəm. Çünki lisenziya almaq üçün sənədlərini toplayıb apellyasiyaya müraciət etmək əvəzinə biriniz icra hakimiyyətinin qəbulunda saatlarla dayandınız, biriniz Milli Məclisin. Uzun illər sponsor üzünə həsrət qalanlar isə bir dəqiqə ərzində sponsor "tapdı". Əfsuslar olsun ki, bu gün reklam vaxtınız bitir. 9 gün ərzindəki ittiham və iradlarınızı təsdiqləmək, dediyiniz sözün arxasında dayanmaq və iddia etdiyiniz kimi haqqınızı qorumaq üçün heç olmasa apellyasiyaya müraciət edin. Axı sizin qeyd etdiyiniz kimi ilk andan müraciət etdiyinizə və bütün sənətlərinizin qaydasında olduğuna görə mətbuata və azarkeşlərinizin çoxsaylı suallarına bircə cümlə ilə cavab verməkdən bezmişəm: "Bu ana qədər apellyasiyaya heç bir klub müraciət etməyib. İnsafınız olsun, heç olmasa bir günlük reklamdan işə keçin".
 
Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyası 2015-2016-cı il mövsümündə Premyer Liqada iştirak üçün Bakının "Zirə" və Gəncənin "Kəpəz" klublarına icazə verib. Qərardan narazı qalan bəzi klublar, o cümlədən, I divizionun qalibi "Neftçala" apellyasiya verəcəyini bildirsə də, hələlik heç bir addım atmayıb. 

Xəbər xətti