Elxan Məmmədov: "Bu məsələ demək olar, qapanıb" MÜSAHİBƏ

00:35 - 23 May 2015

"Orada AFFA tərəfindən hansısa rəqəm yazılmayıb"
 
Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ”a qızıl, ikinci pillənin sahibi “İnter”ə gümüş medallar təqdim edildikdən sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə müsahibə verib.
 
Sportal.az apasport.az-a istinadən müsahibəni təqdim edir:
 
- Başa çatmaq üzrə olan çempionatla əvvəlkiləri müqayisə edə bilərsinizmi? Əksər mütəxəssislər bu dəfə komandaların zəif çıxış etdiklərini vurğulayırlar. Bəs siz?
- Avrokuboklar zamanı kimin güclü, kimin zəif olduğunu görəcəyik. Orada qeydə alınacaq nəticələr əsasında fikir yürütmək olar ki, bu çempionat əvvəlkilərdən zəif, və ya güclü olub. Avropada müsbət nəticə qazanmaq vacibdi. Keçən il nəticəmiz yaxşı oldu. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində iştirak etdi. “Dnepr”ə baxanda, düşünürük ki, “Qarabağ” finalda olmalı idi.
 
- “İnter” və “Simurq”dakı məlum maliyyə problemləri ilə maraqlanmısınızmı?
- Danışıqlar gedir. Bu danışıqları həm PFL, həm də AFFA rəhbərliyi aparır. “Simurq” rəhbərliyi ilə dəfələrlə danışığımız olub. “İnter”in klubunun prezidenti Georgi Nikolovla da danışmışıq. “İnter” avrokuboklara hazırlaşmalıdı. Hər şeyin qaydasına düşəcəyinə ümid var.
 
- Klublara dövlət tərəfindən 1,5 milyon manat məbləğində yardımın ayrılacağı doğrudurmu?
- Biz də bu haqda mətbuatda oxuyuruq. Bildiyiniz kimi, Dövlət Proqramının müddəti başa çatıb və biz yeni proqramı hazırlayıb hökumətə təqdim etmişik. Orada AFFA tərəfindən hansısa rəqəm yazılmayıb. Bu hökumətin verəcəyi qərardı. Hansısa rəqəmlər qeyd edilməyib. Proqramın müddətinin də neçə illik olacağını hökumət müəyyənləşdirəcək.
 
- PFL prezidenti Ramin Musayev mətbuata müsahibəsində sponsor tapılacağı təqdirdə, Premyer Liqa iştirakçılarının sayının 10-a çatdırılacağını bildirib. Bu mümkündürmü?
- Bu, bizim arzumuzdu. Biz də 12 komandanın iştirakı ilə çempionat keçirmək istərdik. Amma 10 komandaya lisenziya verilib və məsələ demək olar, qapanıb.
 
- Şahin Diniyevi Məşqçilər Komitəsində kim əvəzləyəcək?
- Bunu dünən müzakirə etdik. Şahin Diniyev hələlik “Kəpəz”lə müqavilə imzalamayıb. Sadəcə, baş məşqçi postu ona həvalə edilib. Tez-tələsik onun yerinə kimisə axtarmağımız da etik cəhətdən düzgün çıxmazdı. Qarşıdan həm də yay fasiləsi gəlir. Komitənin sədri Vaqif Sadıqovla da məsləhətləşdik. Yeni mövsümün əvvəlində bu məsləyə aydınlıq gətiriləcək. Yenə deyirəm, Şahin Diniyevlə müqavilə hələ imzalanmayıb.

Xəbər xətti