"Bakı"nın 19 qolundan 15-nin müəllifi niyə milliyə çağırılmır?
Azərbaycan futbolunda o qədər absurd hallar yaşanıb ki, bundan sonra bu ölkənin azarkeşlərini çətin ki, nə iləsə təəccübləndirmək olar. Yalnız təəssüfləndirmək olar ki, bunu da Elxan Məmmədovun “tapıntısı” Berti Foqts artıqlamasıyla edib. Alman qocanı Şotlandiyadan, Nigeriyadan necə qovmuşdularsa, buralardan da elə eyni tərzdə itirdilər. Sadəcə, Nigeriyadan fərqli, bizimkilər bir az abır elədilər, onun pasportuna “deport” möhürü vurmadılar.
Berti Foqtsdan sonra Robert Prosineçki kimi işgüzar adamın milliyə təyin olunması xoş sürpriz oldu. Axı, uzun illərdir ki, AFFA-dakı “futbol bilicilərimizə” başa sala bilmirdik ki, bizə ad yox, işləyən adam lazımdır.
Xorvat mütəxəssis elə gəldiyi gündən əl-qolunu çırmaladı və işə başladı. Bu vaxt ərzində Azərbaycan futbolunda hara baxdıqsa, onu gördük. Görünən odur ki, Robert Prosineçki millidə çox şeyi dəyişmək istəyir. Həm ab-havanı, həm oyun fəlsəfəsini, həm də işə yanaşma tərzini. Yeniliklərə açıq olan, işləmək həvəsi ilə alışıb-yanan Prosineçkini vaxtını Almaniyada keçirən Berti Foqtsla müqayisə eləmək etik cəhətdən də doğru deyil. Ancaq onların iş metodikasında bir ortaq məqam var.
Berti Foqts çox təkəbbürlü adam idi. Bir də görürdün ki, ölkənin ən zəif futbolçusunu gətirib qoyub millinin heyətinə və ya həmin vaxtda ən yaxşı formada olan futbolçuya heç dəvət göndərmirdi. Adam həqiqətin gözünə baxmaqdansa, öz “həqiqətləri” ilə millini idarə eləyirdi. Təəssüf ki, bu oxşar cəhət Robert Prosineçkidə də sezilməyə başlayıb. O, millinin İlk toplanışına “Neftçi”dən heç kimi dəvət etmədi və bunu onların hazırlıqsız olması ilə əlaqələndirdi. Ancaq siyahıda öz klubunda düz-əməlli oynamayan futbolçulara rast gəldik ki, bu məqam xorvatın səmimiyyətinə bir qədər kölgə saldı.
Millinin Serbiya ilə yoldaşlıq, Norveçlə rəsmi oyun üçün açıqlandığı heyətdə yenə qəribəliklər var. Ən böyük qəribəlik “Bakı”nın qol silahı Nurlan Novruzovun milliyə dəvət almamasıdır. Təsəvvür eləyin ki, “Bakı”nın bu mövsüm Premyer Liqada vurduğu 19 qoldan 15-nə Nurlan Novruzov imza atıb, komandanı çiynində daşıyıb. Millidə onun göstəricilərinə sahib ikinci biri varmı? Yox! Müsahibələrinin birində millinin baş məşqçisi demişdi ki, Nurlan onun oyun fəsləfəsinə uyğun gəlmir. Ancaq indiki durumda millidə hücumçu yoxdur. Nurlan Novruzov isə qol duyumu ilə seçilən futbolçudur və onun potensialından yararlanmaq olar. Ən azından onu dəvət eləmək və ondan faydalanmaq üçün məşqlərdə müxtəlif variantlar üzərində çalışmaq olardı. Ancaq Prosineçki bunu etmək istəmir. O, Foqtsun üslubundan yararlanmaq qərarına gəlib. İstəmirəm, qurtardı getdi. Lakin bu eqoist yanaşma Prosineçkiyə yaraşmır. Axı, o, Foqts kimi köhnə təfəkkürlü, tutduğunu buraxmayan adam təsiri bağışlamır kənardan. O, peşəkardı, peşəkar isə hər vəziyyətdən komandası naminə maksimum xeyir götürməyə çalışmalıdır.
Nurlan Novruzovun milliyə çağırılmaması ilə bağlı daha bir versiya kiminsə onun yolunu kəsməsidir. Deyilənə görə, Elxan Məmmədovdan xahiş ediblər ki, Nurlan milliyə çağırılmasın. Düzü, bu variant bir qədər inandırıcı deyil. Ancaq Robert Prosineçkinin yersiz inadı şübhələr açır. Axı, Robert Prosineçki doğru-dürüst izah verə bilmir – Nurlan Novruzov niyə milliyə çağırılmır?
SPORTAL.AZ
saytlarin hazirlanmasi