İşçilərin adına külli miqdarda kredit götürülüb
Son zamanlar ölkə gündəmini zəbt edən “Cahangir Hacıyevin işi” ilə bağlı yeni-yeni faktlar üzə çıxır. Ölkənin bir çox oliqarxları “bandotdel” əməkdaşları tərəfindən saxlanılır, onlardan ifadə alınır, dövlətdən oğurladıqları pulların geri qaytarılması tələb olunur.
“Kredit qalmaqalı” futbol sahəsindən də yan keçməyib. Xatırlayırsınızsa, bir müddət əvvəl “Simurq” klubunun prezidenti Anar Bəkirov da istintaqa cəlb olunmuşdu. Bu da səbəbsiz deyilmiş. Sportal.az “Simurq” klubunda yaşanmış maliyyə saxtakarlığı ilə bağlı şok faktlar əldə edib. Məsələ burasındadır ki, klubun Zaqataladakı bazasında işləyən sıravi içşilərin adına Beynəlxalq Bankdan külli miqdarda kreditlər götürülüb. Saxtakarlığın üstü açılandan sonra isə həmin işçilər də bundan xəbər tutublar. Bizdə olan məlumata görə, bu adamların bəziləri həbsə düşəcəklərindən ehtiyat edirlər. Məsələ ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbərliyindən uzaqlaşdırılandan sonra bir çox iş adamları cinayət məsuliyyətinə cəlb olunublar. Onların kredit vasitəsi ilə xeyli pul mənimsədiyinə dair faktlar üzə çıxıb. Bu adamlar maliyyə xəyanətində suçlanırlar.
saytlarin hazirlanmasi