"İnter" mənə Lorenzonu xatırlatdı
Martın əvvəllərində mətbuatda bir belçikalı azarkeşlə bağlı xəbər dərc edilmişdi. Lorenzo Skunbart adlı həmin insan “Brügge” tərəfdarı idi. “İdi” ona görə yazıram ki, Lorenzo həyatda yoxdur, dünyasını dəyişib. Daha doğrusu, onu öldürüblər. Öz istəyi ilə. Lorenzo xərçəng xəstəsi idi. Son 20 ildə keçirdiyi 37 əməliyyatın demək olar ki, hamısı uğursuz olmuşdu.
Həkimlər ona sağalmağının mümkün olmadığını bildirdikdən sonra Lorenzo zülmlə yaşamağı yox, evtanaziyanı üstün tutmuşdu. Evtanaziya - sağalmaz xəstəlikdən əziyyət çəkən insan və ya heyvanın bədəninə inyeksiya vasitəsilə zəhərli kimyəvi maddənin yeridilməsidir. Bu halda insan və ya heyvan ölümə tez və ağrısız “qovuşur”. Xəbərdəki qeyri-adilik ondan ibirət idi ki, Lorenzo ölümündən əvvəl sevimli komandasının oyununu sonuncu dəfə izləmək üçün həyat yoldaşı və azyaşlı övladı ilə stadiona getmişdi. Klub rəhbərliyi hörmət əlaməti olaraq onlara VİP-loja-da yer ayırmışdı. Martın ilk günü keçirilmiş həmin oyunda “Brügge” “Muskron”a 3:0 hesabı ilə qalib gəlmişdi. “Arzuma çatdım, indi raha ölə bilərəm” deyən Lorenzo alqışlarla “son mənzilə” yola salınmışdı və ertəsi gün evtanaziya olunmuşdu.
Cümə günü Premyer Liqada “İnter” – “Qarabağ” oyununu tribunadan izləyənlər arasında bəndəniz də var idi. Qarşılaşma formal xarakter daşısa da, gözlədiyimin əksinə olaraq maraqlı mübarizənin şahidi oldum. Düzü, son vaxtlar “İnter”in oyunundan, hətta deyərdim ki, öz futbolumuzdan bu qədər zövq almamışdım. “İnter”in sərgilədiyi futbol baxımlı olduğu qədər də insanı kədərləndirirdi. Nədənsə, həmin gün “İnter” mənə Lorenzonu xatırlatdı. Xərçəng xəstəliyindən əziyyət çəkən, asan ölümü seçən, ölümündən bir gün əvvəl sevimli komandası ilə vidalaşan, alqışlarla o biri dünyaya köçən Lorenzonu.
Əksər insanlarda, əsas da bizdə belə bir xüsusiyyət var – ölümünün yaxınlaşdığını bildiyimiz insanlara yazığımız gəlir. Həmin gün “İnter”ə yazığım gəldi. Bu kluba heç vaxt simpatiyam olmayıb. Həmişə apardığı futbol siyasəti əksər həmkarlarım tərəfindən tənqid olunub. Elə mən də “İnter”ə müxalif olanlardan biri idim. Yarandığı gündən həmişə iddialı olmasına, çempionatımıza rəng qatmasına, komanda futbolu sərgiləməsinə və başqa nəsnələrinə… hətta övladlarımın bu klubun uşaq futbol məktəbində oynamasına baxmayaraq, bu komandanı özümə yad bilmişəm. Həmin gün «İnter» mənə çox doğma gəldi. Həqiqətən, elə bil bir doğmamı itirdim. Xərçəng xəstəsi olan, sağalacağına ümid yeri qalmayan doğmamı. Lorenzo kimi “İnter” də meydanı başıuca və alıqşlarla tərk elədi. Bircə qalır evtanaziya olunmağı. Doğrudur, hələ sağdır, yaşayır. Belə yaşamağındansa, evtanaziya yaxşıdır.
İlqar Tağıyev “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi