Klubun bütün əmlakı girovdadır
Bir neçə gün əvvəl xəbər vermişdik ki, “İnter” böyük ehtimalla, bu mövsüm ölkəmizi Avroliqada təmsil etməyəcək. Biz bu xəbəri yaydıqdan sonra digər saytlar da bu mövzuda yazılar yerləşdirməyə, “İnter”in prezidentindən bu barədə fikir soruşmağa başladılar. Gözlənildiyi kimi, klubun prezidenti Georgi Nikolov bu iddiaların əsassız olduğunu dedi. Amma...
“İnter” həqiqətən ciddi təhlükə altındadır. Yaranmış vəziyyət oxucularımız üçün aydın olsun deyə, “İnter”in Avroliqaya yolunu bağlayan səbəbləri araşdırmaq qərarına gəldik və bu məsələdə yeni faktlar üzə çıxdı. İlk növbədə onu deyək ki, “İnter”in futbolçulara külli miqdarda borcu var. Amma borcların hansı maliyyə hesabına veriləcəyi məlum deyil. “Maliyyə xəyanəti” ilə suçlanan Cahangir Hacıyev indi elə vəziyyətdədir ki, onun öz gələcəyi sual altındadır, o ki qalsın “İnter”. Heç “Beynəlxalq Bank” da öhdəliyi yerinə yetirmək gücündə deyil. İndi bank rəhbərliyi qarşısında duran əsas vəzifə oliqarxların bankdan mənimsədiyi pulları geri alıb, ölkə başçısına hesabat verməkdir. Məhz “kredit qalmaqalı” bitəndən sonra bank tam fəaliyyətini bərpa eləyə bilər. Yaxın vaxtlarda isə “Cahangir Hacıyevin işi” ilə bağlı qalmaqalın səngiməsi real görünmür.
Digər tərəfdən “İnter”lə bağlı daha bir şok məlumat əldə etmişik. Sportal.az-ın əldə etdiyi məlumata görə, “İnter”in bütün əmlakı girovdadır. Başqa cürə desək, “İnter” quru yurdda qalıb. Yəni, söhbət yalnız klubun futbolçulara olan borcundan getmir, ortada daha ciddi problemlər var. Avroliqada iştiraka çox az vaxt qalır, problemlərin həlli istiqamətində heç bir iş getmir. Futbolçular bir-bir komandanı tərk edir, yeniləri alınmır, borclar da ödənilmir. Heç şübhəsiz ki, mövsüm sona çatan kimi, pulunu ala bilməyən futbolçular FİFA-ya şikayət edəcəklər. Bu hal baş versə, sanksiyalar qaçılmaz olacaq və “İnter”in Avroliqaya yolu bağlanacaq.
saytlarin hazirlanmasi