İllərin dostluğu
Azərbaycan futbolunda Qurban Qurbanovla Rəşad Sadıqov qədər bir-birinə yaxın olan iki şəxs tapmaq çətindir. Onların münasibətləri barədə çox danışılıb, çox fikir deyilib.
Sizə təqdim etdiyimiz şəkil onların birlikdə futbol oynadıqları vaxtlara təsadüf eləyir. Onların dostluğu da, elə o vaxtlardan başlayıb. Həm millidə, həm də “Neftçi”də çiyin-çiyinə oynayan cütlük futboldan kənarda da, həmişə bir-birinin yanında olub, həm yaxşı, həm də pis gündə. Qurban və Rəşadlı “Neftçi” MDB kubokunda “Pünik” üzərində tarixi qələbə qazanmışdı, hamı ermənilər üzərindəki zəfərə sevinirdi. Bu, ermənilərlə olan qarşıdurmanın görünən tərəfi idi. Həmin oyunun axşamı isə dostlar bir daha ermənilərlə üz-üzə gəlmişdi və bu dəfə meydanda yox. Rəşad Sadıqov bir dəstə erməninin üstünə təkbaşına şığısa da, dava məqamında Qurban Qurbanov dostunu tək qoymamışdı. Onların dostluğu həmin davadan tutmuş bir çox sınaqlardan keçmişdi.
O zamanlardan illər keçsə də, dostlar yenə bir yerdədir. Biri məşqçi, digəri futbolçu kimi. İndi Qurban Qurbanov və Rəşad Sadıqovlu “Qarabağ” çempionluqları sıralayır, Avroliqada adından söz etdirir. Onların sayəsində Azərbaycan futbolunda yeni tarixlər yazılır. Amma...
Bu dostluğa sevinməyənlər, bu dostluğa fərqli yanaşanlar da olub. Bəziləri Qurban Qurbanovun Rəşad Sadıqova aşırı güvənməsini qəbahət kimi təqdim ediblər. Hərçənd, hər bir məşqçinin meydanda lider futbolçusu olmalıdır. Çünki məşqçi hər nə qədər düzgün tapşırıq versə də, əsas məsələ futbolçuların həmin tapşırığı nə dərəcə düzgün icra etməsindən asılıdır. Qurban Qurbanovun Rəşad Sadıqova güvənməsinə gəlincə, çoxları bir məqamı diqqətdən qaçırıblar ki, onlar futbolçu-məşqçidən başqa, həm də yaxın dostdular. Təbii ki, Sadıqov meydanda Qurban bəyin döyünən ürəyi, vuran əli olmalıdır. Əslində, Qurbanovun dostuna güvənməməsi qəbahət olardı... Digər tərəfdən baxanda, Rəşad Sadıqovu həm “Qarabağ”da, həm də millidə bir növ oynayan məşqçi hesab etmək olar. Axı, təcrübəli futbolçu illərin sınağından çıxıb.
Bu şəkildə dostların yanında Zaur Tağızadə də var. Elə bu gün də, Zaur dostların yanındadır. “Qızıl oğlan” həmişə dostlar üçün qızıldan da dəyərli olub. Elçin Rəhmanov şəkildə olmasa da, həm o vaxt, həm də indi dostlarla birlikdədir. Ətrafında olanların hamısı bilir ki, Qurban Qurbanovun yanında olmaq üçün yaxşı işçi olmaq azdır, gərək, həm də yaxşı insan olasan. Bu, Qurbanovun iş yox, həyat fəlsəfəsidir. Elə buna görədir ki, bu gün onun ətrafında hüzurlu insanlar toplaşıb. Və onlar bir ailədir, onları böyük bir bağ birləşdirir – “Qarabağ”!
saytlarin hazirlanmasi