Əgər yaxşı bir klubdan təklif gəlsə, Türkiyədə oynamağı seçərəm
"Neftçi"dən ayrıldıqdan sonra karyerasını harada davam etdirəcəyi maraqla gözlənilən Mirhüseyn Seyidov Sportal.az-ın suallarını cavablandırıb.
- “Neftçi”dən ayrıldıqdan sonra yeni təkliflər varmı?
- Bir neçə variant var,amma çempionatın bitməsini gözləyirəm. Türkiyədən və Azərbaycandan təkliflər var. Perspektivli və baş məşqçisi yaxşı olan komandada oynamaq istəyirəm.
- Azərbaycan, yoxsa Türkiyə? Mirhüseyn hansını seçəcək?
- İndi bu barədə heç nə deyə bilmərəm. Əgər yaxşı bir klubdan təklif gəlsə, Türkiyədə oynamağı seçərəm.Söhbət maddi tərəfdən getmir. Oynaya biləcəyim, perspektivli, təcrübəli bir baş məşqçinin olduğu kluba getmək istəyirəm.
- Mətbuatda deyilənlərə görə 3 futbolçunun “Neftçi”dən kənarlaşdırılmasının səbəbi intizamsızlıqdır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirmir, məşqlərə vaxtı-vaxtında gəlmirlər. Bu barədə nə deyə bilərsən?
- Əgər intizamszlıq etdiyimi deyirlərsə, yaxşı olardıki bu barədə baş məşqçi Arif Əsədovdan soruşasınız. Arif müəllim özü təstiqləyər. Heç bir intizamsızlıqdan söhbət gedə bilməz. Klubdan qovulmağımla bağlı qərar “İnter”lə oyundan sonra verildi. Oyunun 89-cu dəqiqəsində qırmızı vərəqə almışdım. Həmin epizoda sonradan baxıldı, düzdür rəqibə təmas var idi, amma qırmızı vərəqə verməmək də olardı. Mənə dedilər ki, ”Neftçi”dən kənarlaşdırılmağının səbəbi intizamsızlıq deyil, baş məşqçinin istədiyi potensialı ala bilməməsidir. Əgər belədirsə, bunu Arif Əsədovun özü bu barədə açıqlama verər. Mən “Neftçi” ilə yenicə 2 illik müqavilə bağlamışdım. Həmin vaxt da baş məşqçi ilə məsləhətləşdim və mənə düşünmədən “müqavilə bağla” demişdi.
- Məntiqlə düşünəndə bu qənaətə gəlmək olar ki, klubda gedən islahatlar köhnə rəhbərliklə əlaqələrin olmasıdır. Səncə belədirmi?
- Bunu hamı deyir. Əgər söhbət Sadıq Sadıqovdan gedirsə tək Mirhüseyn yox komandada qalan gənclər Araz Abdulayev başda olmaqla hamısı təstiqləyər Sadıq müəllimin onlara necə dəstək olduğunu. Biz onu klubda prezident kimi hiss etməmişik,hər zaman bizə dəstək olub. Əgər bizi Sadıq Sadıqova görə “Neftçi”dən qovublarsa, demək istəyirəm ki, heç bir problem yoxdur. Kiməsə qara yaxmaq asandır.Hər şeyi zaman göstərəcək. Hərə öz səhvini boynuna alsa, yaxşı olar. Əgər səbəb intizamsızlıq idisə,mövsümün bitməsinə 3 həftə qalmışdı və mövsüm bitdikdən sonra çıxıb kişi kimi deyərdilər ki, özünə komanda tap.
- Kubokun finalında Qəbələyə sabiq komandanı dəstəkləməyə gedəcəksən?
- Yox, Qəbələyə getməyimə söz vermirəm, amma oyunu televiziyadan izləyəcəm.Neftçinin finala çıxmasında bizim də əziyyətimiz çox olub və finalda oynamaq bizim də haqqımız idi. ”Neftçi”yə uğurlar arzu edirəm, mən də azarkeşlik edəcəm. Heç olmasa mövsümü kubokla başa vursunlar.
saytlarin hazirlanmasi