Kənan Məstəliyev: "Getdiyim bütün "qapı"larda rüşvət və day-daylıq lazım idi" MÜSAHİBƏ

11:00 - 3 İyun 2015

"İdman mətbuatı ictimai-siyasi mətbuatdan milyon dəfə peşəkar, ciddi və təmizdi"

 

Dünən jurnalist, "Zirvə" Beynəlxalq İdman Klubunun mətbuat хidmətinin rəhbəri Kənan Məstəliyevin doğum günüdü. Fanat.az 33-cü yaş günündə bir neçə sualla Kənan bəyə müraciət edib. Sportal.az həmin müsahibəni təqdim edir.

 

Qeyd edək ki, Kənan Məstəliyev 1982-ci ilin iyun ayının 2-də, Sumqayıt şəhərində anadan olub. 1999-cu ildə orta məktəbi bitirib. 1999-2003-cü illər arasında Ali Diplomatiya Kollecinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. 2003-2005-ci illərdə təhsilini davam etdirərək, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin "Maliyyə və kredit" ixtisası üzrə magistr pilləsini bitirib. 2005-2006-cı illərin iyulu arasında həqiqi hərbi xidmətdə olub. 2004-cü ilin iyundan 2008-ci ilin mart ayına qədər "Futbol+" qəzetində müxbir vəzifəsində çalışıb. 2008-ci ilin may ayının 4-də yaradılan "KomandA" qəzetinin təsisçisi olub. 2010-cu ilin 14 dekabrından "Rekord.az" saytının baş redaktorudu. Həmçinin "AAAF İnşaat MMC" və "Zirvə" Beynəlxalq İdman Klubunun mətbuat хidmətinə başçılıq edir.

 

- Kənan Məstəliyev üçün 33 il necə keçdi?

- Çətin sual oldu. Adətən "bir göz qırpımında" cavabı verirlər belə suallara. Ancaq məndə belə olmadı. Uşaqlığım çox xoş keçib. Məktəb illərinin sonuna yaxın, sonra da universitet illərində çətinliklərlə üzləşmişəm. Sağ olsunlar, valideynlərim. Məni bu problemlərin ağırlığını yaşamaq imkanı verməyib. Onlarsız, bu mərhələni adlaya bilməzdim. Son illərdə - daha dəqiqi 2007-2011-ci illər isə mənim üçün ən ağır illərdi. Xüsusilə sonlara yaxın çox "dibə vurmuşdum". Həyat yoldaşım həmin günlərdə mənə böyük dəstək oldu. Ailəcə bu mərhələni adladıq. Şükürlər olsun ki, artıq hər şey qaydasındadı.

 

- Jurnalistikaya gəlişin necə alındı?

- "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli gətirib məni. Qəzetin daimi oxucusuydum. Tez-tez məktublar yazır, baş verən hadisələrə öz fikrimi bildirirdim. Deyəsən, yazı tərzim xoşuna gəlmişdi. 2004-cü il mayın 23-də e-mail aldım ondan. Redaksiyaya yaxınlaşmağımı xahiş etmişdi. O qədər sevinmişdim ki, imkanım olsaydı, o e-maildə yazılanları bir kağıza çıxarıb bütün şəhərə paylayardım (gülür).

 

- Bəs niyə öz ixtisasın üzrə çalışmayıb, jurnalistikanı seçdin?

- Çünki bu istiqamətdə getdiyim bütün "qapı"larda rüşvət və day-daylıq lazım idi. İlk mərhələdə qəzetdə sadəcə hobbi üçün çalışırdım. Ancaq sonra anladım ki, yerimi tapmışam. Futbol jurnalistikası mənə çox şeylər verib. Seçimimə görə peşman deyiləm.

 

- Ölkənin bir nömrəli idman qəzeti "Futbol+"dan ayrılıb "Komanda" qəzetini yaratmaq zərurəti hardan yarandı?

- "Komanda" qəzeti Azərbaycan idman jurnalistikasında inqilab etmiş nəşr idi. Biz o vaxt bizə qarşı etinasız münasibətə etiraz etmiş, uşaq yox, yetkin insanlar olduğumuzu göstərmək istəmişdik. Məncə, istəyimizə çata bildik. Həmin dövrdə idman jurnalistikasındakı durğunluğu da məhz biz aradan götürdük. Bir çox ilklər etdik. Ən əsası sözün öz azadlığını tapdığı məkana çevirdik qəzetimizin səhifəsini. "Komanda" idman jurnalistikasının "Azadlıq adası" idi. Heç nəyə baxmadan bütün həqiqətləri tam çılpaqlığı ilə yazır, dəfələrlə böyük təzyiqlərə məruz qalırdıq. Buna baxmayaraq, hər dəfə gücümüzü toplayır, yenidən döyüçşə atılırdıq. Təəssüf ki, ölkədə medianın inkişafına mane olmaq istəyən qüvvələr qalib gəldilər. Ancaq biz işimizi davam etdiririk. Hərəmiz bir tərəfdə olsaq da, mübarizəmiz davam edir. Sona qədər də edəcək. Çünki biz başqa cür yaşaya bilmirik.

 

- Uzun illər mətbuatda çalışdıqdan sonra Ağır Atletika Federasiyasına üz tutdun. Bu qərarı necə verdin?

- Federasiyada qısa müddət işləmişəm. O da bir növ məcburi. Hazırda mətbuat katibi olduğum "Zirvə" Beynəlxalq İdman Klubu ölkə ağır atletikasının şəksiz lideridi. Klub prezidentimiz əsasını bizim idmançıların təşkil etdiyi ağır atletika üzrə bütün yığmaların toplandığı federasiyaya dəstək olmağımı istədi. Mən də bir il ərzində orada mətbuat xidmətinin əməkdaşı kimi çalışdım.

 

- Əvvəllər sən sual verirdin, indi sənə suallar ünvanlanır. İdman mətbuatından sonra ictimai-siyasi mətbuatla işləmək çətin deyil ki?

- Çox çətindi. Çünki tamamilə fərqli dünyaların insanları ilə işləmək məcburiyyətində qalırsan. Bunu bir neçə dəfə demişəm, indi də tam məsuliyyətimlə təkrarlayıram: ölkənin idman mətbuatı ictimai-siyasi mətbuatdan milyon dəfə peşəkar, ciddi və təmizdi. İdman mətbuatının yazılmayan qanunları, bir növ daxili intizam kodeski var. Bu kodeks reketçilik, ifrat yalan yazma, "vurma", şər və böhtan atmanın dərəcəsi çox aşağı salır. Bir növ özümüz-özümüzdən, həmkarlarımızdan utanıb müəyyən səviyyədən aşağı enmirik. Ancaq siyasi mətbuatda kiməsə qarşı kampaniya aparmaq bir norma kimi qəbul olunub. Kənardan baxanlar da buna "çörək qazanır da" deyə reaksiya verirlər. Belə çörəyi necə yemək olar, anlamıram. Üstəlik, savadlılıq dərəcəsində də fərqlər var. Yanıma "reklam" üçün elə adamlar gəliblər ki... E-maili olmayan, kompyuterdə yaza bilməyən, öz saytının adını səhv yazan...

 

- Həyatında ailəndən və işindən başqa önəmli yeri olan "Yuventus" var. Kənan Məstəliyev üçün "Yuventus" nə deməkdi?

- "Yuventus" bir həyat tərzidi, fəlsəfədi. Futbol azarkeşi olmaq ayrı bir xoşbəxtlikdi. "Yuve" isə... "Yuve" mənim həkimimdi. Hər oyundan öncə özümü bu həkimə etibar edib əməliyyata yollanıram. İstəyər xilas edər, istəyər öldürər. Seçim onundu. Ya ağ gün, ya qara gün. Bu klubun tarixindəki ən pis günlərində - haqsız yerə B seriyasına göndərildiyi vaxtlarda bu kluba sevgim ən yüksək həddə olub. Çünki əsl azarkeş dar gündə tanınar. Yoxsa, ÇL-in finalında olan klubun yanında olmağa nə var ki? "Yuventus" ailəmin bir üzvüdü. Onun sevmək, izində olmaq bir insanlıq borcumdu. Öz balamı necə sevirəmsə, kluba sevgim də ondan az deyil.

Xəbər xətti