“Bəlkə də, düşünmək olar ki, “Neftçi” üçün mövsüm uğursuz keçdi”
“Qarabağ” ölkə çempionluğundan sonra Azərbaycan Kubokunun da qalibi olub. Kubokun finalında “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan Ağdam klubu bununla mövsümü “qızıl dubl”la tamamlayıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Oyun istədiyiniz məcrada keçdimi?
- Bizim üçün uğurlu oyun alındı. Çox istəyirdik ki, kubokun da qalibi olaq. Mən öncədən də demişdim ki, matçın sonuna qədər hansısa bir problem yaşaya bilərik. 2:1 hesabı ilə öndə olanda futbolçularda istər-istəməz rahatlıq yarandı. Rəqib xeyli sayda künc və cərimə zərbələri qazandı. Belə oyunlarda bu cür vəziyyətlər çox təhlükəli olur. Artıq 3-cü qoldan sonra futbolçular daha inamlı oynamağa başladılar. Düşünürəm ki, ağır və uğurlu mövsüm keçirdik. Buna layiq idilər. Bu gün də sona qədər nəticəyə oynamağı bacardılar. Lazım olanda tempi yüksəldir, bəzən də azaldırdılar. Həmçinin topla daha çox davranırdılar. Hamısını bir-bir öpürəm.
- Ötən mövsüm səsiniz belə tutulmamışdı. Demək olarmı ki, budəfəki uğur sizə daha şirin gəldi?
- Səsim müsahibə verməkdən tutuldu (gülür).
- Bu gün “Qarabağ” matça tam hakim oldu. Bununla razısınızmı?
- Həqiqətən də, uşaqlar yaxşı oynayıb kuboku haqq etdilər. Özlərini meydançada sərbəst hiss etdilər. Məncə, belə oyun keçirməyimizdə meydança amilinin də rolu oldu. Çünki “Qəbələ”nin çox gözəl meydançası var. Stadionda da ab-hava əla idi. Azarkeşlərimiz daim bizimlə oldular. Bütün bunlar da futbolçulara əlavə motivasiya verir. Bu gün bütün oyunçulardan razı qaldım.
- Hesab 2:0 olandan sonra kuboku qazanacağınıza əmin oldunuzmu?
- Xeyr. Düzdü, hesab 3:1 olandan sonra bir az arxayınlıq yarandı. Amma rəqibin cərimə və künc zərbələrinin sayının çoxalmağa başlaması məni narahat edirdi. Buraxdığımız qolu da gördünüz. Belə oyunlarda istər-istəməz stress çox olur. Şehiç qol epizodunda problem yaşadı. Yalnız final fitindən sonra kubokun sevincini yaşadıq.
- 2:0-dan sonra komandada arxayınlıq hiss etdiniz?
- Arxayınlaşma deməzdim. Müəyyən epizodlarda olurdu. Amma futbolçular özlərini yığışdırırdılar.
- 19 il əvvəlki məğlubiyyətin revanşını aldığınızı düşünürsünüz?
- Belə düşünmürəm. Biz bu gün üçün meydançaya çıxıb mübarizə apardıq. Yalnız qarşımıza qoyduğumuz məqsədə çatmaq barədə düşünürdük. Belə oyunlarda istənilən komanda qalib gələ bilər. Hansısa il bir komanda üçün uğurlu və ya uğursuz ola bilər. Bəlkə də, düşünmək olar ki, “Neftçi” üçün mövsüm uğursuz keçdi. Ancaq bu təhlükə hər birimizi gözləyir. Belə halla üzləşməmək üçün qarşıdakı illərdə ehtiyatlı olmalıyıq. Bunlar futbolun silinməyən qanunlarıdı. “Neftçi” böyük klubdu. İnanıram ki, tezliklə hər birimizi sevindirəcək.
- Bu mövsüm Avropa Liqasının qrupunda oynadınız, çempion oldunuz, kuboku qazandınız. Bunu Azərbayan futbol tarixində bir klub üçün ən uğurlu nəticə saymaq olarmı?
- Belə uğurlar təcrübəmizi daha da artırır, bizi gələcəyə ümidləndirir. Daim nəticəyə oynamağı bacarmalıyıq. Bu mövsüm qazandığımız bu uğurlar bizim məsuliyyətimizi daha da artırır. Çünki bundan sonra daha yaxşı nəticələr tələb olunur. Bu da işimizi həm çətinləşdirir, həm də çoxaldır.
- Bir neçə aparıcı oyunçularınızla yollarınızı ayıracağınız deyilir. Bu amil Çempionlar Liqasında sizə problem yaratmaz?
- Təbii ki, ilk növbədə bu turnirə yaxşı hazırlaşmağa çalışacağıq. O ki qaldı, kimin gedib, kimin qalacağına, bu barədə hələ qərar verməmişik. Yalnız Muarem Muaremin gedişi dəqiqdi. Ümumi planım hazır deyil. Düşündüyüm komanda hələ tam formalaşmayıb.
- Coşqun Diniyev və Vüqar Mustafayevin transferi Namiq Yusifovun komandadan ayrılacağından xəbər vermir?
- Bu transferlərdə əlbəttə ki, limitin də rolu var. Amma biz onları daha çox oyunlarına görə dəvət etmişik. Təbii ki, gedən oyunçular da olacaq. Hər bir futbolçu daim meydançada olmaq istəyir. Təkliflər də olacaq. Bir-iki gün Bakıda olacam. Çalışacam hamı razı qalsın.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi