Abdulbari Gözəl: "Dəvədən böyük fil var"

19:05 - 4 İyun 2015

Tahir Gözəl: "Hələ o vaxt Qurban Qurbanovla görüşəndə bildim ki, bu komandanın gələcəyi var"
 
“Bu uğurlar boş yerə qazanılmayıb. Bir kollektivin zəhmətinin bəhrəsidi”.
 
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl deyib.

 

Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün çempionu “Qarabağ” dünən Qəbələdə Azərbaycan Kubokunun da qalibi olaraq “qızıl dubl” edib. Bununla bağlı bu gün “Azərsun Holdinq”in baş ofisində tədbir keçirilib. Tədbirdə klub prezidenti ilə yanaşı, vitse-prezident Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov iştirak ediblər.

 

Öncə söz baş məşqçi Qurban Qurbanova verilib. O qısa çıxışında hər kəsi təbrik edib: “Hər şey düşündüyümüzdən də yaxşı alındı. Başda klub prezidenti olmaqla, hər kəsi təbrik edirəm. Bizim işimiz meydançada olmalıdı. İnşallah, daha da yaxşı olması üçün əlimizdən gələni etməyə çalışacağıq”.

 

Qurbanovun qısa nitqindən sonra vitse-prezident Tahir Gözəl çıxış edib: “Möhtəşəm bir mövsüm keçirdik. Bunun ən böyük səbəbi gözəl səmimiyyət, paklıqdı. Siz “Qarabağ”a baxanda “Azərsun”u görə bilərsiniz. Hər bir insanın, ölkənin çətin günləri olur. Azərbaycanın çətin vaxtlarında “Azərsun” qiymətləri artırmadı, ölkəyə dəstək oldu. “Qarabağ” on minlərlə insanın zəhmətinin bəhrəsidi. Rəhmətlik Heydər Əliyev Qarabağın həmişə yaşamasını istəyirdi. Bu məqsədlə də klubu prezidentimiz Abdulbari Gözələ həvalə etdi. O da bu klubun idarəçiliyini bir oğlu kimi mənə tapşırdı. Əlimdən gələni etdim ki, bu işi layiqincə görüm. Hələ o vaxt Qurban Qurbanovla görüşəndə bildim ki, bu komandanın gələcəyi var”.

 

Son olaraq isə prezident Abdulbari Gözəl fikirlərini bölüşüb: “Dəvədən böyük fil var. Fillərin savaşına da eyni əzmlə getmək lazımdı. “Qarabağ” artıq yavaş-yavaş Azərbaycan həddini keçib, beynəlxalq səviyyəli komandaya çevrilib. Qarabağa edilən ədalətsizlik təkcə iki ölkənin müharibəsi deyil. Burda başqa əllər də var. Təəssüf ki, o qüvvələr bu atəşi elə yandırdılar ki, qarşısındakı da bilmədi ki, gələcəyini qaraldır. İndi baxın Azərbaycan hansı səviyyədədi. Türkiyəyə boru xəttinin çəkilməsi Azərbaycanı başqa yerə gətirdi. Allah Heydər Əliyev kimi lideri yetişdirdi, o da Azərbaycanın gücünə güc qatdı. Avropa Oyunları Bakıda başlayacaq. Bu, sadə bir iş deyil. Azərbaycan burda mədəniyyətini, birliyini göstərdi. İdman sahəsində bu ölkə artıq adını gözəl hərflərlə yazdırır. Rəhmətlik Heydər Əliyev mənə demişdi ki, al bu klubu apar irəli. Onun davamçısı İlham Əliyev də həmişə bizi dəstəklədi. Heydər Əliyevin mənə verdiyi bayrağı və cənab prezidentin dəstəyini dünyaya daşıdıq. “Qarabağ” heç vaxt qürurlanmaz. Qürurlanmaq Allaha məxsusdu. Bizim üçün bu bayrağı daşımaq şərəfdi. “Qarabağ”ın qələbəsi Azərbaycan üçün də çox  önəmlidi. Bura gəlmişəm ki, kluba təşəkkür edim. İnşallah, fillərlə də savaşacaqsınız. Allah köməyiniz olsun”.

 

Tədbirin sonunda Abdulbari Gözəl həm əsas komandanın çempionluq kubokunu baş məşqçi Qurban Qurbanov, həm də U-16 komandasını çempion etmiş Samir Musayevlə birlikdə kuboku qaldırıblar.

Xəbər xətti