Prosineçkinin seçiminə SÖZARDI

13:55 - 5 İyun 2015

Belə futbolçunun millidə nə işi var?

 

Bildiyiniz kimi, yığmamızı qarşıda iki oyun gözləyir. Komandamız öncə iyunun 7-də Avstriyada Serbiya millisi ilə yoxlama görüşündə gücünü sınayacaq. Bundan 5 gün sonra isə Osloda daha önəmli matça çıxacaq. Rəqib Avro-2016-nın seçmə qrup matçı çərçivəsində Norveç millisi olacaq. Baş məşqçi Robert Prosineçki artıq heyəti açıqlayıb. Əslində bu yazı ilə xorvatiyalını tənqid hədəfi seçmək istəmirəm. İstəmirəm oxuyanlar desinlər ki, yenə yeri gəldi, gəlmədi yığmanın baş məşqçisini tənqid edirlər. Etiraf edirəm ki, Berti Foqtsla müqayisədə Prosineçkinin açıqladığı heyət daha obyektiv görünür. Məsələn, ukraynalı Popoviçdənsə Aqil Məmmədova dəvət göndərilməsi alqışlanmalıdır. Hay-küylə ulduz səviyyəsinə qaldırılan, amma əslində heç nəyə yaramayan Eddi İsrafilova dəvət göndərilməməsi də tam doğru qərardı. Elvin Camalov, Coşqun Diniyev, Elnur Cəfərov kimi gənclərə şans verilməsi də müsbət haldır. Amma yenə bəzi futbolçuların siyahıda yer alması anlaşılmazdı. 

 

Başlayım Arif  Daşdəmirovdan. Dağıstanlı legioner Malta ilə oyunda heç cürə ümidləri doğrultmadı və matçın ən zəiflərindən oldu. Onun yenidən daha vacib oyuna dəvət alması anlaşılmazdı. Tuğrul Eratın siyahıda yer alması da başadüşülən deyil. Bu futbolçunun “Fortuna"nın son oyunlarında yetərincə oynamaq şansı qazanmaması, meydançaya daha çox qarşılaşmanın son dəqiqələrində daxil olması onun yığmada oynayacaq səviyyədə futbolçu olmadığını göstərir. Üstəlik, nəzərə alaq ki, Erat legionerdi və oynadığı klubda əsas heyət oyunçusu deyil. Yerli futbolçulardan “iki baş” üstün olmalı olduğu halda qat-qat zəifdir. Belə futbolçunun millidə nə işi var? Deməli, burda başqa səbəblər var. Deyilənə görə, AFFA-nın baş katibi Elxan Məmmədov bu futbolçunu iddialı klublarımızdan birinə sırımaq istəyir və yığmaya da bu səbəbdən dəvət alır.

 

Daha bir anlaşılmaz məqam Ruslan Qurbanovla bağlıdır. “Neftçi"dən “Hayduk"a bəh-bəhlə gedən, amma Xorvatiya klubunun ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən, mövsümün sonunda da komandadan göndərilən dağıstanlı futbolçunun hansı məntiqlə yığmaya dəvət alması çox maraqlıdır. Görəsən, Prosineçki Ruslanı kimin təkidi ilə düşərgəyə çağırıb? Yoxsa Foqts kimi, xorvatiyalı da baş məşqçiliklə paralel olaraq menecerliklə məşğuldur? İnanın, adamın ağlına hər cür fikir gəlir. Prosineçki öncə Qurbanovu Xorvatiyaya göndərdi. Hər halda, çoxları belə düşünür ki, Ruslanı “Hayduk"a Prosineçkinin şəxsi nüfuzundan istifadə edərək göndərmişdi. Çünki bu futbolçunun oyununu çox bəyənir, hələ “Neftçi"nin heyətində oynayarkən onu xüsusi olaraq izləyirdi. Güman ki, “Hayduk"da möhkəmlənməməsinə rəğmən onu yığmaya çağırmaqla gündəmdə saxlamağı, tezliklə yeni kluba keçməsini təmin etmək istəyir. Hər halda, uzun müddətdir ki, oyun praktikası olmayan birinin yığmaya çağrılmasına başqa ad vermək mümkün deyil. Çünki futbol prinsiplərinə görə, Ruslan Qurbanov və onun kimilər yığmaya çağrılmamalıdır.

 

Anar XANLAROV

“Het-trik news” qəzeti

Xəbər xətti