Bu gedişlə onun sonuna elə də çox qalmayıb...
PFL prezidenti rahat nəfəs ala bilər, mövsüm başa çatdı. Başqa vaxt olsaydı, Ramin Musayev indi ağız dolusu çempionatımızın səviyyəsindən, reytinqindən, inkişafdan danışardı. Ancaq özü də başa düşür ki, indi ağzını açsa, onu daşa basarlar.
Axı, necə dansın ki, onun çempionatı it kökündədir. Boykot edən kim, bankrot olan kim, iddiasından çəkilən kim... Rəhmətlik Ramiz Mirzəyevin dövründə olan çempionat hara, indiki hara? Bu gün bizlərə bir-iki kluba baxıb, onların uğuruna sevinmək qalır. Çempionatı it kökünə salan Musayev də zaman-zaman bu klubların uğurlarını öz adına yazmağa çalışır. Onu başa düşmək olar. Axı, nə etsin? Rövnəq Abdullayevin qarşısında hansısa bir işə yaradığını göstərməlidi, ya yox?
Ancaq insafən deməliyik ki, nəyi bacarmasa da, kubokun finallarını təşkil etməyi yaxşı bacarır. Adam demək olar ki, hər il kubokun finalını bayrama çevirə bilir. Di gəl ki, bu dəfə onun bayramına gəlməyi özlərinə əksiklik bilənlər də oldu. Kubokun finalıdır, nə Rövnəq Abdullayev, nə Elşad Nəsirov, nə də Elxan Məmmədov gəlib. Təsadüfmü? Belə təsadüflər olmur. Futbolumuzun içində olanların hamısı bilir ki, Ramin Musayev artıq əvvəlki nüfuzunu itirib. İndi onu saya alan yoxdur. Azərbaycan futbolunda hakimiyyəti ələ keçirən şura höküməti onu tanımır.
Uzun illərdi Əfqan Həmzəyev, Rövşən Əhmədov, Elçin Məmmədov, Ramil Diniyev və adlarını çəkmədiyimiz bir çox hakimlərin əliylə futbolumuzun evini yıxan Ramin Musayevin sonu belə də olmalıydı. Günlərin bir günü Ramin Musayevin səhhəti ilə bağlı istefa verdiyini eşitsəz, heç təəccüblənməyin. Bu gedişlə onun sonuna elə də çox qalmayıb...
Sportal.az
saytlarin hazirlanmasi