Arif Əsədov: "Mövsümü titulsuz başa vurursansa, getməlisən" MÜSAHİBƏ

14:13 - 6 İyun 2015

"Stabil heyət qurmaqda problem yaşayırdıq"
 
"Neftçi" PFK-nın sabiq baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:

- Arif müəllim, ilk olaraq "Neftçi"yə ikinci təyinatınız barədə danışardınız.
- Mən "Neftçi" ilə daha öncə çempionluq yaşamışdım. Bu dəfə isə vəziyyət fərqli idi. Komandanı təhvil alanda artıq 3 tur keçmişdi və turnir cədvəlindəki mövqeyimiz ürəkaçan deyildi. Sonradan tədricən üst pillələrə qalxmağı bacardıq. Qarşıya qoyulan minimum hədəf avrokuboklara vəsiqə qazanmaq idi. Təbii ki, mövsümü azı bir titulla bitirmək niyyətində idik. Amma zaman keçdikcə müəyyən çətinliklər meydana çıxdı. 

- Çətinlik deyəndə konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Əsas problemlərimiz heyətlə bağlı idi. Zədəli və cəzalı futbolçuların çoxluğu çətinlik yaradırdı. Üstəlik, ehtiyat qüvvəmiz də yox idi. Bütün bunları əvvəldən görürdük. Qış fasiləsində də komandanın güclənəcəyini gözləyirdik. Amma bu, baş vermədi. Davamlı olaraq heyətdə dəyişiklik etməli olurduq. Stabil heyət qurmaqda problem yaşayırdıq. Halbuki iki cəbhədə mübarizə aparmaq üçün iki bərabər səviyyəli heyətə malik olmalısan.

- Mövsüm boyu istər azarkeşlər, istərsə də ictimaiyyətdə müəyyən təzyiqlərlə qarşılaşırdınız.
- Hər bir azarkeş komandasının uğur qazanmasını istəyir. Elə məşqçi də çalışır ki, karyerası titullarla zəngin olsun. Təzyiqlərin olması da bizim işimizin bir hissəsidir. Bununla belə başladığımız işi yarımçıq qoya bilməzdik. Doğrudur, biz çempionatda liderdən çox geri qalırdıq, amma digər cəbhədə iddiamızı davam etdirirdik. Komandanı ölkə kubokunun finalına qədər gətirib yarı yolda qoya bilməzdik. Bütün çətinliklərə baxmayaraq həlledici oyunda komandanın yanında olmalıydım.

- Mövsümü titulla başa vurmaq mümkün olmadı və "Neftçi" ilə yollarınız ayrıldı.
- Dediyim kimi, "Neftçi"də daha öncə də çalışmışam və bilirəm ki, bu klubda qarşıya qoyulan tələblər daha böyükdür. Burada mövsümü titulsuz başa vurursansa getməlisən. Kubokun finalından sonra bu addımı atacaqdım. Sadəcə, matçdan sonra mətbuat konfransı olmadı. Baş məşqçi olaraq bütün məsuliyyət mənim üzərimdə idi. Düzdür, müəyyən çətinliklərimiz var idi, amma bununla belə "Neftçi"də titul qazanmalısan.

- Arif Əsədov titul qazana bilməsə də, komandaya yeni adlar qazandırdı.
- İtirdiklərimiz müqabilində qazancımız da oldu. Son illərdə "Neftçi"də yeni adları az-az görürdük. Bu mövsüm qapıçı Emil Balayevlə Ruslan Qurbanova bir çox matçlarda şans verdik. Nəticə göz qabağındadır. Rahil Məmmədov əvəzedici heyətdən dəvət olundu və əsas komandanın futbolçuları ilə sağlam rəqabət aparmağa başladı. Mirabdulla Abbasov yaxın günlərdə əsas komandaya cəlb edildi. Fəhmin Muradbəyli, Məqsəd İsayev, Elşən Abdullayev və Samir Məsimovun çıxışında stabillik yaratmağa nail olduq. Bu işlərimizin bəhrəsini yaxın illərdə lap aşkar görəcəyik.

- Arif müəllim, sizə məşqçi karyeranızda uğurlar arzu edirik və inanırıq ki, hələ Azərbaycan futboluna uzun müddət xidmət edəcəksiniz.
- Mən də inanıram ki, "Neftçi" Avropa Liqasında layiqli çıxış edərək azarkeşləri sevindirəcək. Komandaya gələcək yeni məşqçi heyətinə də uğurlar arzu edirəm. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bu klubda işləmək böyük şərəfdir. İnanıram ki, bu komanda hələ çox tarixi qələbələrə imza atacaq.

Xəbər xətti