Ruslan Qurbanovdan yararlanmaq olar
Malta üzərindəki qələbədən sonra Serbiya ilə yoldaşlıq matçındakı məğlubiyyət Prosineçki üçün yaxşı dərs oldu, bir növ onu ayıltdı. Axı, bizim qrupda Malta bir dənədir və digələri üzərində qələbə qazanmaq üçün daha ciddi mübarizə aparmaq gərəkəcək.
Dəfələrlə vurğulamışıq ki, Robert Prosineçkinin oyun fəlsəfəsi Berti Foqtsun üslubundan xeyli fərqlənir. Yəni, Foqts 7-8 müdafiəçini meydana buraxmaqla, qapının toxunulmazlığını qorumağa çalışırdısa, xorvat mütəxəssis millimizdən futbol oynamağı tələb eləyir. Prosineçkinin düşüncələri yaxşıdır, ancaq heyətdə onun istəklərini gerçəkləşdirə biləcək səviyyədə olan futbolçu cəmi bir neçə nəfərdir.
Serbiyaya 1:4 hesabı ilə məğlub olduğumuz oyunda ən böyük çatışmazlıq kimi millidə hücumçu probleminin olduğu göründü. Start heyətində meydana çıxan Məhəmməd Qurbanovun milli səviyyəsində olmadığı açıq-aşkar görünürdü. Uzun illərdir millimizin vuran ayağı olan Rauf Əliyev daha ölkənin əsas komandasına dəvət almır. Çempionatın bombardiri Nurlan Novruzov Robert Prosineçkinin fəlsəfəsinə uyğun gəlmir. Bəs, necə olsun?
Hücum xəttini gücləndirmək üçün Robert Prosineçkinin əlində olan ən yaxşı material Ruslan Qurbanovdur. O, “Hayduk”da heyətə düşməkdə çətinlik çəksə də, həm Malta, həm də Serbiya ilə oyunlar göstərdi ki, bu futbolçunun fiziki durumu heç də pis deyil. Digər tərəfdən Ruslan Qurbanovun hücumçu kimi meydana çıxdığı oyunlar az olmayıb. İstənilən halda, xorvatiyalı çalışdırıcı bu variantı da nəzərdən keçirməlidir. Çünki nəsə etmək lazımdır. Hamı gördü ki, Serbiya ilə görüşün ilk hissəsini 10 nəfərlə oynadıq. Norveçlə də belə olsa, orada bizi yaxşı heç nə gözləməyəcək…
Sportal.az
saytlarin hazirlanmasi