"Özümə inanıram ki, bu yükü qaldıra bilərəm"
"Bakı"nın forvardı və mövsümün bombardiri Nurlan Novruzovun Sportal.az-a müsahibəsi:
- Müsahibələrinin birində demişdin ki, milliyə çağrılmamağınla bağlı baş məşqçi Robert Prosineçkiyə sözünü mövsümün sonunda deyəcəksən…
- Meydanda öz işimi gördüm. Milli komandaya dəvət almamağa gəldikdə isə, kim istəməz yığmada oynamasın. Sadəcə, Prosineçkinin qərarına hörmətlə yanaşıram. Əgər bu gün milli komandaya dəvət almıramsa, səbəb özüməm. Çox çalışmalıyam ki, millinin heyətinə düşüm. İnanıram ki, bu şans bir gün mənə veriləcək və özümü sübut edəcəm.
- Bombardir olduğun zaman milliyə dəvət almadın. Bundan sonra dəvət alacağına inanırsan?
- Əlbəttə, inanıram. Bombardir olmağın sevincini yaşadım, artıq bu sevinci kənarda qoyub növbəti məqsədim üçün çalışacam. Öz üzərimdə işləməliyəm ki, artırım. Məqsədim isə milli komandada oynamaq və ölkəmizi xarici ölkələrdə layiqincə təmsil etməkdi. Əgər bunları bacarsam, ö zaman sevinməyə dəyər. Hələ yolun başlanğıcındayam, çalışacam ki, daha irəli yerlərə gedim.
- Gələcək karyeran haqda nə fikirləşirsən?
- Hələlik istirahət edirəm. Klub rəhbərliyə ilə danışıb məsləhətləşib qərarımı verəcəm. Rəhbərlik də bilir ki, əsas məqsədim ölkə xaricində oynamaqdı və mənə dəstək olacaqlarını bildiriblər. Hələ də hamımız üçün “Bakı”nın aqibətinin necə olacağı bəlli deyil. İnanıram ki, komandam Premyer Liqada qalacaq.
- Mətbuatda komandanın bütün futbolçularının transferə çıxarıldığı barədə xəbərlər gəzir. Sizə bu barədə nəsə deyilib?
- Xeyr, bu barədə nəsə dəqiq deyə bilmərəm. Yəqin ki, bizim futbolçuların xidmətindən istifadə etmək istəyən çox klublar var. Komandamızın hər bir futbolçusu həm oyun, həm də xarakter baxımından böyük komandalarda oynamağa layiqdir. Bu kollektivdən ayrılmaq hər birimiz üçün çətin olacaq.
- “Hammarbü”yə keçidin nə yerdədir?
- Bu məsələ hələ də gündəmdədir. Sadəcə sənədlər baxımından bir az gecikmələr var. Artıq müxtəlif ölkələrdən də təkliflər almışam. Ancaq ölkə xaricində oynamaq istəyirəm. Özümə inanıram ki, bu yükü qaldıra bilərəm.
- Hansı ölkələrdən təklif almısan?
- Bu barədə danışmaq üçün hələ çox tezdir. Müqavilə imzalayanda hamının xəbəri olacaq.
saytlarin hazirlanmasi